Ölkə

10 məcburi köçkün ailəsi Cocuq Mərcanlıya köçürüldü

17 İyul 2017 17:46
0 Şərh     Baxış: 550

Bu gün Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində salınmış yeni qəsəbəyə Biləsuvarda məskunlaşan 10 məcburi köçkün ailəsi köçürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Biləsuvar rayonundakı köçkün şəhərciyində məskunlaşan 25 ailədən 10-u Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə yola salınıb. Daha 10 ailənin sabaha qədər köçürülməsi gözlənilir.
 
Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində prezident İlham Əliyevin sərəncamı ilə 50 mənzil və 100 yerlik məktəb binası tikilib, müvafiq infrastruktur yaradılıb. Yeni salınmış qəsəbəyə ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailənin köçürülməsi nəzərdə tutulub. Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.