Ölkə

"Qardaşımı pulsuz işləməyə məcburi apardılar" - Bərdədə fəhlənin ölümü ilə bağlı şok məlumat

13 İyul 2017 15:46
0 Şərh     Baxış: 1 064

Keçən ayın 14-də faciəvi şəkildə dünyasını dəyişən traktorçu İlqar Məmmədovun qardaşı Qoşqar Məmmədov femida.az -a müraciət edib. Onun müraciətinə səbəb keçən ay faciəvi şəkildə dünyasını dəyişən qardaşının ölümünün araşdırılmaması və günahkar şəxslərin məsuliyyətdən kənarda qalmasıdır.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, Qoşqar Məmmədov müraciətində iddia edib ki, qardaşı rayon icra hakimiyyəti işçilərinin göstərişi ilə yaşıllaşdırma idarəsinin ərazisində təhlükəli yerdə işləməyə məcbur edilib.

"Qardaşım Tərtər rayonunda yaşayır. Amma özü Bərdə rayonunda gübrə zavodunda traktorçu işləyirdi. Yaşadığı kənddə qaz olmadığı üçün çıxarılmış ağacların kötüyündən odun kimi istifadə etmək üçün gətirirmiş. Həmin vaxt Bərdə Rayon Yaşıllaşdırma İdarəsinin işçiləri onu yolda saxlayıblar. Qardaşıma hədə-qorxu gəliblər ki, onu polisə aparacaqlar. Onun qarşısına şərt qoyublar ki, bir günlük pulsuz işləsin, yoxsa, polisə aparacaqlar. Qardaşım da ona razılaşıb. Polisə getməmək üçün bir günlük yaşıllaşdırma idarəsi üçün pulsuz işləməyə razı olub."

Qoşqar Məmmədov bildirib ki, qardaşı vəzifəli şəxslərin tapşırığı ilə ağacı kəsmək istəyərkən elektrik cərəyanı vurmasından dünyasını dəyişib. Amma onun ölümündən 5 saat sonra yaxınlarına məlumat verilib.

"Qardaşımı məcburi yüksək gərginlikli elektrik naqillərinin keçdiyi ərazidə yerləşən ağaca çıxarıblar. Həmin vaxt ətrafda olanlar da deyib ki, səni "tok" vuracaq. Bu da deyib ki, ağacları kəsməsə, onu tutacaqları ilə hədələyirlər. Hadisə baş verən zaman orada bir çoban da olub.Qardaşım ağacı kəsən zaman çoban ip bağlanmış ağacı saxlaya bilməyib, ağac naqillərin üzərinə aşdığı üçün onu "tok" vurub, öldürüb. Biz hadisədən 5 saat sonra məlumat tutduq. Xəstəxanaya gedəndə gördük ki, qardaşımı artıq yarıblar. Bu günə qədər qardaşımın ölümündə günahı olan şəxslər məsuliyyətə cəlb olunmayıb. Hətta faktlar, şahidlər də gizlədilir."

Qoşqar Məmmədov iddia edir ki, qardaşının ölümündə fakt kimi hesab oluna biləcək telefon zəngləri gizlədilir və araşdırılmır.

" Hadisə baş verən zaman qardaşıma zəng gəlib. Telefonda danışan icra hakimiyyətinin işçilərindən biri olub. Ona deyib ki, ağacı hələ kəsməmisən? Qardaşım da deyib ki, elə indicə ağacı kəsir. Bu danışıqdan 5 dəqiqə sonra faciəvi şəkildə ölüb. Bunu ətrafda olan şahidlər bizə deyib." 

Şikayətçi daha sonra qeyd edib ki, hadisə ilə bağlı mətbuata qəsdən səhv informasiya verilib.

"Qardaşım heç vaxt elektrik işləməyib. Xəzər TV-də verilən xəbərlərdə dedilər ki, guya elektrik işləyən zaman ehtiyatsızlıqdan həlak olub. Amma qardaşım orada məcburi şəkildə ağacı kəsmək üçün çıxarılıb. O, elektrik işləməyib."

Xatırladaq ki, dünyasını dəyişən şəxsi 3 övladı var. Oğlu hazırda cəbhə xəttində xidmət edir.

Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinin başcısının köməkçisi Anar Hətəmovla əlaqə saxladıq. O məsələnin onlara aidiyyatı olmadığını və suala qulaq asmaq istəmədiyini deyərək, dəstəyi asdı.

Vətəndaşın iddiaları ilə bağlı Bərdə Rayon Prokurorunun böyük köməkçisi Babək Paşayevlə əlaqə saxladıq. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə bağlı cinayət işi açılıb. O həmçinin istintaq getdiyi üçün əlavə məlumat verə bilmədiyini də bildirdi. 

Babək Paşayev həmçinin vəzifəli şəxslər tərəfindən onlara qarşı təyziq edilməsi iddialarını da rədd etdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.