Ölkə

Agent, yoxsa "işverən" - Əslində onlar kimlərdir?

16 May 2017 17:18
0 Şərh     Baxış: 3 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətbuatın gündəmini "agent", "agentura" xəbərləri zəbt edib. Ləğv edilmiş MTN-in sabiq əməkdaşlarına açılmış cinayət işlərinin mətbuata sızan detallarında pul müqabilində agentlərin məlumat ötürməsi məlum olub. Adı agentlər sırasında hallanan şəxslər sırasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin keçmiş sədri mərhum Elçin Behbudov və digərləri var.

Milli.Az xəbər verir ki, femida.az agent və agentura terminin mənası və bunun qanunvericiliyə zidd olub, olmamasını araşdırıb. 

Agent, agentura dedikdə nə başa düşülür, ümumiyyətlə dövlət orqanlarının bu sahədə fəaliyyətləri nədən ibarətdir? 

Mövzu ilə bağlı sualları cavablandıran vəkil Sadiq Əfəndiyev bildirib ki, agent dedikdə qanunvericiliyə uyğun qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslər başa düşülür. Bu, əslində vətəndaşın cinayətkarlıqla mübarizədə iştirakının bir formasıdır.

"Cinayətkarlıqla mübarizənin uzun illər boyu formalaşmış təcrübəsi göstərir ki, bu mübarizədə müsbət nəticəyə yalnız vətəndaşların aktiv iştirakı və dəstəyi sayəsində nail olmaq mümkündür. Bu baxımdan dövlət orqanlarının agentura sahəsində fəaliyyəti cinayətkarlıqla mübarizədə ən effektiv üsullardandır. Bu fəaliyyət ayrı-ayrı şəxslərin məxfi əməkdaşlığa cəlb edilməsini, onlara müvafiq tapşırıqların verilməsini, lazımi informasiyaların alınmasını və s. bu kimi hərəkətləri əhatə edilən bir fəaliyyətdir."





- Cəmiyyətdə agentlik edən şəxslərə baxış birmənalı deyil. Bəziləri agentliyi qəbahət, qəbul edilməz bir əməl kimi qiymətləndirərək, onları "işverən" adlandırırlar.

"Doğrudur, əməliyyat-axtarış fəaliyyəti orqanlarına kömək edən şəxslərin barəsində bəzən "stukaç", "suka", "işverən" və s. kimi ifadələr işlədirlər. Onlar çox vaxt pis iş tutmuş adamlar kimi qınaq obyektinə çevrilirlər. Nəzərə almaq lazımdır ki, onların barəsində işlədilən bu ifadələr vaxtilə kriminal aləmdə həbsxana jarqonları kimi işlənib hazırlanaraq düşünülmüş surətdə dövriyyəyə buraxılmış ifadələrdir. Təbii ki, kriminal aləmdə cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat vermək həmişə həbsxana jarqonu ilə "zapadlo", yəni alçaqlıq, kriminal qəbahət sayılıb. Cinayətkar fəaliyyətlə məşğul olan şəxslər cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanlarına kömək edən şəxsləri bu cür qınayıcı, aşağılayıcı ifadələrlə adlandırmaqda məqsədləri onların haqqında cəmiyyət arasında sanki bir pis iş tutmuş adam təsəvvürü yaratmaq, bununla da cinayətkarlıqla mübarizəni kriminal aləm üçün ən təhlükəli üsul olan agentur üsuldan mümkün qədər məhrum etməkdir. Ancaq vətəndaşlarımız yadda saxlamalıdırlar ki, cinayətkarlıqla mübarizədə dövlətə kömək göstərmək heç vaxt qəbahət sayıla bilməz, ən böyük qəbahət cinayətkar fəaliyyətlə məşğul olmaq və cinayət törətməkdir. 

- Keçmiş MTN işi ilə bağlı məlum məhkəmə prosesində MTN-in əlaqəsində olmuş bir sıra məxfi əməkdaşların adları açıqlandı və bu məlumatlar mətbuata sızdırıldı. Qanunvericilikdə bununla bağlı hər hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?

- "Dövlət sirri haqqında" qanuna görə dövlət sirrini təşkil edən məlumatlardan biri də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlardır. Dövlət sirrini təşkil edən məlumatların yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bildiyindən bu məlumatlar qanunla mühafizə olunur və bu məlumatları yaymış şəxslər Cinayət Məcəlləsinin 284-cü maddəsilə cinayət məsuliyyətinə cəlb olunurlar. Burada yayılma dedikdə, məlumatın kənar şəxslər dairəsinə ötürülməsi başa düşülür. Yayılma bir neçə formada ola bilər.
Məsələn, mətbuatdan aldığımız məlumatlara görə keçmiş "MTN işi" adlandırılan cinayət işi üzrə həyata keçirilən məhkəmə prosesi zamanı hələ ibtidai istintaqda müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktına istinad edilməklə MTN-in əlaqəsində olan məxfi əməkdaşların adları açıqlanıb. Əslində bu cür məlumatlar ittiham aktında açıqlığı ilə göstərilməməli idi. Əgər məxfi əməkdaşlar barədə məlumatların ittiham aktında göstərilməsi istintaq zəruriyyətindən irəli gəlmişdirsə, məsələn, agentur şəbəkəyə ayrılmış pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı ittihamın verilməsi üçün, bu zaman məxfi əməkdaşların şəxsiyyətlərini müəyyən etməyə imkan verən məlumatlardan istifadə edilməsi yersiz idi və buna ehtiyac yox idi. 

Bu baxımdan dövlət sirrini təşkil edən məlumatların ittiham aktına daxil edilərək proses iştirakçılarına və açıq məhkəmə iclasına təqdim olunması cinayət qanununun nəzərdə tutduğu mənada dövlət sirrinin yayılması kimi qiymətləndirilməklə, bu hərəkətlərə yol vermiş şəxslər istinad olunan maddənin sanksiyasına uyğun formada üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə, eyni əməllər ağır nəticələrə səbəb olduqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.