Ölkə

“Ailəlikcə quyunun dibinə düşdük...” - FOTO

19 İyun 2017 11:23
0 Şərh     Baxış: 7 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum şair Fikrət Sadıqın həyat yoldaşı Sevil xanımın qafqazinfo-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Şairlə tale yollarınız necə birləşdi?

-    Bakı Dövlət Universitetində bir yerdə oxumuşuq. Əvvəlcə bizdən yaşca xeyli böyük olması diqqətimizi çəkmişdi. Saçları ağarmışdı, biz isə yenicə məktəbi bitirib universitetə daxil olmuşduq. Bu haqda şeiri var:

Baxıb oğrun-oğrun mənə gülən qız 
saçlarım ağsa da, qoca deyiləm. 
 
O saçlar sinəmə bir-bir çəkilən 
Dərdsə də, dağsa da qoca deyiləm.
 
Yoxsa saçlarıma baxıb gülürsən, 
bu cavan Fikrəti qoca bilirsən. 

Əsrin dörddə birin yaşamışam mən,
Saçlarım ağsa da qoca deyiləm. 

- Fikrət Sadığı çoxları diksözü, cəsarəti ilə xatırlayır, bəs siz onun hansı xarakterlərindən danışa bilərsiniz?

- Çox yumşaq xasiyyətli idi. Təbii, bəzən də sərt olurdu. Amma ümumən xeyirxah və gözəl insan olması sevdirirdi onu hamıya. Ensiklopedik biliyə malik idi. Ona hər mövzudan sual vermək olardı, mütləq cavablandıracaqdı. Ailəcanlı idi. Övladlarına böyük ümid bəsləyirdi.

Onun Osvensium haqqında yazdığı şeir də cəsarətinin sübutudur. Əksər şeirləri hayqırış doludu. Özü isə rəhmli idi, hədsiz rəhmli. 

- Övladlarından kim daha çox Fikrət Sadığa bənzəyir və hansı xüsusiyyətinə görə?

- Hamısı. Hərəkətləri, davranışları ilə sanki onu təkrar edirlər. Ən çox Orxanı bənzədirəm. Yaradıcı qabiliyyətinə, onun düşüncələrini tamamlamağına görə. Övladlarımızdan heç biri nə görünüş, nə də xasiyyətcə mənə bənzəmir. Hamısı Fikrətin təkrarıdır. Özü də bu haqda deyirdi ki, güzgü yerə düşdü çilikləndi hər birində bir Fikrət.

- Övlad dağı Fikrət Sadıq poeziyasına nə dərəcədə təsir elədi?

-  Hədsiz sarsıdıcı təsir etdi, xoşbəxtliyimiz yox oldu birdən. Ailəlikcə quyunun dibinə düşdük, hərə bir cür çəkdi bu dərdi və çəkməkdə də davam edirik. Sonralar bildim ki, "Ağ-qara" adlı bir kitab çap etdirib. O kitabda İlkinə yazdığı silsilə şeirlər yer alıb. Məndən gizlədirdi. İlkinin talesizliyi onu da, məni də sarsıtmışdı, oğlumuzun vaxtsız ölümü, itkimiz bizi də dərdbədər elədi. Bilirəm ki, həmin ərəfələr onu çox incidirdim, ağlamağıma, fəryadıma dözə bilmirdi. Aciz idik. İztirabı yaradıcılığına da yansıdı. Şeirlərinə baxanda bu dərdi bir qara zolaq kimi görmək olur.

- Fikrət Sadıq bəzən qiymətini lazımınca almamağından narahat deyildi ki? 

- O haqsızlığa öyrəşən adam idi. Amma düşüncələrində dönməzlik vardı, yazmaq eşqi onu son günə qədər tək qoymadı. Yaşadığı, yazıb-yaratdığı dövrə bütün bir cahan yerləşdirə bildi. Onun mövzuları elə xalqın dərd-sərindən qaynaqlanırdı. Buna görə də sevgi qazanmışdı. Fikrət Sadığın yazdıqları oxunur, kitabları əl-əl gəzir. Ölümündən sonra o qədər adam gəlib kitab istəyib ki bizdən. Onun yaradıcılığını da, şəxsiyyətini də sevirlər. Bu sevgini o, həmişə duyub. 

- Ömrünün axırına qədər AYB-də çalışdı. Sizcə, işə bu qədər bağlı olmasının səbəbi nə idi?

- Bəli, ömrü orda keçdi. Sevirdi işini. 40 ilə yaxın həmin qurumda çalışdı. AYB-nin Ədəbiyyatın Təbliği Bürosunun direktoru idi. Ömrünün son illərində isə oranın şeir üzrə məsləhətçisi oldu. Qəbul komissiyasında da işlədi bir müddət. Fikrət işini sevirdi, məncə əsas səbəb bu idi. O, daim yenilik axtarırdı, ağıllı istedadlı bir şair görəndə sevinirdi. Yalnış, boş söz yığını yazanlara da laqeyd qalmırdı. Məncə, o, ədəbiyyat keşikçisi idi. Bir kəlmə bayağı sözün belə şeiriyyata gəlməyini istəmirdi. Onun yanına qəribə insanlar gəlirdi. Fikrətin onlarla davranışı məzəli əhvalatlara səbəb olurdu 

- Fikrət Sadıqla bağlı maraqlı bir xatirənizi bölüşməyinizi istərdik?

- Ailə şəkilləri çəkdirməyi sevərdi. Bu cür çox şəkillərimiz var. Artıq uşaqlar böyümüşdü, bir gün dedi, durun gedirik fotoatelyeyə. Uşaqların hərəsi bir yerə tələsirdi, işlərinin başında olmalı idilər. Tez əmr verdi ki, saat üçdə hamı filan yerdə olsun. Qızımız Aysel balaca idi. Vaxtın tamamında Ayselin əlindən tutub düzəldi yola. Uşaqlar qorxularından bir dəqiqə belə gecikməmişdilər. O şəklimizə həmişə baxanda həmin gün yadıma düşür.

Birini də danışım.  Ailə həyatımızın ilk illəri idi, artıq oğlumuz İlkin doğulmuşdu. Mən anamgildə, o da öz anasıgildə qalırdı. Atamgil "Vətən" kinoteatrının yanında olurdular. Bir gün gəlib dedi ki, düş bir az gəzək. Gəzə-gəzə məni Axundov bağına qədər gətirdi. Sonra mənə evimizi göstərdi: "Bax Sevil, sabah köçürük, artıq bizim də evimiz var. Beşinci mərtəbə. Pəncərəmiz də dənizə baxır". Sevindiyimdən bilmirdim nə edim. 

Fikrət valideynlərini çox erkən itirmişdi. Atası tutulandan tək qalmışdı, ailə onun üçün çox önəmli idi. Xatirələrimiz çoxdu, bütün ömrümüz xatirədi artıq. Mən ondan inciməmişəm, kobudluq görməmişəm.

- Övladlarından ikisi - Orxan Fikrətoğlu və Aysel Fikrət yaradıcı insanlardı - böyük təcrübə sahibi Fikrət Sadıq onlara nələri tövsiyə edirdi?

- Reallığı, həqiqəti yazmağı. Sözləri düz və yerində işlətməyi və çox çalışmağı. Onlardan razı idi. Orxana çox, inanır onunla fəxr edirdi.

- Fikrət Sadıq çox səfərlərdə olub, bu haqda nə deyə bilərsiniz?

- Mən də, uşaqlar da ondan ötrü çox darıxırdıq. Amma bu səfərlər onun yaradıcılığına çox müsbət təsir edirdi. Yaradıcı insan üçün səyahət vacibdir. Uzaqlıq bizi daha da doğmalaşdırırdı. Nə qədər darıxsaq belə, hər gəlişi bir bayram idi. Mən elə bilirəm ki, o yenə də səfərdədir... 

- Fikrət Sadıqın Məhəmmədhüseyn Şəhriyarın "Azərbaycan" şeirini tərcümədə dəyişməsinin sizcə, əsas səbəbi nə idi?

- O, Şəhriyarın yazdığını dəyişməmişdi. Fikrətin çox tərcümələri var, yalnız həmin şeir hədsiz uğurlu alınıb, bunu danmaq olmaz. Dəyişmək haqqında gəzən söhbətlər əsassızdır. Fikrət belə şeylərə qəti fikir vermirdi. Tərcüməni çox sevirdi. Şəhriyar özü də bəyənmişdi həmin şeiri. Hamı deyirdi ki, özü kimi yazıb. Onda vətən sevgisi çox güclü idi. Bu baxımdan həmin tərcümənin bənzəri yoxdur .

- Şairin xanımı kimi, onun kimliyini necə xarakterizə edərdiniz?

-    Təmiz, saf, işıqlı...

- Onu Dədə Qorquda bənzədirdilər, bu barədə nə deyə bilərsiniz?

- Ağ, uzun saçlarına görə bənzədirdilər. Hətta türkiyəli şair Şəmsi Bəlli məktubunda ona Dədə Qorqud deyə müraciət edirdi. Bəlkə bu oxşarlığa müdrikliyi də əsas verirdi.

- Fikrət Sadıq həm də uşaq şairi idi. Onu uşaq dünyasına, ədəbiyyatına bağlayan nə idi?

- Öz övladlarına sevgisi. Uşaq ədəbiyyatı onun üçün ayrıca bir dünyadı. Balacalar üçün çox yazıb, yalnız uşaq şairi deyildi Fikrət. Onun fəlsəfi, dünyəvi şeirləri daha çoxdur.

- Ölümə münasibəti, ölümü dərki barədə nə deyə bilərsiniz?

- Yaşamağı sevirdi. Həyat eşqi ilə dolu idi. Müdrik insan olduğundan ölümü normal qəbul edirdi. Son günlərində hamıyla vidalaşdı. Uşaqların üzünə baxmırdı bircə, onun ölümü dərki də səssiz və şahanə oldu.

- Şairi həyatda ən çox nə incidir, ən çox nə sevindirirdi?

- Onu həyatda haqsızlıq və yalan incidirdi. Sevinc mənbəyi isə övladları, nəvələri, bir də yaradıcılığı idi. 

- Mirzə Ələkbər Sabirin Fikrət Sadığı "evləndirməsi" məsələsindən də danışaq...

- "Sabir" poemasını yazandan sonra kitab şəklində çap olunmuşdu. O kitabdan aldığı qonarar ilə nişan, bir də toy edə bildi. Ona görə hər yerdə deyirdi ki, məni Mirzə Ələkbər Sabir evləndirib. 

- Ömrünün sonunacan o cür saç düzümündə qalması şair üçün çətinlik yaratmırdı ki?

- Sevirdi o saç düzümünü, ona görə çətin deyildi ona.

- Deyirlər sənət xarakterə təsir edir, həm də işıqçı, montyor olması Fikrət Sadığa necə təsir eləmişdi?

- Onun yaradıcılığında həmişə bir işıq vardı. Özü də işıq kimi aydın, həqiqəti sevən, nurlu insan idi.

- Fikrət Sadığın ən böyük və çata bilmədiyi arzusu nə idi?

- Məncə, nisgili ilk övladı İlkinin arzularının puç olması ilə bağlı idi. Qalan həyatda hər istəyinə nail olmuşdu. Uğurlu adam idi. Çətinliyi çox olsa da, heç zaman sınmadı, əqidəsindən dönmədi. Gözəl həyat yaşadı, sevildi. Onun çin olmayan arzusu yox idi. Bu, mənim üçün həmişə sirr oldu, sirr də qalacaq.

- Fikrət Sadıq haqqında başqa nə deyə bilərsiniz?

- Fikrətin ölümünə 2016-cı ilin 11 noyabrında yazdığım bu şeirimi demək istəyirəm:

Bir insan doğulub gəldi dünyaya, 
Özü bir sirr oldu, sirr olub getdi. 
Yazdığı misralar dərindən dərin 
Haqla, ədalətlə bir olub getdi. 

Bilinmədi kimdi - sirr dolu mücrü, 
Mücrünü açmağa əlim gəlmədi. 
Uzaqda dayanıb seyr etdim onu, 
Yad oldu, yaşadı, yad oldu getdi. 

Nə gördüm, nə bildim, sanki yuxuydu,
Yuxuda ayıldım, yuxuda gəzdim. 
Yuxuda sevildim yuxuda sevdim. 
Sonra da yuxuya bələnib getdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.