Ölkə

Azərbaycanın Dövlət Dəniz Administrasiyasının işi dünyaya nümunə göstərildi - FOTO

15 İyul 2017 11:09
Baxış: 417

Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (ADTA) nümayəndələri Azərbaycan Dövlət Dəniz Administrasiyasının (DDA) əməkdaşları ilə görüş keçiriblər.

DDA-nın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüş "Qara dəniz və Xəzər dənizi regionunda dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi" layihəsi çərçivəsində müəyyən edilən sahələr üzrə Azərbaycan Respublikasının dəniz üzgüçülüyünün inkişafının təmin edilməsi və mövcud boşluqların aradan qaldırılması ilə əlaqədar qarşılıqlı şəkildə razılaşdırılmış fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə keçirilib.

Görüşdə bildirilib ki, bu layihə Xəzər dənizi və Qara dəniz sahilyanı ölkələrinə layihə çərçivəsində texniki yardım və dəstək göstərərək milli, Avropa və beynəlxalq tərəfdaşların iştirakı ilə dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi standartlarını yüksəltmək məqsədi güdür.

Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi dəniz nəqliyyatı sahəsinin də inkişaf etdirilməsinin Azərbaycan prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayan DDA-nın nümayəndələri dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradıldığını qonaqların diqqətinə çatdırıblar. 

Görüş zamanı Administrasiyanın fəaliyyəti, vəzifə və səlahiyyətləri, eyni zamanda aidiyyəti dövlət orqanlar ilə qarşılıqlı fəaliyyəti barədə təqdimat  keçirilib. Təqdimat zamanı Agentlik nümayəndələrinin beynəlxalq konvensiyaların tətbiqi və beynəlxalq hüquqi normaların milli qanunvericilikdə mövqeyi barəsində verilən sualları ətraflı cavablandırılıb. Azərbaycan Respublikasının dəniz üzgüçülüyünün təhlükəsizliyi və əraf mühitin mühafizəsi sahəsində formalaşdırılmış normativ hüquqi bazasının Beynəlxalq Dəniz Təşkilatının (BDT) konversiyalarının tələblərinə və Avropa standartlarına uyğunluğu barədə qonaqlara məlumat verilib.

ADTA-nın nümayəndələri BDT-nin Audit Ekspert Qrupu tərəfindən 28 may - 06 iyun tarixlərində DDA-da həyata keçirilən audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə görə, respublikamızın 172 dünya dəniz dövləti arasında ən qabaqcıllardan olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutması münasibəti ilə təbriklərini çatdırıb və Administrasiyanın beynəlxalq standartlarına uyğun fəaliyyətini müsbət dəyərləndiriblər. Onlar Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində mövcud təcrübəsi və DDA-nın məlum uğurlarını xüsusi vurğulayıb, bu fəaliyyətin dəniz administrasiyalarını formalaşdırmaqda olan ölkələlər üçün örnək ola biləcəyini qeyd ediblər.
 

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi ADTA nümayəndələri tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Sonda Administrasiyanın fəaliyyətinin daha effektiv formada həyata keçirilməsi üçün müvafiq sahələrdə Agentlik tərəfindən treninq və seminarların həyata keçirilməsi barədə razılıq əldə edilib.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.