Ölkə

Dünya şöhrətli azərbaycanlı alimin yubileyi qeyd edilib - FOTO

10 May 2017 12:41
2 Şərh     Baxış: 3 024

Akademik Məmmədtağı Qəniyevin 110 illik yubileyi qeyd olunub.

Tanınmış akademik, əməkdar elm xadimi, baytarlıq elmləri doktoru, professor, görkəmli mikrobioloq, epizootoloq, pedaqoq Məmmədtağı Qasım oğlu Qəniyevin anadan olmasının 110 illik yubileyi qeyd olunub.


Milli.Az xəbər verir ki, bu münasibətlə Şamaxı rayon Tarix-Diyaşünaslıq Muzeyində tədbir təşkil edilib.

Tədbirdə çıxış edən AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, baytarlıq üzrə elmlər doktoru Aftandil Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktor müavini Səhman Bayramov, professor İlham Əzimov, baytarlıq üzrə fəlsəfə doktoru Ruslan Cəfərov, Heyvanların infeksion xəstəliklərini öyrənən laboratoriyanın aparıcı elmi işçisi, akademik Məmmədtağı Qəniyev irsinin araşdırıcısı Azər Həsənov və Şamaxı rayon Baytarlıq İdarəsinin rəisi Kamran Bəkirov çıxış ediblər.

Natiqlər dünya şöhrətli mərhum alimin həyat yoluna nəzər salıb, onun elmə verdiyi töhfələrdən bəhs edib, akademiklə bağlı xatirələrini bölüşüblər. Yubiley tədbirində qeyd edilib ki, Azərbaycanda baytarlıq mikrobiologiyasının inkişafı və tədrisi məhz M.Qəniyevin adı ilə bağlıdır.

AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov müəllimi akademik M.Qəniyev haqqında qeyd edib ki, o, xalqımızın ötən yüzillikdə yetişdirdiyi nadir şəxsiyyətlərdən, görkəmli alimlərdən biri idi: "Biz bu böyük insandan dəqiqliyi, məsuliyyəti, prinsipiallığı, vətən sevgisini, başqasının dərdinə şərik olmağı öyrənirdik".

Tədbir iştirakçıları alimin Şamaxı şəhər məzarlığındakı məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar. 

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Tədbirdə Şirvan aşıq məktəbinin yetirmələri Əvəzxan Xankişiyev, aşıq Rza, aşıq Babəkin ifasında müxtəlif aşıq mahnıları ifa ediblər.   

Qeyd edək ki, akademik Məmmədtağı Qəniyev 1907-ci il mayın 9-da Şamaxı şəhərində kiçik tacir ailəsində anadan olub. Gənc yaşlarından heyvanat aləmi ilə maraqlanaraq bu sahəni özünə həyat yolu seçən M.Qəniyev 1928-1932-ci illərdə Yerevan Baytar-zootexnika İnstitutunun Baytarlıq fakültəsində ali təhsil alıb. O, elmi araşdırmalarını davam etdirərək baytarlıq üzrə elmlər doktoru dərəcəsini alıb, daha sonra SSRİ Kənd Təssərüfatı Akademiyasının və Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

M.Qəniyev karyerası ərzində müxtəlif elmi tədqiqat və dövlət qurumlarında elmi işçi, kafedra müdiri, baş baytar həkim, İnstitut direktoru və s. kimi vəzifələrdə çalışıb. Onun sonuncu iş yeri Azərbaycan SSR Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu olub.

Akademikin əsas elmi fəaliyyəti iribuynuzlu heyvanlarda pasterellyoz xəstəliyinin tədqiqi və ona qarşı mübarizə tədbirlərinin hazırlanması ilə bağlı olub. Onun da elmi töhfələri əsasında xəstəliyin müalicəsində effektiv təsirə malik olan vaksin hazırlanıb ki, o da 1949-cu ildən sənaye miqyasında kütləvi istehsal edilməyə başlanıb. Sonralar vaksinin təkmilləşdirilməsi ilə məşğul olan akademik onun yeni, daha effektli variantını hazırlayıb. Həmin vaksin 1966-cı ildə SSRİ Kənd Təsəsrrüfatı Nazirliyi tərəfindən müsbət rəy alaraq preparat kimi təsdiq olunub və geniş şəkildə tətbiq edilib. Bundan başqa, M.Qəniyev kənd təsərrüfatı heyvanlarında geniş yayılan çiçək, dabaq, aqalaktika, leykoz, listerioz və s. xəstəliklərinin öyrənilməsi sahəsində də geniş tədqiqatlar aparıb, professor Ə.Ənnağıyevlə birlikdə listerioz əleyhinə canlı vaksin təklif edib. Vaksin 1965-ci ildə keçmiş SSRİ Kənd Təsəsrrüfatı Nazirliyinin Elmi-Texniki Şurası tərəfindən təsdiq edilib və onun kütləvi istehsalına başlanıb.

Akademik M.Qəniyevin 200-dən artıq elmi əsəri dərc edilib. O, mikrobiologiya sahəsində Azərbaycan dilində Azərbaycan dilində mikrobiologiya terminologiyasının və "Mikrobiologiyanın əsasları" adlı ilk dərsliyin müəllifi olub. Akademikin rəhbərliyi ilə 36 fəlsəfə və elmlər doktoru hazırlanıb.

Baytarlıq elminin inkişafında və yüksək ixtisaslı kadrların  hazırlanmasında xidmətləri yüksək qiymətləndirilərək M.Qəniyev "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində "Fədakar əməyə görə" və "Qafqazın müdafiəsinə görə" medalları və fəxri fərmanları ilə təltif olunub, Əməkdar elm xadimi adına layiq görülüb.

Akademik Məmmədtağı Qəniyev 17 avqust 1979-cu ilin may ayında Bakıda vəfat edib.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Azəbaycanlı · 10 May 12:5100

    Allah rəhmət etsin. Gözıl insan, elm fədaisi. Əsil örnək ola bilən insan. Gənclərimizə belə insanlar haqqında məlumaat vermək lazımdır.

    Cavab yaz
  • Anonim
    Elshan · 10 May 12:5100

    Dunya shohretli alimi ele birce Shamaxida aniblar? Hani bes Milli Elmler Akademiyasi???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.