Ölkə

Milli Məclisin komitə sədrləri Maliyyə Bazarlarına Nəzarət Palatasının işini qiymətləndirdilər

13 İyul 2017 17:59
Baxış: 476

Ölkədə aparılan islahatları nəticəsində bir sıra qurumlar ləğv edilərək, yeni, daha çevik strukturlar yaradılıb. Bu istiqamətdə atılan addımlardan biri də Azərbaycan iqtisadiyyatı qarşısında maliyyə sektorunun dayanıqlığını təmin etmək üçün yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasıdır (MBNP).

Qurum maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunmasına imkanı verən ilk publik hüquqi şəxs statuslu təşkilatdır. 
 

Milli.Az xəbər verir ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov modern.az-bu sahə ilə yaxından bağlılığı olmasa da, yeni yaradılan qurumu və rəhbərliyin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:

"Maliyyə Bazarlarına Nəzarət Palatasının bu günə qədər atdığı addımların əksəriyyəti müsbət olub. Onun fəaliyyəti bank sisteminin sağlamlaşdırılmasına və  bir çox istiqamətlərdə dövlətin maraqlarının qorunub saxlanmasına yönəldilib. Ona görə də ölkə iqtisadiyyatının yüksəldilməsi naminə atılan addımların doğru olduğuna inanıram".
 


F.Muradov MBNP-nın sədri Rüfət Aslanlını  ictimaiyyətə açıq məmur hesab edir:

"Palatanın rəhbəri hər zaman ictimaiyyətə açıqdır. Bu da çox önəmli faktordur. Elə məsələlər var ki, onları mütləq şəkildə  ictimaiyyətlə müzakirə etmək lazımdır. Problemlərə gəldikdə isə bunların əksəriyyəti məhz bankların özündən asılı olan məsələdir. Təəssüf ki, bəzi banklarımız bu sahədən başqa hər işlə məşğul olurlar.   
İqtisdiyyatda hər hansı dəyişiklik bilavasitə insanlara təsir edir. Cənab prezident İlham Əliyev də bir neçə dəfə bankların fəaliyyəti ilə bağlı bu kommersiya qurumlarına müraciət edib. Lakin təəssüf ki, bəzi banklar bu müraciəti tam dərk edə bilməyiblər. Fikrimcə, bu günə qədər mövcud olan problemlərin əksəriyyəti bankların özündən və bankçılığı tam başa düşməyən insanlardan qaynaqlanır. Və əminəm ki, Palata ölkənin maliyyə bazarlarına nəzarət, apardığı islahatlar nəticəsində daha dayanıqlı sistemin yaradılmasına nail olacaq".

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə sayta açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılma prosesinin səmərəli şəkildə həyata keçirildiyini düşünür:

"Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan iqtisadiyyatı üçün yeni bir qurumdur. Təbii ki, hər bir qurum müəyyən keçid dövrünü yaşayır. Palatanın yaradılma prosesi çox səmərəli şəkildə həyata keçirilib. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tam səmərəli fəaliyyət göstərir. Mərkəzi Bankın bir çox funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Bu proses indi də davam edir. Bilirsiniz ki, bu gün banklar böyük problemlərlə üzləşirlər. Manatın devalvasiyası, bankların səmərəli göstəricidən aşağı olması, pul gəlirlərinin azalması - bütün bunlar bank sektoruna da ciddi təsir edir. Bu təsiri də yumşaltmaq üçün hökumət müəyyən tədbirlər həyata keçirir. Onlardan biri də Maliyyə Bazarlarına Nəzarət Palatası vasitəsilə  banklara nəzarət sistemidir".


Komitə sədrinin fikrincə, Palatanın formalaşma prosesi bir sıra çətinliklərin öhdəsindən gəlib:

"Bazarın özünün ixtisaslaşması, təmərküzləşməsi, bir çox bankların bağlanması və bununla əlaqədar yaranan problemlərin həlli, kadr siyasətinin aparılması ciddi məsələlərdir. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatası bütün çətinliklərin öhdəsindən gələ bilir. Bir müddətdən  sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara dəstəyi daha da artacaq.
Dövlət başçısının birmənalı məqsədi ondan ibarətdir ki, qlobal risklərə baxmayaraq, kefiyyətli inkişafı təmin etmək üçün  bütün strukturlar, o cümlədən  bank sektoru da öz fəallığını artırmalıdır. Əminəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası qarşıya qoyunlan məqsədləri onun səlahiyyətləri çərçivəsində uğurla həll edəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.