Ölkə

Qanla yazılan nağıl - "Zəhranın nağılı"

14 İyul 2017 14:29
14 Şərh     Baxış: 5 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirin-şirin yuxudaydıq,

Bir zalım oyatdı bizi.

Anaların qucağından

Bu dünyaya atdı bizi.


Biz ki, yol nədi bilməzdik,

Biz ki, öl nədi bilməzdik.

Bilsək, dünyaya gəlməzdik

Analar aldatdı bizi...

(Ramiz Rövşən)

Biri vardı, biri yoxdu, Zəhra adlı balaca bir qız vardı...

Heç belə başlayan bir nağıl eşitmişdinmi? Anlaya bilirdinmi nağılları artıq? Hərf də bilmirdin, sən, eləmi? Amma mənim sənə yazdığım bu məktubu oxuya biləcəksən, əminəm. Çünki burada sadəcə sənin üçün yazılan bir nağıl var...

Sən ki "Qorxulu nağıllar"ı oxumadan qorxulu faciənin qurbanı oldun... Sən ki nağıl danışmağı xahiş edə bilmədən al qanına boyanıb şəhidlik zirvəsinə ucalmağı bacardın... Sən ki mələk kimi doğulub, mələk ikən mələyə çevrildin... Zəhra... Quzum... Gəl, bu gecə sənə nağıl danışım...

Mələyim, amma bu nağıl çox fərqlidir, bilirsənmi? Heç başqa uşaqların dinlədiyi nağıllara bənzəmir. Zəhra adlı bir balaca qızdan danışır bu nağıl... Günlərdir bütün Azərbaycanın yana-yana söz açdığı, uşaq bezində qanlar içində uyuyan şəklini hər kəsin beyninə həkk etdiyi bir körpədən.. Az gedib, uz gedən, amma çox yol qət edən... Dərə-təpə aşmayan, amma düz yolda yıxılıb qalan... Kiçik ömrünə böyük bir ağrını sığışdıran... Həmyaşıdlarının üzünü FACE ART deyib al-əlvan boyalarla rənglədiyi bir vaxtda, bapbalaca siması qanla boyanan... Dünyadan xəbərsiz, amma dünyanın onu unutmadığı...

Oyuncaqları yatağı ustdə düzülən körpələrdən fərqli olaraq, gəlinciyi təzəcə uyuduğu torpaq üzərində çiçəklərə qərq olan məsum bir körpə haqqındadır nağılım...

Bilirsən, gözəl bala, mən də sənin doğulduğun, amma boya-başa çata bilmədiyin torpaqda - Füzulidə dünyaya göz açmışam. O vaxt Füzuliyə atılan güllələr bizi sadəcə uşaqlığımızdan ayırdı, evimizdən, məktəbimizdən, torpağımızdan ayırdı. Uşaq dünyamızı içimizə həbs edib, başqa cür böyüyəsi olduq... O vaxt digər həmyaşıdlarımız da bizdən fərqlənirdi... Amma biz böyüdük ən azından, sadəcə ruhumuz uşaq qaldı. Amma sən özün uşaq qaldın... Sən böyüyə bilmədin... Sənin nağılın ən qısa yazılıb, ən uzun danışılan nağıl oldu... Sənin nağılın 3-4 cümləyə sığıb, minlərlə ürəyə, beyinə, dilə sığmayan bir nağıl oldu... Sənin nağılın heç sağalmayacaq bir yara, sözlə ifadə edilə bilməyən acı, fəryadla yetinməsi mümkün olmayan bir hönkürtü, göydən almaların yox, güllələrin töküldüyü, yarımçıq bir nağıl oldu...

Niyə yarımçıq, bilirsənmi? Kitabın hələ çox təzəydi, balaca... Sadəcə ilk səhifəsi yazılmışdı... Mürəkkəbin yetmədi, quzum, sındı, dağıldı... Qanla yazmaq istədin... O da yetmədi... O balaca bədəndə nə qədər qan qalmışdı ki???

"Uşaqlar ölməsin!" - deyə bar-bağıran dünya! Uşaqlar ölür... Körpələr qətl edilir... Hanı sənin ədalətin?! Hanı sənin şəfqətin?!

Zəhra!!! Küsüb getmə, bala... Dünyadan küssən də, səni sevənlərdən inciyib getmə... Anan sənə nağıl danışa bilmədi bəlkə... Amma sən onu tək qoyma... Yuxusuna gəl, nağıl söylə ona... Amma öz nağılını yox... Başqasını... Yaşat, ANAnı... ANALAR da ÖLMƏSİN... Zəhraları dünyaya gətirən analar yaşamağa güc tapsın!

Billurə Aslanqızı,

BDU-nun Jurnalistika fakültəsinin müəllimi

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.