Ölkə

Bakıda supermarketdə "oğru"nu döyüb soyuducuda saxladılar - YENİLƏNİB - VİDEO

28 İyul 2017 23:01
30 Şərh     Baxış: 9 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:01

Dostu ilə marketə gələn müştəri səbəbsiz yerə işgəncəyə məruz qalıb.

Hadisə Xətai rayonunda yerləşən "Freş mart" adlanan marketdə baş verib. Firuz Qəhrəmanov dostu Novruz Sədiyevlə marketdə olarkən onlara deyiblər ki, guya marketdən bahalı təraş ülgücü oğurlayıblar.

İddiaya görə, marketin qadın adminstratoru onlardan 750 manat məbləğində pul tələb edib, verməyəcəkləri təqdirdə mühafizəçilərə döydürəcəyini deyib. Oğurluqda ittiham olunan Novruz Sədiyev əlacsızlıqdan razılaşıb, pul gətirmək üçün evə getmək istəyib.
Novruz Sədiyev bir neçə saat sonra zəng edib deyib ki, deyilən məbləğ çoxdur və düzəldə bilməyib. Xahiş edib ki, dostunu buraxsınlar, pulu düzəldən kimi gətirib verəcək. Bu zaman marketin qadın adminstratoru və mühafizəçilər Firuz Qəhrəmanovdan təzyiq vasitəsi kimi istifadə ediblər.

Uzun müddət soyuducuda saxlanılan Firuz huşunu itirdikdən sonra onu ordan çıxarıblar. Deyir ki, işgəncələr bununla da bitməyib.

Firuzu gecə saatlarına kimi marketdə saxlayıb, pulu ala bilməyəcəklərini görəndə isə buraxıblar. Məsələylə bağlı "Freş mart"a da müraciət etdik. Marketin nümayəndəsinin cavabı isə cavab oldu.

Səbəbsiz yerə kiminsə işgəncəyə məruz qalması və soyuducuda huşu gedənə qədər saxlanılması faktının həqiqətən də olub-olmadığını isə polis araşdıracaq. Çünki Firuz Qəhrəmanov artıq məsələ ilə bağlı polisə müraciət edib. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda supermarketdə  

---------

15:36

Milli.Az bildirir ki, virtualaz.org əməkdaşı Bakı sakini Firuz Qəhrəmanovun mağazada döyülərək soyuducuya salınması ilə bağlı xəbərdə adı çəkilən "Fresh market"ə zəng edib. Marketin özünü təqdim etmək istəməyən nümayəndəsi onlara məxsus mağazada belə hadisənin olmadığını bildirdi.

Məlum oldu ki, F. Qəhrəmanov "Fresh market"də deyil, "Fresh mart"da döyülüb: "Bu gün səhərdən mətbuat nümayəndələri bizə zəng edib bu hadisəni soruşurlar. Bizim marketdə belə hadisə olmayıb. Bu hadisə metronun "Xətai" stansiyasının yanında yerləşən "Fresh mart"da baş verib. Bizim mağaza isə Məhəmməd Hadi küçəsində yerləşir. Bunlar başqa-başqa mağazalardır", - deyə mağaza rəsmisi bildirdi.

O, həmçinin mağazadan oğurluq edən şəxsin döyülməsinə haqq da qazandırdı: "Bizim marketdə olmayıb, amma bizdə olsaydı, mən onu daha betər döyərdim. Çünki mağazadan oğurluq edənə polis heç nə eləmədən buraxır. O da cəzasız qalır", - deyə "Fresh market"in nümayəndəsi vurğuladı.

Bakı sakininin döyərək soyuducuda saxlanması ilə bağlı "Fresh mart"ın rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı.

Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsindən də virtualaz.org-a hadisədən xəbərsiz olduqlarını dedilər: "Bizim məlumatımız yoxdur, sizdən eşidirik. Bizə belə bir şikayət daxil olmayıb".

-----------

12:58

Paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən "Fresh" market rəhbərliyi mağazadan oğurluq edən şəxsi özü cəzalandırıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, təqribən 10 gün öncə Novruz Sədiyev adlı şəxs tanışı Firuz Qəhramanovla bir yerdə adıçəkilən marketdən 3 ədəd bahalı təraş ülgücü oğurlayarkən market işçiləri tərəfindən saxlanılıb. Bu zaman oğurluq edən Novruz Sədiyev pul gətirmək üçün evə yollanıb. Yanındakı Firuz Qəhramanov isə market rəhbərliyi tərəfindən girov saxlanılıb. 

Market rəhbərliyi isə Firuz Qəhramanovu özü cəzalandırmağa qərar verib. Onu saat 18:00-dan saat 23:00-a qədər marketdə saxlayaraq, döydürüb. Daha sonra isə Firuz Qəhramanov marketin toyuq əti saxlanılan soyuducusuna salınıb. 

Faktı dəqiqləşdirmək üçün Firuz Qəhramanovla əlaqə saxladıq. O, "Ölkə.Az"-a açıqlamasında hadisənin doğruluğunu təsdiqləyib. 

F.Qəhramanov market rəhbərliyi tərəfindən döyüldüyünü və zorakılığa məruz qaldığını bildirib:

"Mən marketdən oğurluq etməmişəm. Oğurluğu edən yanımdakı Novruz Sədiyev olub. Kamera görüntülərinə də baxsanız, görərsiniz ki, mən oğurluq etməmişəm. Biz saat 18:00-da marketə girmişik. Çıxanda bizi saxlayıb dedilər ki, siz bahalı təraş ülgücü götürmüsünüz. Onun pullunu da ödəyin. Bizdən 750 manat pul istədilər. Bizdə dedik ki, 3 ədəd təraş ülgücünün qiyməti niyə 750 manat edir? Bundan sonra məni girov saxladılar, Novruz Sədiyev isə pul götürmək üçün sərbəst buraxıldı. Saat 23:00 olmuşdu ki, Novruz hələ də pulu gətirə bilməmişdi. Market işçiləri də məni təhqir etməyə, döyməyə başladılar. Hətta, məni bir neçə saat toyuq əti üçün nəzərdə tutulan soyuducunun içərisində saxladılar. Təsəvvür edin ki, soyuducunu tam gücü ilə işlədirdilər, mən də onun içərisində qaranlıqda az qala donub öləcəkdim". 

F.Qəhramanov məruz qaldığı zorakılığa görə polisə də məlumat verdiyini söyləyib: 

"Zorakılığa məruz qalmağımla bağlı Xətai rayon polisinə market rəhbərliyindən şikayət etmişəm. Çünki marketdə mənim döyülməyim barədə bütün göstərişlərə bir qadın rəhbərlik edirdi. Həmin qadın məni nalayiq söyüşlərlə təhqir edirdi, döydürürdü, əlimi iplə bağlayıb zor tətbiq edirdilər. Soyuducuya salmışdılar, orada "102"-ə zəng etmək istədim, telefon tutmurdu. Bunu biləndən sonra market işçiləri telefonumu da əlimdən aldılar". 

Qarşı tərəfindən mövqeyini öyrənmək üçün marketlə telefon əlaqəsi yaratmağa çalışsaq da, cəhdlərimiz müsbət nəticə vermədi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.