Ölkə

Göyçay sakininin qətlində həyat yoldaşı da şübhəli bilinir - YENİLƏNİB - VİDEO - FOTO

19 İyun 2017 22:17
21 Şərh     Baxış: 12 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:00

Göyçay rayonunda amansızlıqla törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun 2 bıçaq, 3 balta xəsarəti ilə öldürüldüyü məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini, Göyçayın Müskürlü kəndində  yaşayan Seymur Xanməmmədovla yanaşı mərhumun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı şübhəli şəxs qismində saxlanılıb.
 
Qətli törədən şəxsin Sadiq Musayevin dostu olduğu bildirilir.
 
Sadiq Musayevin yaxın qohumları Tərlan və Sərxan Qasımovlar APA-nın yerli bürosuna bildiriblər ki, hadisə iyunun 14-də, "Son zəng" günü baş verib.
 
Məlumata görə, S. Xanməmmədov Sadiqin evinə tez-tez gəlirmiş: "Həmin gün həyətdə oturub yeyib-içiblər, aralarında söz-söhbət olub. Seymur bıçaq və balta ilə Sadiqi arvadının və 4 azyaşlı uşağının gözü qarşısında amansızlıqla qətlə yetirib".
 
Bildirilib ki, Seymur dostunun həyat yoldaşı Arzu Musayeva ilə əlbir olaraq gecə saatlarında evin arxasında quyu qazaraq Sadiqin meyitini torpağa basdırıblar. Arzu Musayeva qayınanasına deyib ki, Sadiq fəhlə işləmək üçün evdən gedib, amma geri qayıtmayıb.
 
Deyilənə görə, Sadiqin anası və qohumları 3 gün onun yolunu gözləyib. Yaxınları həyətdə Sadiqin ayaqqabılarını tapıblar və bundan sonra onun harasa işləməyə getmədiyinə əmin olublar. Bundan sonra Göyçay rayon Polis Şöbəsinə onun itkin düşməsi barədə məlumat verilib.
 
Arzu Musayeva evə gələn polis əməkdaşlarına ərinin itkin düşdüyünü deyib, polis əməkdaşları həyətə baxış keçirəndə onun meyitinin torpağa basdırıldığı məlum olub: "Məlum oldu ki, Arzu Musayeva ərinin dostu ilə əlbir olaraq onun meyitini basdırıb və ona görə də polisə, qohumlara həyat yoldaşının itkin düşməsi barədə yalan məlumat verib. Arzu Musayevanın faktı nəyə görə gizlətdiyini, polisə və bizə yalan məlumat verməsinin səbəbini hələ də başa düşə bilmirik".
 
Hadisənin şahidi olan Sadiq Musayevin 11 yaşlı oğlu Ömər Musayev isə bildirib ki, atasının qatili Seymur onların evinə tez-tez gəlirmiş və həmişə gələndə yeyib-içdikdən sonra dava salırmış: "Seymur atama araq və pivə alıb gətirirdi. O, atamı balta ilə ölürdü, kürəyinə bıçaqla vurdu, sonra meyitini apardı evin arxasına basdırmağa".
 
Dörd uşaq anası olan Arzu Musayeva və qətli törədən Seymur Xanməmmədov saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.     

-----------

11:53

Göyçay rayonunda törədilən qətlin təfərrüatları məlum olub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə iyunun 18-də rayonun Çərəkə kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evdə qətlə yetirilmiş meyiti tapılıb. İlkin olaraq S.Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğuna çağırılsa da, ifadəsi alınandan sonra sərbəst buraxılıb. A.Musayevanın ifadəsi əsasında davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, S.Musayevi həmkəndlisi, 1984-cü il təvəllüdlü Xanməmmədov Seymur Gündüz oğlu qətlə yetirib. S.Xanməmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Məlumata görə, qətl hadisəsi şəxsi münaqişə zəminində baş verib. Belə ki, S. Musayev və S.Xanməmmədov qətldən bir neçə saat əvvəl içki qəbul ediblər. İçkili olan həmkəndlilər arasında mübahisə baş verib və onlar ayrılıblar. Sərxoş vəziyyətdə olan S. Xanməmmədov bir neçə saat sonra S. Musayevi öldürmək qərarına gəlib və onlara yollanıb. O. S.Musayevi yatdığı yerdə yaxalayıb və qətlə yetirib.

Xatırladaq ki, qətlə yetirilən S.Musayev 4 azyaşlı uşaq atasıdır.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

----------

10:53

Göyçay rayon sakinini qətlə yetirən şəxsin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb. Onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay Rayon Polis Şöbəsinə aparılıb və hazırda orda dindirilir.
 
Onun ərini hansı səbəbdən qətlə yetirdiyi, hələ ki, məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda, fəhlə kimi çalışdığı bildirilir.
 
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Milli.Az

----------

22:17

Videonu izləmək üçün şəklə klikləyin:

Göyçay sakininin qətlində həyat yoldaşı da şübhəli bilinir

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.