Ölkə

"Benzinin qiymətinin artırılması zərurətdən irəli gələn addımdır"

15 İyul 2017 12:04
Baxış: 3 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda "Aİ-92" markalı benzinin qiymətinin artırılması təbii zərurətdən irəli gələn addımdır və bu anlayışla qarşılanmalıdır".

Bu barədə Milli.Az-a açıqlamasında Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Tarif (qiymət) Şurasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinin qaldırılması ilə bağlı qərarını şərh edərkən deyib.



Millət vəkilinin fikrincə, bu addım dünyada gedən proseslərlə də birbaşa bağlıdır: "Düzdür, qiymət artımı ilə bağlı istənilən addım qeyri-populyar hesab edilir və istər varlı, istərsə də kasıb əhali tərəfindən narahatlıqla qarşılanır. Bu, normal psixoloji vəziyyətdir. Amma bir az təhlil aparsaq və reallığa baxsaq, deyə bilərik ki, dünyada və Azərbaycanda benzinin qiyməti, dolların milli valyutalara nisbətən bahalaşması, dünyadakı iqtisadi-maliyyə böhranı, həmçinin, Azərbaycanın neft, eləcə də neft emalı sənayesinin məhsuldarlığının artırılması və modernləşdirilməsi zərurəti, rentabelli işləməsi, bu sahənin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından Tarif Şurasının qərarı başadüşüləndir. Əgər biz xaricə daha valyutagəlirli və yüksək keyfiyyətli məhsullar satmaq barədə düşünürüksə, gələcəyimizi bunun üstündə qururuqsa, deməli, neft sənayesinin modernləşdirilməsini də düşünməliyik. Əlbəttə ki, bu modernləşmə SOCAR-ın gəlirləri hesabına olmalıdır. Bu addım isə SOCAR-ın gəlirlərinə təsir edən faktorlardan biridir".

Onun sözlərinə görə, bu qərar hər hansı ciddi neqativ hallara gətirib çıxarmayacaq: "Qonşu Rusiya bizdən qat-qat böyük və zəngin dövlətdir. Lakin onlarda benzinin qiymətini qaldırıblar və hazırda orda qiymət bizdəkindən bahadır. Ümumiyyətlə, məncə təkcə İranı istisna etməklə, ətrafımızdakı ölkələrin hamısında benzin bizdəkindən bahadır. Hətta İranın benzin, eyni zamanda əhali potensialını, adambaşına düşən avtonəqliyyat vasitələrinin sayını Azərbaycanla müqayisə etdikdə bizdəki qiymətlər yenə də daha uyğundur. Bu mənada biz bu qərarı anlayışla qəbul etməliyik. Təbii ki, əhali də öz cibinə və imkanlarına görə, öz büdcəsini planlaşdıracaq. Bu mənada mən bunda ciddi, dəhşətli böhrana gətirib çıxacara biləcək bir şey görmürəm".

Bundan başqa, M.Quliyev qeyd edib ki, əhalinin sosial müdafiəsi hər zaman dövlət başçısının nəzarətində, diqqət mərkəzindədir: "Aztəminatlı, maaşı, pensiya və müavinəti az olan insanlar var. Cənab prezident onları hər zaman nəzərə alır və ola bilsin ki, yaxın vaxtlarda büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqlarında artımlar da görə bilərik".

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş iclasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.