Ölkə

Qadın xəyanəti, kişi şiddəti, kasıblıq, qayınana... - AİLƏLƏR NİYƏ DAĞILIR?

20 İyul 2017 18:12
8 Şərh     Baxış: 2 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 faiz təşkil edib.

Dünyanın bir çox ölkəsində boşanmalarla bağlı aparılan sorğular nəticəsində məlum olub ki, cütlüklərin boşanma səbəbləri heç də iqtisadi problemlərlə bağlı deyil. Əksinə, onlar aralarındakı şəxsi əlaqələrin daha çətin olduğunu düşünürlər. Bəs Azərbaycanda boşanmaya səbəb olan faktorlar nələrdir?

Milli.Az lent.az-a istinadən bu mövzunu araşdırmağa çalışıb.

"Ərim imkanlı olduqdan sonra münasibətlərimiz pozuldu"

Psixoloq Elnur Rüstəmov deyir ki, boşanmanın səbəbləri bir çox faktorlarla əlaqədardır. Buna əsas kimi mobil rabitəni, tərəflərin özünün böyümüş olduğu ailə mühitini, özlərinin psixoloji narahatlığını və sair götürmək olar: "Bizdə bəzən psixoloji narahatlıqla  psixiatrik narahatlığı səhv salırlar. Biz bura obsessiv-kompulsiv rozuntuları, konkret fobiyaları, deprressiyanı daxil edə bilərik. Bütün bu sadalananlar zaman keçdikcə ailə münasibətlərinin arzuolunan səviyyədə getməsinə mane olur".

E.Rüstəmov ailələrin problemlərə qarşı dözümsüzlüyünün də boşanma səbəblərindən biri olduğunu dedi: "Məsələn, konkret olaraq 90-cı illərdən bu tərəfə ailə quranlarda bu hal daha çoxdur. Həmin cütlüklər özləri də elə bir ailədə böyüyüblər ki, həmin ailələrdə uşaq sayı azdır. Bu isə uşaq eqosunun yüksək olmasına gətirib çıxarır. Bu zaman valideynlə uşaq arasında emosional bağın çox olması, hər bir xırda konfliktə valideynin müdaxilə etməsinə gətirib çıxarır".

"Boşanma halları gələcək genefondumuza mənfi təsir göstərir", - deyən psixoloq vurğuladı ki, uzun illər ailəli olan cütlüklər də boşanır: "Əgər dünənə qədər ailə qurub 5-6 ay, 1 ildən sonra boşanan cütlüklər vardısa, bu gün 10 ilin, 20 ilin ailəlisi boşanır. Çünki tez dağılan ailələr artıq belə deyək, uzun ömürlü ailələrimizə belə mənfi təsir göstərir".

İqtisadi problemlərin ailələrin dağılmasında hansısa bir rol oynaması ilə bağlı suala isə E.Rüstəmov belə cavab verdi: "Bu, boşanmalar üçün əsas səbəb ola bilməz. Ailə var ki, qadın deyir, ərim imkanlı olduqdan sonra münasibətlərimiz pozuldu. Yəni ailələrin dağılmasına səbəb maddi imkansızlıq deyil. Söhbət insan faktorundan gedir. Əgər münasibətlər yaxşıdırsa, tərəflər bir-birini yaxşı başa düşürsə və anlayırsa, heç bir problem olmaz. Münasibət yaxşı olanda iqtisadi faktor arxa planda qalır. Bu, sadəcə boşanmaya geyindirilmiş bəsit bir "dondur". Əsas cütlüklərin bir-birlərinə olan münasibətidir".

"Milli dəyərlər yeni dəyərlərlə əvəzlənir"

Boşanmalara səbəb olan sosioloji faktorlara toxunan sosioloq Asif Bayramov  boşanmaların ildən-ilə daha da artdığını bildirdi. O hesab edir ki, bunun yalnız sosial yox, həm də psixoloji kökləri var: "Ümumi götürəndə bunlar sosial problem kimi götürülür. Tutaq ki, cəmiyyətin intellektual baxımdan indikindən daha aşağı hesab etdiyimiz dövründə boşanmalar daha az idi. Amma boşanmaların sayı azalmaq əvəzinə artmaqda davam edir. Biz bunun mənəvi, psixoloji və iqtisadi köklərini axtarmalıyıq. Əvvəla, bu, milli dəyərlərin yeni dəyərlərlə əvəzlənməsi deməkdir. Məsələn, Qərbdən Azərbaycana yeni bir şüur forması gələrək buradakı milli şüuru fəth etmək mərhələsindədir. Çünki ailəyə müqəddəs baxan milli dəyərlərimiz ailəyə fərqli baxış ortaya qoyan Qərb baxışından çox fərqlidir. Buna görə də ailəni müqəddəs bir ocaq hesab edən ənənəvi baxış dəyişib. Artıq ailə bütövlükdə həyat problemləri arasında ikinci plana atılıb. Ailənin dağılmasına bilavasitə səbəb olan faktorların aradan götürülməsi üçün hökumətin konkret tədbirlər proqramı olmalıdır".  

"Qadınlar ailədaxili şiddətə məruz qalır"

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova boşanma hallarına əsas səbəb kimi qadınların ailədaxili şiddətə məruz qalmasını göstərir: "Bu gün bizim sığınacaqda 50-yə yaxın qadın var. Bu yaxınlarda gürcüstanlı bir xanım üç uşağı ilə birlikdə sığınacağa müraciət etdi. Əri də ziyalı bir adamdır, amma ailədə məruz qaldığı şiddət səbəbindən bizə sığınıb. Ümumiyyətlə, bizə sığınmaq üçün müraciət edənlərin sayı çoxdur. Amma biz onların hər birini götürə bilmərik. Bəzən evi olmayanlar, yaxud iqtisadi çətinlik çəkənlər də müraciət edir. Bura yataqxana deyil axı. Biz yalnız ailədaxili zorakılığa məruz qalan qadınlara sığınacaq veririk. Müraciət edənləri araşdırırıq. Əgər həqiqətən də onun ciddi problemləri varsa, sığınacaqda ona yer veririk".

"Ən çox qadın xəyanəti boşanmaya səbəb olur"

Həkim-psixoterapevt Orxan Fərəcli hesab edir ki, boşanma hallarına konkret bir səbəblə yaxınlaşmaq olmaz: "Buna bir neçə istiqamətdən yaxınlaşmaq lazımdır. Birincisi, evliliyin illərinə baxırıq. Məsələn, evliliyinin neçənci ilində boşanılıb. Adətən boşanmalara səbəb kimi ən çox xasiyyət uyuşmazlığı göstərilir. Bu isə ümumi bir məsələdir. Xasiyyət uyğunlaşmaması ifadəsi altında həddindən çox fikirlər yatır. Şəxsən bizim müşahidə etdiyimiz boşanma səbəblərindən biri də sosial məişət problemləridir. Məsələn, burada mənzillə bağlı problemlər qabarıqdır. Qayınata-qayınana ilə bir yerdə yaşamaq da bəzi cütlüklər arasında boşanmaya gətirib çıxaran səbəblərdən olur".

O. Fərəclinin sözlərinə görə, boşanmaya ən çox səbəb göstərilən digər bir hal isə xəyanətlə bağlıdır: "Burada alışdığımız klassik kişi xəyanətindən çox, qadın xəyanətinin boşanmaya səbəb olmasının şahidi oluruq. Bu bir faktdır ki, xəyanətlə əlaqədar boşanmaların sayı artıb. Buna həm sosioloji, həm də psixoloji məqamlar şərait yaradır. Psixoloji məqamlara aydınlıq gətirsək görərik ki, xəyanət edən qadınların ən çox işlətdiyi ifadələrdən biri ailədə diqqət, qayğının yerində olmaması, qarşı tərəfin onlara kifayət qədər vaxt ayırmamasıdır". 

Psixoterapevt vurğuladı ki, boşanmalara maddi problemlər də təsir göstərir: "Amma sevindirici haldır ki, Azərbaycan ailələrində həyat yoldaşı ya psixi, ya da fiziki xəstə olan insanların boşanma halı çox azdır. Əksinə, onlara maksimum diqqət, qayğı göstərilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.