Ölkə

Qadağan olunan çimərlikdə dincələnlər - FOTO

4 İyul 2017 16:23
1 Şərh     Baxış: 2 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il də Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi dəniz suyundan götürülən nümunələrin monitorinqinin nəticələrinə görə yararsız hesab olunub. Çünki həmin nümunələrdə bağırsaq çöpləri həddən artıq çox çıxıb. Bəs adıçəkilən çimərliklərdə mövcud vəziyyət nə vaxta kimi davam edəcək və bağırsaq çöplərinin çoxluğu orqanizm üçün hansı təhlükələr yarada bilər?

Bağırsaq çöplərinin çox olmasının səbəbi tullantı sularının təmizlənmədən dənizə axıdılmasıdır

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin sektor müdiri Söhrab Rəhimov report-a açıqlamasında bildirib ki, çalışdığı qurum Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir. Onun sözlərinə görə, Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Çünki Sahil və Səbail rayonunun Şıx çimərliklərinə təmizlənməyən tullantı suları axıdılır: "Tullantı suları təmizlənmədən dənizə axıdıldığından bağırsaq çöplərinin miqdarı həddindən çoxdur. Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh, Nardaran çimərlikləri istifadə üçün yararlıdır. Bu ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma həddindədir".

Onun sözlərinə görə, tullantı suları dənizə "Azərsu" ASC-nin balansında olan kanalizasiya xətləri vasitəsilə axıdılır: "Qaradağ rayonunun Sahil çimərliyi yerləşən Sahil qəsəbəsində biolji təmizləmə qurğuları on ildir təmirə saxlanılıb. Ona görə də həmin sular təmizlənmədən birbaşa dənizə axıdılır. Səbail rayonunda da həmçinin eyni vəziyyət höküm sürür. İş getsə də, çox ləng aparılır. Lökbatan yaxınlığında yeni bioloji təmizləmə qurğusu tikilməli və tullantı suları həmin əraziyə yönləndirilməlidir. Bu işlər görüldükdən sonra Şıx çimərliyində vəziyyət yaxşılaşacaq".

Xanlar qəsəbəsinin tullantı suları birbaşa çimərlik ərazisindən dənizə çıxır

Sektor müdiri deyib ki, həmin çimərliklərin girişində lövhələr vurulub: "Monitorinqdən sonra həmin ərazilərdə çimməyin qadağan olduğunu göstərən məlumatlandırıcı lövhələr vurulub. Bu işlərə nəzarət yerli bələdiyyələr, mühafizə orqanları tərəfindən aparılır. Məsələn, Xanlar qəsəbəsinin tullantı suları birbaşa çimərlik ərazisindən dənizə çıxır. Axı həmin ərazidə necə çimmək olar? Şıx çimərliyinin Lökbatan dairəsi yaxınlığından təmizlənməmiş sular axıdılır. Bundan başqa, Qırmızı göldən axan sular var və s. Şıx çimərliyi tamamilə tullantı sularının təsiri altındadır".

S.Rəhimov qeyd edib ki, bir sıra hallarda çimərliyin ətrafında da təmizliyin aparılması ilə əlaqədar problemlər yaranır: "Çimərlik mövsümü başlayanda bəzi sahibkarlar öz ərazilərini təmizləyir və çıxan tullantıları yolun başqa bir səmtində gözə görünməyən sahəyə atırlar. Ətraf Mühitin Nəzarət Departamenti tərəfindən bu cür halların qarşısının alınması üçün tədbirlər görülür. Məsul şəxslər 100 manatdan başlayaraq cərimə olunur".

Xəzər dənizinin sahilboyu 11 ədəd çirkab sutəmizləyici qurğu tikiləcək

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Report"a Bayıl-Bibiheybət-Lökbatan kollektoru istismara verildikdən sonra həmin ərazidə dənizin kənarına bir damcı da çirkab su axıdılmayacağını söyləyib: "Artıq tunel tikilib. Bibiheybət istiqamətində Şıxov çimərliyi sahilində olan yaşayış massivləri, obyektlərin böyk əksəriyyəti tunelə qoşulub. Həmin tunel vasitəsilə su "Binə" ticarət yarmarkasının arxa hissəsindəki əraziyə ötürülür və oradan çəkilən xətt vasitəsilə dənizin digər uzaq hissələrinə vurulur. Artıq Şıxov çimərliyinə atılan tullantı sularının böyük əksəriyyətinin qarşısı alınıb və bu ilin sonuna qədər isə tamamilə alınacaq".

Onun sözlərinə görə, "Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı" layihəsi çərçivəsində Ələtdən Sumqayıta kimi Xəzər dənizinin sahilboyu 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi və ya yenidən qurulması işləri aparılacaq: "Ələt qəsəbəsində sutəmizləyici qurğu olmalıdır. Sahil qəsəbəsindəki mexaniki qurğu təmir edilərək biolojiyə çevrilməlidir. "Binə" ticarət mərkəzinin arxasında yeni bir qurğu tikilməlidir və artıq bəzi işlər də görülüb. Soltanburunda, Türkan-Zirə zonasında da çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Koreya İdxal İxrac Bankının krediti hesabına Pirşağı qəsəbəsində artıq bir qurğunun tikintisinə başlamışıq. Sumqayıtda olan qurğu yenidən qurulmalı, emal gücü artırılmalıdır. 2015-ci ildə 15 km-ə yaxın Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya kollektoru tikilərək istismara verilib. Bayraq meydanından Bibiheybətə kimi ərazilərdə yaranan tullantı sularının kənarlaşdırılması ilə bağlı bir xətt çəkildi. Növbəti mərhələdə həmin ərazidə məhsuldarlığın sutkada 200 kubmetr olan yeni sutəmizləyici qurğunun tikilməsi planlaşdırılır. Gələcəkdə Yasamal rayonunun bir hissəsi, Lökbatan, Xocahəsən, Xırdalan və Binəqədinin bir hissəsinin tullantı sularının bir qismi həmin əraizdə zərərsizləşdiriləcək. Bunlar hamısı iritutumlu maliyyə vəsaitləri tələb edən layihələrdir. Ya dövlət büdcəsi vəsaiti hesabına, ya da maliyyə qurumlarının kreditləri hesabına reallaşdırılmalıdır".

Çirklənmiş dəniz suyunda çimmək insan orqanizmi üçün təhlükəlidir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev bildirib ki, çirklənmiş dəniz suyunda çimmək insan orqanizmi üçün təhlükəlidir: "Çimərliklərin neft məhsulları tullantıları ilə çirklənməsi dəri xəstəliklərinə gətirib çıxarır, allergik vəziyyətin yaranmasına səbəb olur. Bəzən çimərlikdən istifadə edən insanlar da təmizliyə əməl etmir, hətta dənizə sidik ifraz edirlər. Dəniz suyunda bağırsaq çöplərinin həddən artıq çox olması sağlamlıq üçün təhlükə yaradır. Bağırsaq çöpləri qana keçdikçə septik vəziyyət yaranır. Belə ki, komaya səbəb olur, beyin hüceyrələrini məhv edirlər. Yüksək qızdırma və işləmə-qusma halları əmələ gəlir. Həmin mikroblar bədəndə qaldıqda xroniki formaya keçir və digər insanları da yoluxdururlar. Bədən susuzlaşır. Bu hal ürək-qan damar sisteminin ani olaraq fəaliyyətinin dayanmasına səbəb ola bilər".

Şıx çimərliyi "Mavi bayraq" standartlarına qətiyyən cavab vermir

Biz də əhalinin istifadə edib-etmədiyini görmək üçün sözügedən çimərliklərdən birinə - Şıx çimərliyinə üz tutduq. Çimərlik Bakı şəhərinın cənub-qərbində, Şıx burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Ekspertlərin tullantılarla çirklənmiş olduğunu açıq şəkildə bəyan etməsinə baxmayaraq, ərazidə 7-dən tutmuş 77-yə kimi kifayət qədər insan var idi. Baxmayaraq ki, bu çimərlik standartlara cavab vermir.

Çimərlik ərazisinə daxil olarkən Fövqəladə Hallar Nazirliyinin (FHN) təhlükəsizliklə bağlı lövhələri gözə çarpsa da, suyun tərkibində hansı problemlərin olması ilə bağlı heç bir məlumatlandırcı lövhə yox idi. Ərazidə nə zibil qutusu, nə də standartlara cavab verə biləcək heç bir şərait yoxdur. Çimərlik ərazisində kifayət qədər çox avtomobil var idi. İnsanlar dənizin lap kənarına kimi avtomobillərini sürməkdən çəkinmirlər.

Bakılı olduğunu deyən Nata xanıma bu ərazidə çimməyin qadağan olduğunu deyirik. O da öz növbəsində qadağandırsa, nə üçün camaatın çimdiyini soruşur: "Bu il birinci dəfədir buraya gəlirik. Özümüzün bağımız var, oradan da çimərliyə gedirik. Bu gün uşaqlar istədi, gəldik, çimdik. Bizə suda problem olub-olmaması ilə bağlı heç kim heç nə demədi. Məlumatlandırıcı lövhə də görmədim. Bura pulsuz yerdir. Kim istəyirsə, rahat gələ bilir. Ömrüm boyunca bura gəlmişik. Burada müalicə yeri də var. Vaxtilə insanlar bura müalicə üçün gəlirdi. Gəldik ki, uşaqlar havasını dəyişsin".

İki yeniyetmə övladı ilə çimərliyə gələn Nailə xanım da ərazidə heç bir məlumatlandırıcı lövhəyə rast gəlmədiyini bildirdi.

Mədinə Sadiqova adlı sakin də ərazidə heç vaxt suyun tərkibindəki problemlə bağlı məlumatlandırcı lövhəyə rast gəlmədiyini bildirdi: "Su niyə çirkli olsun? Əksinə, bura daha təmizdir, rahatdır, adam azdır. Həm də pulsuzdur. Hər yerə gedirik, amma bura daha çox xoşuma gəlir".

Dəniz suyunun, isti qumun faydası üçün dənizə gələn Adil kişi isə deyir ki, əgər suda xəstəlik varsa, o zaman bizə desinlər, nə üçün demirlər? Bizim heç nədən xəbərimiz yoxdur, bura da rahatçılıqdır, gəlib çimirik.

Çimərliklərdə məlumatlandırıcı lövhələrin qalmasına imkan vermirlər 

Bibiheybət qəsəbə nümayəndəliyindən isə "Report"a bildiriblər ki, ayda bir-iki dəfə dəniz suyunun tərkibi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən yoxlanılır və illərdir Şıx çimərliyində suyun çirklənmə səviyyəsi yüksək olur: "Bələdiyyə və icra nümayəndəliyi tərəfindən qeyd olunan problemlə bağlı əraziyə mütəmadi olaraq məlumatlandırcı xarakterli lövhələr vurulur, ərazidə çimməyin sağlamlıq üçün təhlükəli olduğu qeyd olunur. Amma çox qısa zamandan sonra həmin lövhələr kimlərsə tərəfindən çıxarılıb atılır. Ümumiyyətlə, pullu ərazilərdə lövhələrin qalmasına imkan vermirlər, o dəqiqə çıxarıb atırlar. Pulsuz yerlərdə isə kimlərsə çıxarıb atır. Ya taxtası xoşlarına gəlir, götürüb aparırlar, ya da altlarına qoyub otururlar. Hər lövhənin qarşısında bir polis qoymaq da mümkün deyil".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.