Ölkə

Bakıda sakinlər sahibsiz itlərdən şikayətçidir - Rəsmi qurumdan ETİRAF: "Kökünü kəsə bilmirik"

14 İyul 2017 15:48
7 Şərh     Baxış: 655

Son zamanlar Bakının müəyyən ərazilərində sahibsiz heyvanların, yəni it və pişiklərin artdığı müşahidə edilir. Nəticə olaraq bundan narahat olan və təhlükəsizliyinin təmin edilməsini istəyən sakinlər müvafiq dövlət qurumlarına müraciət edirlər.

Maraqlıdır, həmin heyvanlara qarşı hansı tədbirlər görülür?
 

"Heyvanların kökünü kəsmək mümkün deyil"
 

Milli.Az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin əməkdaşı modern.az-la söhbəti zamanı bildirib ki, şikayət edən sakinlərin sayı artıb:
 

"Bizdə pnevmatik silahlardan istifadə olunmadığına görə heyvanları torla tuturlar. Bu da bir az çətinlik törədir. Düzdür, hər gün müxtəlif ünvanlara yollanırıq. Amma yenə də şikayətlər var. Məsələn, bir müddət konkret əraziyə dəfələrlə gedib təmizləyirik. Daha sonra başqa ərazilərdən müraciətlər daxil olursa, ora yollanırıq. Amma bu heyvanların kökünü tamamilə kəsmək mümkün deyil. Çünki 20 dənədirsə, bir hissəsini tuta bilsək də, qalanı qaçır. "Qaynar xətt"imizə  gələn zənglər əsasında həmin ünvanlara yollanırıq".

"Həmin qurum Azərbaycana xələl gətirməkdən başqa heç bir şey etmir"

Azərbaycan Heyvanların Mühafizə Cəmiyyətinin prezidenti Azər Qarayev isə Modern.az-a bildirib ki, Kommunal Təsərrüfat Departamentinin tərkibində fəaliyyət göstərən qurum üzərinə düşən işin öhdəsindən gələ bilmir:

"Həmin qurum tordan istifadə etmir, sadəcə olaraq vəhşi üsullarla, yəni əllə, yaxud iplə heyvanları tuturlar. Əlbəttə ki, yalnız xəstə heyvanları bu üsulla tutmaq olar. Yəni onlar müasir avadanlıqlardan istifadə etmir və bunu bacarmırlar. Ömür boyu cəllad olan insanı birdən-birə həkim edə bilməzsiniz. Onlar bu cür üsullardan istifadə etməyə öyrəşib. Bu səbəbdən o idarənin gələcəyi də artıq bəllidir. Düşünürəm ki, dövlət bu məsələni həll edəcək və həmin obyekt bağlanacaq. Çünki Azərbaycana xələl gətirməkdən başqa heç bir şey etmirlər.

Siz onlardan  soruşun ki, sahibsiz heyvanların  hesabını aparırlarmı?. Əgər onlar sahibsiz heyvanlarla məşğul  olurlarsa, ən azı rayon üzrə onların nə qədər olduğunu bilməlidirlər. Bununla bağlı monitorinq aparmalıdırlar, amma etmirlər. Belə olduğu halda heyvanların çoxalmasının qarşısını necə ala bilərlər?.  Həmin qurum sadəcə büdcə pullarını tar-mar edirlər. Bu qurumun fəaliyyətini Azərbaycana təxribat kimi  qiymətləndirirəm.

Ölkəmizin qanunları var. Sahibsiz heyvanlara qarşı qəddarlıq qadağan edilib. Amma bir dövlət qurumu buna riayət etmir və effektiv tədbirlər görə bilmir. Nəticə olaraq sakinlərin narazılığı da artır. Heyvanlar da kütləvi şəkildə məhv olur".

"Heyvanlar gələcəkdə yeni nəsil gətirmək imkanından məhrum edilməlidir"

A.Qarayev dövlət qurumunun əslində görməli olduğu işdən də söz açıb:

"Həmin heyvanları humanist formada tutub şəraiti olan mərkəzə aparmaq dövlət qurumunun başlıca vəzifəsi olmalıdır. Orada heyvanlara bir həftə ərzində yoluxucu xəstəliklərə, quduzluğa  qarşı peyvənd vurmalıdırlar. Hesablama aparmaq üçün həmin heyvanların öz nömrəsi olmalıdır və sonda onları axtalamalıdırlar. Yəni heyvanlar gələcəkdə yeni nəsil gətirmək imkanından məhrum edilməlidir. Bu da cərrahiyyə əməliyyatı vasitəsilə  reallaşdırılır. Bir həftədən sonra da həmin heyvan götürüldüyü yerə buraxılmalıdır. O zaman itlərin insanlara qarşı təhlükəsizliyi təmin edilə bilər. Bütün dünya bu üsulla işləyir. 

Bunun üçün xüsusi pul da tələb olunmur. Sadəcə, normal struktur yaradılmalıdır və  bu işi öhdəsindən gələ bilənlərə tapşırmalıdırlar".

"Bakıda yol qəzasında tələf olan heyvanlar çoxalıb"

Heyvanların Mühafizə  Cəmiyyətinin sədri həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 600-700 minə yaxın sahibsiz heyvan mövcuddur:

"Azərbaycanda sahibsiz heyvanların nə qədər olduğunu heç kim hesablamayıb. Amma beynəlxalq aləmdəki metodikaya əsasən, ümumi əhalinin sayına və bundan irəli gələn tullantıların hesablanmasına görə ölkəmizdə hardasa 600-700 minə yaxın sahibsiz heyvan var.

Bunun 60 faizdən çoxu Bakı və onun ətrafındakı ərazilərdədir. Sahibsiz heyvanların, yəni daha çox itlərin və pişiklərin artması ilə bağlı müşahidələr yoxdur. Əksinə, Bakıda nəqliyyatla əlaqədar yol qəzasında tələf olan heyvanlar çoxalıb.  İtlərin müəyyən ərazilərdə çox görünməsinin səbəbi artımla əlaqədar deyil. Sadəcə yeddi-səkkiz aydır ki, Bakıda qanun çərçivəsində onların vurulması qadağan olunub. Bunun nəticəsində insanların yaşadığı yerlərdə, xüsusilə də tullantıların çox olduğu yerdə heyvanlar da çoxalır. Təbii ki, bu heyvanlar yemək axtarmaqla məşğuldur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Mamed · 14 İyul 16:0710

    Hörmətli Heyvanların Mühafizə Cəmiyyətinin prezidenti Azər Qarayev. Nəzərinizə çatdırım ki, siz heyvanların mühavizəsinə başlayandan bu itlərin sayı aşırı dərəcədə artıb. Sizdən qabaq bunlar insanları qorxudub və ya dişləmirdilər. Çünki bəyənmədiyiniz qurum bunu tənzimləyirdi. Sizin heyvanların hüquqları olduğu yadınıza düşən gündən bəri biz uşaqlarımızı həyətə buraxa bilmirik, özümüz də qəfil qabağımıza çıxıb bizi qorxudan bu it sürüsündən təngə gəlmişik.

    Cavab yaz
  • Anonim
    Eli · 14 İyul 16:2510

    Bu sahibsiz itler hara baxirsan suru halinda gezirler.Onlarin yaninda otub kecende adamin aglina yuz fikir gelir .Gece seslerinden de yatmaq olmur.Bununla yeqinki hansisa bir qurum mesgul olmalidir.Men demirem ki bunlar vurulub oldurulsun .

    Cavab yaz
  • Anonim
    naza · 14 İyul 16:2610

    İti saxlayıb, sonra küçəyə atanı məsuliyyətə cəlb etsinlər, ac, susuz qalırlar, Allahın yaratdığına nə üçün belə zülm verirlər.Heyvanları insan özü quduz edir. Güya o cəmiyyət heyvanlar üçün nə isə edir? Adı var özü yox bir cəmiyyətdir.

    Cavab yaz
  • Anonim
    Elcin · 14 İyul 16:3610

    Men basa duse bilmirem insanlar ezizdir yoxsa itler? Yasadiqim Masazir qesebesi" Qurtulus 93 "kompleksinde analoji veziyyet hokum surmekdedir.Insandan cox it var surunen,neye lazimdir,kimler ucun bunlara toxunulmazliq verilib anlamaqa calisiram.Sikayet olunsada bunun hecbir faydasi yoxdur.bele cixir ki, menim usaqimi kucenin iti yeye biler.

    Cavab yaz
  • Anonim
    Samira · 14 İyul 16:3910

    Bu sahibsiz itlər insan hayati ücün cox təhlukəlidirlər və dəfələrlə onların insanların üstünə hucum etməsinin hər birimiz şahid oluruq və artik bu məsələdə pik nöktəsinə gəlib-çatipdir əlaqəli orqanlar buna ciddi yanaşmalıdırlar

    Cavab yaz
  • Anonim
    Cavid · 14 İyul 16:5800

    qubada hetden artiq coxdur

    Cavab yaz
  • Anonim
    Angel · 14 İyul 21:5900

    Bakixanovda da coxdu sehere qeder hururler qoymurlar uwaqlar yatsin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.