Ölkə

Paytaxtın mərkəzində kütləvi dava - Faiq Seyidov təfərrüatları danışdı - VİDEO - FOTO

22 İyul 2017 12:10
0 Şərh     Baxış: 5 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "Riyad" firmasının əməkdaşlarının iştirakı ilə kütləvi dava hələ də müzakirə olunan məsələlər arasındadır. Tərəflərdən hər birinin öz həqiqəti var. Şübhəsiz ki, paytaxtın mərkəzində kütləvi dava və burada iki iş adamının mübahisəsini yoluna qoymağa çalışan mühafizə firmasının əməkdaşlarının iştirakı təlatümlü 90-ları yada salır.

Bir neçə gün əvvəl biz iş adamı Azadxan Xanməmmədovun mövqeyini dərc etmişdik.

Milli.Az xəbər verir ki, bundan dərhal sonra virtualaz.org-un redaksiyasına "Safastore" MMC müraciət edib. Şirkətin təsisçisi Faiq Məmmədov qarşı tərəfin mövqeyindən hiddətləndiyini bildirib. Xatırladaq ki, məhkəmə bu ilin iyun ayının 8-də supermarketə hücumun təşkilinə görə A.Xanməmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Supermarket "Safastore" MMC-yə məxsusdur.

Şirkət eyni zamanda həbs olunmuş şəxsin həyat yoldaşı Əsmər Fətullayevanın və vəkil Ceyhun Yusifovun mövqeyindən narazılığını bildirir. Onun fikrincə, bu şəxslər istintaq hərəkətlərinin aparılmasına mane olur.

Şirkət xatırladır ki, 8 iyun tarixində bir qrup dəstə ilə "Safastore" MMC-nə məxsus supermarketə basqın təşkil edən və hal-hazırda törətdiyi əməlinə görə təqsirli bilinərək barəsəində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş A.Xanməmmədov, onun həyat yoldaşı Əsmər Fətullayeva və təsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov tərəfindən şirkətin təsisçisi Faiq Seyidov haqqında sifariş əsasında şantaj, yalan və böhtan məzmunlu məlumatlar yayılır. "Vəkil C.Yusifov özünü jurnalist adlandıran havadarları ilə bir çox elektron KİV-ə müraciət edərək onlara sifariş əsasında tamamilə yalan yazılar yazdırmaqla, hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq hərəkətlərinə bu və ya digər şantajedici əməllərlə mane olmağa və təsir etməyə çalışır", - müraciətdə deyilir.

Faiq Seyidov

Qeyd olunur ki, iyunun 8-də səhər saat 6 radələrində Azadxan Xanməmmədovun təşkilatçılığı və göstərişi ilə "Riyad" mühafizə xidmətinin 20-dən artıq əməkdaşı Bakı şəhəri, Mir Cəlal küçəsi, 1d ünvanında yerləşən "Safastore" MMC-nə məxsus olan supermarketə basqın edərək, onlarla şirkət əməkdaşını vəhşicəsinə döyərək xəsarət yetiriblər. Hadisə həm supermarketin, həm də baş verən ərazidə yerləşən DİN-in təhlükəsizlik kameralarında qeydiyyata alınıb.

Şirkətin redaksiyamıza ünvanlandığı müraciətdə daha sonra deyilir: "Təəssüflər ki, təkzibedilməz görüntülər ola-ola, ailə üzvləri hadisə haqqında cəmiyyəti çaşdırmaq üçün müxtəlif yalanlara əl atırlar. Belə ki, onlar şirkət tərəfindən videogörüntülərin verilmədiyini və həbsin sifarişçisi olaraq F.Seyidovu günahlandırırlar. Qeyd edək ki, hadisədən dərhal sonra MMC-nin rəhbərliyi tərəfindən AR DİN-nə və AR Baş Prokurorluğuna hücumla bağlı təcili teleqram göndərilmişdir. Açıq şəkildə bəyan edirik ki, istintaq orqanlarına bütün videogörüntülər tam şəkildə təqdim olunmuşdur. Təqdim edilən videogörüntülərdən görünür ki, Azadxan Xanməmmədov 8 iyunu 2017-ci il tarixdə saat 6-da Mir Cəlal küçəsi, 1d ünvanında yerləşən marketə "Riyad" MX-nin əməkdaşlarının müşayiəti ilə daxil olur, öz göstərişlərini verir və işə gələn işçilər işə buraxılmır, daha sonra məlum hadisələr baş verir. Təşkilatçı barəsində həbs qətimkan tədbiri məlum hadisəinin məntiqi nəticəsi olaraq təmin olunmuşdur".

Faiq Seyidovun rəhbərlik etdiyi şirkət bildirir ki, A.Xanməmmədovun 2012-2013-cü illər ərzində yaranmış 1 milyon 800 min manat məbləğində borcunu ödəyə bilmədiyi üçün, həmin borcun 1,5 milyon manatlıq hissəsini övladı Azər Xanməmmədovun adına olan Mir Cəlal küçəsi, 1d ünvanında yerləşən 526 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi ilə əvəzləşdirib. "Sonradan bizə məlum olmuşdur ki, həmin əmlak "Access Bank" QSC-də girovdadır və dələduzluq edərək bu günədək həmin əmlak girovdan azad olunmamış və mənim adıma rəsmiləşdirilməmişdir. Bu hadisə 2014-cü ilin sonlarında baş vermişdir və həmin ərazidə 2015-ci ilin fevral-mart ayından təmir işləri başlanmışdır. Halbuki ailə üzvləri əmlakların 5 ildən çoxdur zəbt olunması yalanıyla cəmiyyəti çaşdırmağa çalışırlar. Bu gün Azərbaycan Respublikasında nəinki 2100, heç 2 kv m ərazini də qanunsuz şəkildə zəbt etmək mümkun deyil. 2015-ci ilin sentyabr ayında marketin açılış mərasimində A.Xanməmmədov şəxsən iştirak etmiş və xeyir-dua vermişdir. Həmin əmlak satılmamışdan öncə A.Xanməmmədov tərəfindən ayrı-ayrı şəxslərə icarəyə verilmişdi. Bu günədək A.Xanməmmədovun bizə 224 min manat ödənməmiş borcu qalmışdır", - müraciətdə deyilir.

Baş vermiş basqın hadisəsindən əvvəl Azadxan Xanməmmədov Binəqədi rayon məhkəməsinə müraciət edərək qeyri-yaşayış sahəsinin boşaldılmasına dair iddia qaldırıb. Müraciətdə qeyd olünür ki, məsələnin daha acınacaqlı tərəfi "məscid tikən xeyirxah iş adamı" kimi özünü qələmə verən şəxsin iddianın təmin tədbiri olaraq böyük məbləğdə vəsaitə satdığı əmlaka həbs qoymaqla marketdə çalışan insanları işsiz qoymağa çalışmasıdır. Daha sonra bildirilir: "Lakin bu ərizə məhkəmənin 12 may 2017-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Bundan sonra həmin şəxs məhkəmə qərardadından şikayət etməmiş və "Riyad" MX-nə yalan vədlər verməklə onları 8 iyun 2017-ci il tarixli kütləvi xuliqanlıq işinə cəlb etmişdir. Bu zaman sual olunmalıdır ki, əgər mühafizəçiləri ora gətirməkdə məqsəd əmlakın mühafizəsi idisə nə üçün bu iş 3-5 nəfərlə deyil, 20-dən artıq əməkdaşla təşkil olunmuşdu?"

"Ailə üzvləri və vəkil tərəfindən məqalələrdə F.Seyidov tərəfindən ailə üzvlərini təhdid etdiyi və hədələdiyi göstərilir. Əgər bunu sübüt edəcək hər hansı bir fakt varsa, niyə müvafiq güc strukturlarına müraciət olunmur? Mətbuata sifariş əsasında ötürülən yazının bütün məqamları yalan və şantajdan ibarətdir. Həbs olunmuş şəxsin böyük qardaşı Əlifağa Xanməmmədov 10 və 13 iyul tarixlərində öz xahişi ilə F.Seyidovla görüşmüş, baş verənlərin günahının qardaşında olduğunu və barışığa gedilməsini xahiş etmişdir. Hətta görüşdə Ə.Xanməmmədov əmlak məsələsinin həllində "qarant olduğunu" bəyan etmişdir", - müraciət müəllifləri davam edirlər.

Şirkətdən bildirilir ki, bu gün ailə üzvləri və vəkili cəmiyyətə yalan məlumatlar təqdim etməklə istintaqın gedişinə bu və ya digər formada mane olmağa və təsir etməyə çalışırlar: "Reket jurnalistlərlə əlbir olaraq şər və böhtan atan vəkil C.Yusifov barədə ölçü götürülməsi üçün Vəkillər kollegiyasına və digər qurumlara müraciət olunacaqdır".

"Artıq 2 ilə yaxındır A.Xanməmmədovun şantaj və böhtanları ilə üzləşmişik. Bütün çirkli əməlləri həyata keçməyən A.Xanməmmədov həbsxandan sifarişlər göndərməklə artıq mətbuat vasitəsiylə məni ləkələməyə çalışır. Bu gün A.Xanməmmədovn yerli banklara 10 milyon manata yaxın kredit borcu vardır ki, devalvasiyadan sui istifadə etməklə 2 ilə yaxındır həmin kreditləri ödəmir və hal-hazırda həm banklar, həm də digər qurumlar tərəfindən ona qarşı məhkəmə iddiaları qaldırılmışdır. Hazırda A.Xanməmmədova qarşı Yasamal rayon məhkəməsində "Bank VTB (Azərbaycan)" ASC-nin iddiasına, Nərimanov rayon məhkəməsində "Acsessbank" QSC -nin kredit tələbinə dair iddialarına baxılır.

Bundan başqa, dələduzluq və etibardan sui istifadə etməklə vətəndaş Poladxan Məməmmədkərimovun Bakı şəhəri, Suraxanı rayonu, Zığ- Suraxanı şossesi, 4-cü km, 1 ünvanında yerləşən, ümumi sahəsi 972.6 kv.m təşkil edən 1,5 milyon manat dəyərində olan əmlak kompleksini ələ keçirmişdir. Hazırda Poladxan Məməmmədkərimovun əmlak tələbinə dair iddiasına Binəqədi rayon məhkəməsinin icraatında baxılır", - müraciəıt bu sözlərlə bitir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Paytaxtın mərkəzində kütləvi dava. Faiq Seyidov təfərrüatları danışdı -1

Paytaxtın mərkəzində kütləvi dava. Faiq Seyidov təfərrüatları danışdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.