Ölkə

Vidadi Zeynalov və Beytulla Hüseynova HÖKM OXUNDU - 13 il - YENİLƏNİB

27 İyul 2017 12:35
2 Şərh     Baxış: 3 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

----------

12:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

RYTN-nin sabiq Aparat rəhbəri V.Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov da 13 il müddətinə azadlıqdan məhrum olunub.

"Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov 11 il, E.Məmmədov 10 il, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev 5 il müddətinə azadlıqdan məhrum olunublar.

"Azərpoçt" MMC-nin sabiq baş direktoru Q.Bəybalayev isə 3 il müddətinə azadlıqdan məhrum olunub. "Aztelekom" MMC-nin sabiq baş direktoru M.Məmmədov 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. Şərti cəza verilən M.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.

"Aztelekom" MMC-nin baş mühasibi O.Rüstəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində şərti cəza təyin olunan O.Rüstəmov məhkəmə zalından azadlığa buraxılıb.

"Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin keçmiş baş mühasibi S.Hümbətov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində şərti cəza təyin olunan S.Hümbətov məhkəmə zalından azadlığa buraxılıb.

"AzinTelekom" MMC-nin sabiq baş direktoru C.Cəfərov 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində şərti cəza təyin olunan C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

"Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru B.Vəliyev 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində şərti cəza təyin olunan B.Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Bu əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. RYTN-nin mülki iddiası qismən təmin edilib. Bildirilib ki, Vergilər Nazirliyi mülki iddiasını geri götürüb.

--------

11:15

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunur.
 
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.
 
Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin.
 
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
 
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.