Ölkə

Qəbələdə Qafqazın ən qədim qəlibi tapıldı - FOTO

3 İyul 2017 11:07
1 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya may və iyun aylarında Qəbələ beynəlxalq aeroportu ərazisində xalkolit dövrünə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində arxeoloji qazıntı işləri aparıb.  

Milli.Az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədqiqatlar Leylatəpə arxeoloji mədəniyyətinə aid bu yaşayış yerinin Ön Asiyanın, xüsusilə də Şərqi Anadolunun qədim sivilizasiyaları ilə sıx əlaqələrinin mövcudluğunu, e.ə. IV minilliyin birinci yarısında həmin bölgələrdən Azərbaycan ərazisinə kütləvi miqrasiyaların baş verdiyini sübut edən abidələrdən biri olduğunu göstərib.
 
Son qazıntılar zamanı Qalayerində ilk dəfə olaraq iri ölçülü yarımqazma və onun içərisində qazılmış ikinci dayaz quyu aşkarlanıb. Yarımqazmadan xalkolit dövrü üçün nadir tapıntılardan olan çıraq qalığı da tapılıb.
 
İnstitutdan bildiriblər ki, yarımqazmanın strukturu və oradan çırağın aşkar edilməsi bu yerin abidənin qədim sakinlərinin ibadətgahı olmasını ehtimal etməyə əsas verir: "Maraqlı tapıntılardan biri kimi qədim metallurgiyada istifadə edilən gildən hazırlanmış qəlibin aşkarlanmasını xüsusilə qeyd etmək lazımdır. Metal külçələr üçün nəzərdə tutulmuş bu qəlib bütün Qafqazda bu qəbildən olan ən qədim tapıntıdır və bu regionda xalkolit dövrünə aid ikinci belə bir tapıntı hələlik məlum deyil. Bu qəlibin aşkarlanması hələ 6 min il əvvəl Qalayerinin sakinlərinin metallurgiyanı inkişaf etdirdiyini, külçələri uzaq məsafələrə, çox ehtimal ki, Yaxın Şərqə apararaq metal ticarəti ilə məşğul olduqlarını göstərir. Qalayerində qazıntı zamanı küp tipli saxsı qablarda körpə uşaq qəbirləri, dulus kürəsi, minlərlə saxsı qab fraqmentləri, müxtəlif növ daşlardan və sümükdən hazırlanmış alətlər və s. tapılıb. Bütün bunlar xalkolit dövrü əhalisinin həyat tərzi, təsərrüfat fəaliyyəti barədə məlumat verir. Ümumiyyətlə, bu abidə Azərbaycanda erkən idarəçilik ənənələrinin, dövlətin rüşeymlərinin bir sıra xüsusiyyətlərini özündə əks etdirir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.