Ölkə

"Meyit elə vəziyyətdə idi ki, dərisi əlimdə qalırdı" - FOTO

17 İyul 2017 14:26
1 Şərh     Baxış: 11 254

Milli.Az lent.az-a istinadən Ləman Mustafaqızının yazısını təqdim edir:

Motorlu xilasetmə qayığı suda yırğalana-yırğalana sahildən uzaqlaşır. Qayıqda 4 nəfərik: mən, fotoqrafımız Nicat, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Hövsan sularda xilasetmə məntəqəsinin motorçu-sükançısı Elnur Tağıyev və daha bir xilasedici.

Dəniz suyunun çirkli olmasına baxmayaraq, çimərlikdə xeyli adam var. Sahildən uzaqlaşdıqca bunu daha aydın görmək olur. Bu qədər insanın təhlükəsizliyinə FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 7 xilasedicisi cavabdehlik daşıyır.
 
Onların işi hər gün səhər saat 9-dan axşam 8-ə qədər davam edir. Ancaq xilasetmə məntəqəsində 24 saat növbətçilik aparılır. Məntəqədən 300 metr sağa, sola və dənizə doğru əraziləri nəzarətdə saxlayırlar. Müşahidə qülləsində daim bir nəfər olur. Həm dənizdə üzənlərə nəzarət edir, həm də dənizdə üzmə sərhədini keçməyə cəhd edənlərə səsgücləndiricilərlə xəbərdarlıq edir. Hər saatdan bir müşahidə qülləsində növbə dəyişir.
 
Elnur Tağıyev 9 ildir xilasetmə məntəqəsinin matros-xilasedicisidir. Bu peşəyə həvəs onda yeniyetməlik çağlarında yaranıb. Uşaqlığı elə gördüyümüz bu dəniz sahillərində keçib. Hövsanda böyüyüb. 16-17 yaşı olarkən yanında 13-14 yaşlarında oğlan suda boğulurmuş. O zaman çimərliklərdə indiki kimi müasir xilasetmə məntəqələri, texnika-avadanlıq yoxmuş. 90-cı illərdən danışır.
 
-Üzməyi çox yaxşı bilirdim. Oğlanı boğulmaqdan xilas etdim, məktəbi bitirdim, əsgərliyə gedib-gəldim, özümü bir neçə işdə sınadım, gördüm, yox, mənlik deyil, sonra eşitdim ki, xilasedici kurslarına üzməyi yaxşı bacaran, fiziki güclü gənclərin qəbulu keçirilir. Müraciət etdim, normativləri yerinə yetirdim, qəbul etdilər.
 
Qayığın istiqamətini dəyişib üzü sahilə doğru çevirir və Xəzəri işarə edərək, "ilk iş yerim elə bura olub", deyir.
 
İndiyə qədər 6 insanı ölümdən xilas edib. Əsasən, 20-25 yaşda kişilərin daha çox boğulma təhlükəsi ilə üzləşdiyini deyir. O yaşda insanların daha lovğa olduğundan  dənizdə üzmə sərhədini keçməyə cəhd etdiklərindən şikayətlənir. Uzaqda ağaran sahəni göstərir:
 
-Ora çox təhlükəlidir. Çimərlik ərazisi deyil. Bir neçə adam sırf burda batıb. Daha kimsəyə icazə vermirik bu tərəfə keçsin. Dəfələrlə xəbərdarlıq edirik, geri qayıdırlar, bir qədər sonra baxırıq yenə o tərəfə üzür. Özlərini təhlükəyə atırlar. Çox da üstünə gedəndə deyirlər ki, "Sizin nə işinizə qalıb? Can mənim deyil? Qoy ölüm!". Hələ dənizə sərxoş halda da girənləri demirəm. Ətrafdakı kafelərdən xahiş etmişik ki, sən Allah, sərxoşları dənizə buraxmayın, ya da bizə xəbər edin. Amma nə xeyri?! Üzməyə gəlməyib ha, içki dillərinə dəyən kimi dənizdə çimmək həvəsinə düşürlər. Di gəl, onu dənizdən çıxart görüm, çıxara bilirsənmi?! Çox vaxt polislə çıxarırıq. Polisi formada görüb bir az çəkinirlər.
 
Bunlar azmış kimi çimərliyə it, pişik, at, dəvə gətirənlər də var. Qadağan olunmasına baxmayaraq. Dünən olmuş hadisəni danışır.
 
-Dünən çimərliyi iki it gətirmişdilər. Biri Xaski, digəri Pitbull cinsi. Pitbullu da bilirsiniz yəqin, tutdusa, qopartmasa əl çəkmir. Çənəsi məngənə kimi sıxır. Döyüldükcə daha da hirslənir. Məntəqə rəisimiz Məhəbbət Alıyev gördü, Pitbullun sahibinə xəbərdarlıq etdi ki, ya onun ağzına ağızlıq taxsın, bir də sudan çıxartsın. Xeyri olmadı. İtlə başladı suda çimməyə. Hamı da maraqla baxırdı. Qaydaları pozana cərimə tətbiq edilmir deyə bizim xəbərdarlığımıza əhəmiyyət vermirlər. Bir qədər keçmişdi, aləm qarışdı. Xaski başladı hürməyə, Pitbull da cumdu ona, düz boğazından yapışdı. Güclə çənəsini araladıq. Xaskini qan apardı. Məntəqəyə salıb ilk tibbi yardım etdik, yiyəsi apardı. Yəqin ki, öləcək, Pitbull boğazını üzmüşdü.
 
Sahilə çatırıq. Çimərlikdə iki qadın balaca qızı suda üzdürür. Uşağın 1-2 yaşı olardı.
 
-Kaş hamı belə diqqətli olaydı. Dənizi görüb uşaqlarını unudan o qədər valideyn var!
 
-Necə bəyəm?
 
-O gün 7 yaşında bir uşaq vardı, tək başına üzürdü. Məntəqə rəisi görüb mənə məlumat verdi, yaxınlaşdım uşağa. Adını, yaşını öyrəndim. Əvvəl elə bildim özbaşına gəlib. Olur belə hallar, uşaqlar evdən qaçıb gəlirlər. Anasıyla gəldiyini dedi.
 
Söhbətin bu yerdə məntəqəyə çatırıq. Məntəqə rəisi Məhəbbət Alıyev söhbətə qoşulur.
 
-Hə, onu danışırsan?!
 
Sonra məntəqədəki oturacağı göstərir:
 
-Elnur uşağı gətirdi yanıma. Baxın, elə burda əyləşdirdim. Bir az da söhbətləşdik. Uşaq bilirsiniz nə dedi? "Mən anamın vecinə deyiləm". 7 yaşındakı uşaq e! Anasını tapdıq. Bir kişiylə üzürdü, kefi də yerində. Polis çağırdım. Dedi, çox xahiş edirəm, anasına hələ məlumat verməyək, gözləyək görək nə vaxt uşağı yadına düşəcək. Təsəvvür edirsiniz, çimərlikdə təzə tanış olduğu kişiylə düz 1 saat dənizdə çiməndən sonra uşağı yadına düşdü. Qışqır-bağır salırdı ki, xilasedicilərimiz yaxınlaşıb uşağın məntəqədə olduğunu dedi. Bir deyil, iki deyil, hansını danışaq?!
 
 
Hövsan sularda xilasetmə məntəqəsinin rəisi Məhəbbət Alıyev 7 ildir ki, dalğıc işləyir. Əvvəl Dövlət Sularda Xilasetmə Xidmətinə müraciət edib və işə qəbul olunub. Üzməyi yaxşı bilsə də, əvvəl bu peşəyə yiyələnmək üçün kursa göndərirlər. Peşə üzrə ixtisası tam oxuduqdan sonra faktiki yoxlamadan keçib, normativləri ödəyib, insana, suya qarşı reaksiyası yoxlandıqdan sonra dalğıc kimi fəaliyyət göstərməsi üçün əmri verilib. İlk iş yeri Bakı Mərkəz sularda xilasetmə məntəqəsi olub. 2-3 il orada işlədikdən sonra Bakı dalğıc-axtarış qrupuna təyinat alıb.
 
 
-Xilasetmə məntəqəsində 1 gündə 3 xilas olursa, Bakı dalğıc-axtarış qrupunda 1 gündə 3 axtarış ola bilir. Gərək insan buna psixoloji hazır olsun. Zamanla meyitə olan reaksiyam soyuqlaşdı. İndi adi bir şey kimi qəbul edirəm.
 
 
Baxa biləcəyimi öyrəndikdən sonra telefonda bir neçə gün əvvəl sudan çıxarılmış qadın meyitinin şəklini göstərir. Bədən şar kimi şişib, saçları tamam tökülüb, boğazdan yuxarı qapqara qaralıb. Qoltuq altı əti didilib. Deyir, heyvanlar didib. İlk baxışdan, 30-40 yaşlarında qadına bənzəsə də, 17 yaşıda qız uşağı olduğunu deyir. 
 
 
-Cəsəd 2 gün suda qalıb. 2 günə bu hala düşüb. Baxmayaraq ki, deyilən nişanələr meyitdə vardı, ailəsi soyuq qarşıladı, inanmadılar onların qızıdır. Tibbi ekspertiza təyin edildi, onların qızı çıxdı, sonra qəbul etdilər. Özüm ilk dəfə meyit görəndə qəribə hiss keçirmişdim. Çünki biz təlimdə manikenlərlə məşq edirik. 4-5 ilin hadisəsidir. Onda Bakı Axtarış Dalğıc Qrupunda işləyirdim. "Qaynar Xətt"ə siqnal gəldi ki, Qaradağda Gəmiqayıtma Zavodu ərazində zavodun işçisi batıb. Orada gəmilərin yeri qazılır deyə suyun dibi lilli olur. Dibə dalırdıq, amma ayağımızdakı üzgəclər lilə ilişirdi, hərəkət etməyə imkan vermirdi. Axırda iki dalğıc endik. Birinin köməyi ilə o birimiz hərəkət edirdik. Onu sudan yenicə çıxartmışdıq ki, növbəti siqnal Mərdəkandan gəldi. Cavan qız batmışdı. Qaradağdan birbaşa Mərdəkana getdik. Orda axtarış uzandı. 1 gün, 2 gün, 3 gün. Vaxt uzandıqca, axtarışı genişləndiririk. Mərdəkan qayalıqdı. Çox vaxt külək meyiti qayaların altında sovurur. Hava şəraiti axtarış üçün uyğundur. 3 gün sonra axtarışı daha da genişləndirdik, Mərdəkan-Dübəndi arasında aparmağa başladıq. Ola bilər, sualtı axın aparar. 4-cü gün qızın meyitini Artyomda balıqçı qayığı tapdı. Su ilə bu məsafə batdığı yerdən 20 km aralıdır, amma sahilə daha uzaqdır. Dalğıc yoldaşımı axtarış vaxtı xəstəlik tutmuşdu, tək qalmışdım. Qızı qaldırdım, qoydum meyit kisəsinə. Meyit elə vəziyyətdə idi ki, toxunduqca dərisi əlimdə qalırdı. Qız batanda 17 yaşı vardı, meyitinə baxanda 25-28 yaş vermək olardı.
 
 
7 illik fəaliyyəti boyunca M. Alıyev dənizdən 8 meyit çıxarıb. Ona ən pis təsir edən hadisə isə uşaq meyitləridir. Təəssüf hissiylə o günü xatırlayır.
 
-Eləsi var, ailəlikcə gəlirlər, baş qarışır qarpız yeməyə, uşaq yaddan çıxır. Biz uşağı nəzarətdə saxlayırıq, suya girəndə tuturuq, müşahidə qülləsindən anons edirik, ailəsi gəlib çıxmır. Uşağa su veririk, oynadırıq, ailəsi gəlib çıxmır. Bəzən uşağı polisə təhvil veririk. Keçən il qeyri-çimərlik ərazisində belə bir hadisə oldu. 35-36 yaşlarında kişi qonşu uşaqlarını yığıb gətirib dənizə, sonra da başı qarışıb orada təzə tanış olduğu qadına.
 
E. Tağıyev kənardan müdaxilə edir. Bayaq qayıqda sizə göstərdiyim yeri deyir.
 
-Binoklla əraziyə baxırdım ki, gördüm bir nəfər nəsə axtarır. 1 saatdan sonra yaxınlaşdı məntəqəyə ki, bəs mən bura 8 yaşında uşaq gətirmişdim, paltarı qalıb sahildə, özü yoxdur. Qayıqla axtarışa başladıq, amma ürəyimdə düşündüm, bəlkə uşaq heç dənizə girməyib, evlərinə gedib. Ailəsini tapdıq, Hövsanda kirayənişin qalırdılar. Dedilər, evə gəlməyib, 7 dəqiqədən sonra uşağın meyitini tapdıq. Hansı ki, ata-anasının meyitdən xəbəri yoxuydu. Valideyn gərək uşağı ilə maraqlansın, diqqətdən kənar qoymasın. O gün bir ailə gəlib, yanında da uşağı. Mən də ümid edirəm ki, atası yanında, uşağa özü baxacaq, qoymaz boğula. Baxıram, ər-arvad qarşı-qarşıya oturub araqdan vurdu, uşaq da qaldı nəzarətsiz. Mən də uşağı götürüb məntəqəyə gətirdim. Bir az da hirsləndim. Kişi mənə dedi, uşaq mənim deyil? Nəyinə lazımdı, qoy boğulsun! Ta nə deyəsən?!
 
 
Məntəqə rəisinin sözlərinə görə, yayda çimməyə, qışda isə intihar etməyə dənizə gəlirlər. Əsasən də qadınlar.
 
 
-2016-cı ilin qışı idi. Bura bir qadın gəldi. 28-29 yaşlarında. Müşahidə qülləsinin yanında dayandı. Musayev Sərxanla yemək yeyirdik. Sərxanın arxası qadına tərəf idi. Dedim, Musayev, hazır ol, mən xəbər edəndə gedərsən. Arxanda qadın var, amma çönüb baxma. Bizi görsə, başlayacaq şou yaratmağa. Belə hadisələr ən çox bulvarda olur. 15 dəqiqə keçmişdi qadın qəfil çantanı bu yana, telefonunu bu biri yana atıb girdi suya. Mən də baxıram, su dizə kimi qalxdı, dizdən yuxarı qalxdı, dedim, Musayev Sərxan, get! Fikirləşirdim ki, qışdı, soyuğu hiss edəndə fikrindən dönəcək. Amma baxdım, yox, fikri ciddidir. Kök qadın idi. Sudan çıxartdıq, psixoloji söhbət etdik, isti adyala bürüdük, ailəsinə zəng etdik. Ailəsi gələnə qədər başladı dərdini bizə danışmağa. Nişanlısı pulunu mənimsəyib, nişanı qaytarmışdı.
 
 
Əvvəldən söhbətimizi dinləyən FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov ötən il Şüvələnda baş vermiş faciəni xatırlayır.
 
 
-Hərbi xidmətə yola salınmasına bir gün qalmış 17 yaşında gənc "Mayak" adlanan yerdə suda boğuldu. Hərbi xidmətə gedirmiş deyə qonaqlıq veriblər, yeyib-içdikdən sonra dənizə gəliblər. Oğlanın yanında 25-30 yaşlarında 7 nəfər qohumu olub. Sərxoş olduqları üçün gənc oğlanı nəzarətsiz qoyublar, özləri də bata bilər deyə heç biri ona yaxınlaşıb kömək etməyib və suda dalğalara qərq olub. Dalğıc-axtarış qrupu dərhal hadisə yerinə göndərildi. Orda başladılar bizimlə kobud danışmağa. Tezliklə suda batmış gəncin cəsədinin tapılmasını tələb edirdilər. Dedim, neçə nəfər idiniz? Cavab verdi ki, 7. Dedim, bəs olmazdı ki, yeddiniz də əl-ələ verib uşağı dənizdən çıxaraydınız? Heç biri batmamışdı, güclü ləpələrdən xilas ola bilmişdilər. Yalnız 17 yaşlı gənc batmışdı. Hər kəs öz canının hayında olub, uşağı kömək etməyiblər. Bir gündən sonra oğlanın cəsədini suyun dibindən taparaq hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verdik.
Boğulmaların əksəriyyəti məsuliyyətsizlik nəticəsində olur. Dalğıc belə düşünür.
 
-Qadağan olunmuş ərazidə üzür, deyirik, olmaz. Suda "hə, hə" deyir, çıxandan sonra yenə öz bildiyini edir. Çimərlikdə yüzlərlə adam olur. Biz bir adama daim nəzarət edə bilmərik axı, başımız qarışan kimi təkrar həmin yerdə üzür. 1 dəfə deyirik, 2 dəfə deyirik, Üçüncüdə söz nə bizim boğazımızdan keçir, nə onların.
 
 
Bu əsnada müşahidə qülləsindən siqnal səsi gəlir. Bu da o deməkdir ki, kimsə dənizdə üzmə sərhədini keçməyə cəhd edib. Binoklla baxırıq, çimərliyə tərəf iki nəfər üzür. Xilasedici xəbərdarlıq etməsəydi, yuxarıda sözü gedən təhlükəli əraziyə doğru üzəcəkdilər. Xilasedicilər dəfələrlə xəbərdarlıq etsələr də, sakinlər təkrar qadağan olunmuş ərazilərdə, küləkli havada, sərxoş halda dənizə girirlər. Sonu da faciə ilə bitir. Buna səbəb kimi də inzibati qaydada cərimələrin olmaması göstərilir. Cərimə olarsa, boğulma kimi halların azalacağına inanırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Deniz · 17 İyul 15:1120

    deniz agzi aciq ezraildi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.