Ölkə

Nişanlanacağı gün cənazəsi gəldi - ŞƏHİDİN HƏYAT HEKAYƏTİ - VİDEO

17 İyul 2017 17:14
7 Şərh     Baxış: 3 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Rauf Fəxrəddin oğlu Vəliyevin doğum günüdür.

Milli.Az apa.tv-ə istinadən xəbər verir ki, ailəsi şəhidin 26-cı doğum gününü iki ildir onsuz qeyd edir.
 
24 yaşında şəhidlik zirvəsinə ucalan Rauf Vəliyev Ağdam rayonunun Ayaq Qərvənd kəndində dünyaya göz açıb. Rauf doğulduğu gündən müharibənin acısını yaşamağa başlayıb. 1991-ci il iyulun 17-də anadan olan Raufun ailəsi 2 il sonra köçkünlük həyatı yaşamağa başlayıb. Sonradan kəndə qayıtsalar da, kənd mütəmadi olaraq ermənilərin atəşinə məruz qalıb. Hərbi xidməti başa vurduqdan az sonra Rauf Vəliyev yenidən hərbiyə qayıdıb. 2 ilədək xidmət etdikdən sonra 2015-ci il sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb. Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu - Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
 
Rauf Vəliyev Qərvənd məzarlığında torpağa tapşırılıb. Doğum günündə ailəsi, qohumları və dostları onun məzarını ziyarət ediblər.
 
Raufun sonuncu dəfə telefonda danışdığı şəxs anası Rəhilə Vəliyeva olub. Çünki anası qəhr olası həmin gecənin səhəri günü Raufun sevdiyi qızın evinə elçi gedəcəkdi. Son danışıqlarında Rauf anasına öz həyətlərinin meyvəsini toplayıb əsgər yoldaşlarına göndərməyi xahiş etmişdi: "Səhəri ona "HƏ" almağa gedəcəkdim. Mənimlə telefonla danışırdı, birdən telefon bağlandı. Yenə eyni sözü dedi. "Mama, gələndə meyvə yığ gətir bura, əsgərlərə". Amma səhəri gözləmədi. Bir saat sonra gəldi".
 
Bir saat sonra bayrağa bükülmüş cansız bədəni gəlib Raufun. Amma Vəliyevlər ailəsi Raufun son xahişinə indi də əməl edir, bağlarının meyvələrini yaxınlıqda hərbi xidmət aparan əsgərlərə verirlər: "Allah heç bir anaya göstərməsin. Əsgərlər ölməsin, onlar da mənim balam. Yenə də həmin bağın meyvəsini o uşaqlara verirəm. Bacısı-qardaşı da meyvəni yığıb dururlar yolun kənarında, əsgərlər gələndə verirlər onlara".
 
Təhminə 2 il keçməsinə baxmayaraq, hələ də qardaşının ölümünü qəbul edə bilmir. Kəndin yaxınlığında tez-tez gördüyü hərbçilərdən birinin onun qardaşı olduğuna inanır: "Hər yerdə onun yeri görünür. Onsuz elə bil hər şey əskikdir, yarımçıqdır. Mən dilxor olanda məni güldürürdü. İstəmirdi mən pis olam. Hərdən deyirəm ki, kaş yanımda olaydı. Düzdür, şəhid olub, yeri cənnətlikdir. Amma gözləyirəm. İnanmıram, elə bilirəm gələcək nə vaxtsa".
 
Raufun müəllimi Camal İsmayılov həm də onun dayısıdır. Deyir ki, Rauf tez-tez yuxusuna gəlir. Gələndə isə tək gəlmir, I Qarabağ müharibəsində gedən döyüşlərdə itkin düşən dayısı ilə bir gəlir. Qardaş və bacıoğlu acısı çəkən Camal müəllim hələ də gözünün yolda qaldığını deyir: "Rauf həm bacıoğlu idi, həm də mənim şagirdim idi. Onu çox istəyirdim, həm bacıoğlu kimi, həm də tərbiyəsi çox üstün idi. Gecə də yuxumdan çıxmır. Yuxuda dayı-bala qarşımı kəsirlər ki, sən nə vaxt gəlirsən bizim yanımıza".
 
3 övlad böyüdən, lakin ilkini itirən Fəxrəddin ataya mikrofon uzadanda sanki həyat dayanır. Kim deyir ki, kişilər ağlamaz? Torpaqları işğal olunan, şəhidlərinin qanı yerdə qalan ata qəzəbindən, hirsindən ağlayar. Məmləkətin şəhid övladlarının göylərdə dolaşan narahat ruhları rahatlıq tapmayana günə kimi kişilər də ağlayar: "Fəxr eləyirəm Raufla. Başımı dik tuturam".
 
Şəhid Rauf Fəxrəddin oğlu Vəliyev müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. Allah rəhmət eləsin!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nişanlandığı gün cənazəsi gəldi - ŞƏHİDİN HƏYAT HEKAYƏTİ

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.