Ölkə

"Azərbaycanın sosial-iqtisadi inkişaf proseslərində məşğulluq amili daim ön planda dayanır"

28 İyul 2017 17:46
Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanın sosial dövlət statusunu xarakterizə edən amillərdən biri də sosial-iqtisadi inkişaf proseslərində məşğulluq amilinin daim ön planda dayanmasıdır. Dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkədə uğurlu iqtisadi şaxələndirməyə şərait yaratmaqla, əmək bazarında da inkişaf meyillərinə, əmək resurslarının məşğulluğuna yönələn kompleks tədbirlərin həyata keçirilməsinə təminat yaradıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, davamlı dövlət dəstəyi nəticəsində özəl sektorun daim genişlənməsi, yeni sənaye zonalarının, əmək tutumlu çoxsaylı yeni istehsal və emal müəssisələrinin yaradılması, kənd təsərrüfatının, turizmin, inşaat sektorunun inkişafı və s. nəticəsində son on ildə ölkədə 1,6 milyondan çox, cari ilin 6 ayında daha 122 min yeni iş yeri açılıb: "Bu inkişaf prosesləri nəticəsində sosial-iqtisadi inkişafda mühüm uğurlar olaraq, ölkədə yoxsulluq və işsizliyin səviyyəsinin aşağı səviyyədə (5 faiz civarında) saxlanılmasına nail olunub. Beynəlxalq təsnifata görə, demoqrafik baxımdan cavan yaş strukturuna malik Azərbaycanda gənclərin məşğulluğunun artırılması da diqqətdə saxlanılır. Aparılan məqsədyönlü siyasət gənclər arasında işsizlik səviyyəsinin 9,4%-ə enməsinə səbəb olub. Azərbaycan hazırda gənclər arasında işsizlik səviyyəsinin ən aşağı səviyyədə olduğu ölkələr sırasındadır. Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı"nda 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci yeri tutan Azərbaycan bu hesabata əsasən əmək bazarının səmərəliliyi üzrə 26-cı yerdədir".

Şöbə müdiri sosial rifahda səmərəli vasitə olan məşğulluğun təminatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də işəgötürənlərlə fəal əməkdaşlıq müstəvisində məqsədyönlü işlərin davam etdirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, aktiv məşğulluq tədbirlərinin davamı kimi, 2016-cı ildə Nazirliyin məşğulluq orqanları tərəfindən əlavə olaraq 56 631 nəfər, 2017-ci ilin 6 ayında 33 654 nəfər işsiz və işaxtaran şəxs münasib işlə təmin olunub: "Prezident İlham Əliyevin uğurlu islahatlar kursu dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətin hökm sürdüyü şəraitdə ölkəmizdə sabit iqtisadi inkişaf tempinə imkan verməklə, əmək bazarında da qlobal böhranın təsirlərinin yarada biləcəyi gərginlik risikinin qarşısının alınmasına, bu sahədə sabitliyin qorunub saxlanmasına imkan verib. Eyni zamanda, dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə uyğun olaraq əmək resurslarının məşğulluğunun təmin olunması üçün görülən birgə tədbirlər xüsusi önəm kəsb edib. Bunun əyani göstəricisi kimi, cari ilin 6 ayında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6 faiz azalma özünü göstərib. Həmçinin işsiz statusu verilənlərin sayı müqayisə olunan dövrə nisbətən son 6 ayda 30,8 faiz, işsizlik müavinəti təyin edilənlərin sayı 21,8 faiz azalıb".

E.Babayev qeyd edib ki, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məşğulluq imkanlarının artırılmasında önəmli rola malikdir. Bununla əlaqədar peşə təhsili sisteminin inkişaf etdirilməsi, təhsil və əmək bazarı arasında uyğunluğun təmin edilməsinə yönələn "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" qəbul edilib, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb: "ƏƏSMN-nin aktiv məşğulluq tədbirlərinin istiqamətlərindən biri də işçi qüvvəsinin keyfiyyətinin, əmək bacarıqlarının artırılmasına yönəlib. Misal üçün, yalnız son üç ildə və cari ilin ilk yarımilində nazirliyin xətti ilə 14 mindən çox şəxs əmək bazarında rəqabətqabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Nazirliyin regional peşə tədrisi mərkəzlərinin maddi-texniki imkanları artırılmaqla yanaşı, bu mərkəzlərin şəbəkəsinin genişləndirilməsi işləri də aparılır. Kadr hazırlığının dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə son 5 il ərzində nazirlik tərəfindən ölkədə 350-dək peşə standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib".

Əmək bazarında və ümumən sosial-iqtisadi inkişafda özünüməşğulluq amilinin mühüm rolunu diqqətə çatdıran E.Babayev bu gün Azərbaycanın aktiv məşğulluq tədbirləri sahəsində uğurlu təcrübələrindən birinin də məhz özünüməşğulluğun təminatı ilə bağlı olduğunu vurğulayıb: "Ölkədə son illərdə bu istiqamətdə icra olunan layihələr müsbət nəticələrini vermişdi. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı isə artıq dövlət səviyyəsində və bütün ölkəni əhatə edən, geniş formatda özünüməşğulluq proqramının icrasına əsas yaratdı. Proqramın məqsədi dövlətin maliyyə və institisional dəstəyi ilə işsiz və işaxtaran vətəndaşların ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarının qurulmasına, bununla onların və əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri müqabilində gəlirlərini artırmalarına, biznesə çıxış imkanlarına malik olmalarına şərait yaradılmasıdır".

Nazirlik rəsmisi proqramın Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq şəraitində və dünya praktikasında müvafiq sahədə qəbul olunmuş meyarlara əsasən icra olunduğunu deyib: "İlk mərhələdə proqrama cəlb olunmaq üçün müraciət edənlər arasından bunun üçün potensial imkanları olan şəxslər seçilərək onlar üçün biznesin təşkili kursları təşkil olunub. Kurslar isə BƏT-in baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən aparılıb. Təlim kurslarını bitirmiş və bu kurslar zamanı hazırladıqları biznes-planları uğurlu hesab edilən 1400 nəfər müəyyən olunub. Həmin biznes planların 84%-i kənd təsərrüfatı, qalan hissəsi xidmət, istehsal sahələrinə aiddir. 2017-ci ilin fevralından isə uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərin aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilir. 1400 nəfərdən artıq 860 nəfərədək işsiz və işaxtaran aktivlərlə təmin edilib və proqramın 2017-ci ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur".

E.Babayev diqqətə çatdırıb ki, dövlətin öz vətəndaşının məşğulluğuna və ailə gəlirlərini artırmalarına xüsusi qayğısı kimi, dövlət tərəfindən əvəzsiz olaraq verilən bu aktivlər hesabına həmin insanlar ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını uğurlu şəkildə formalaşdırıblar. Özünüməşğulluq proqramını yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev bu proqramı yenilik, yeni təşəbbüs kimi qiymətləndirib, bunun çox böyük perspektivi və artıq yaxşı nəticələrinin olduğunu vurğulayıb. Dövlətimizin başçısı deyib: "Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fondundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq".

Şöbə müdiri ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinin aktiv məşğulluq tədbirlərinin miqyasının, xüsusən də özünüməşğulluq proqramın əhatə dairəsinin dəfələrlə genişlənməsinə əsaslı təminat yaradacağını vurğulayıb: "Proqram ölkəmizdə işsizlik səviyyəsinin daha da azalmasına imkan verəcək, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafına, ailə biznesinin genişlənməsinə, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin sayının artmasına, iş yerlərinin yaradılmasına mühüm dəstək olacaqdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.