Ölkə

Azərbaycanda ətin bahalaşma səbəbi açıqlandı: 13 min mal-qara, 42.5 min qoyun...

18 Aprel 2017 16:41
4 Şərh     Baxış: 3 211

Azərbaycan Dövlət Statistika Komitəsi son illərdə ilk dəfə ölkədə heyvandarlıq sahəsində tənəzzülün yaşandığını təsdiqləyən rəqəmlər açıqlayıb. Komitənin təqdim etdiyi rəqəmlərə görə bu ilin 3 ayında əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 12.8 min baş, qoyun və keçilər isə 42.5 min baş azalıb. Ekspertlər isə azalmanın daha çox olduğunu deyirlər.

Dövlət Statistika Komitəsinə görə, aprel ayının əvvəlinə ölkədə 2 milyon 706.8 min baş iribuynuzlu mal-qara var. Bunun 1.3 milyon başı inək və camışlardır. Qoyun və keçilərin sayı isə 8 milyon 785.5 min başdır. Üç ayda 115.4 min ton ət (diri çəkidə) istehsal olunub.

DSK həm də ilin əvvəlindən ət məhsullarının 10 faizdən çox bahalandığını, ət istehsalının isə 3.2% artdığını açıqlayıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "Azadlıq" radiosuna açıqlamasında deyir ki, heyvandarlıq sahəsində geriləmə 2013-cü ildən bəri müşahidə olunur. Bunun əsas səbəbləri mal-qara yeminin bahalaşması və örüş sahələri kimi istifadə olunan torpaqların təyinatının dəyişdirilməsi üçün görülən işlərdir.

"Apardığımız monitorinqlər göstərirdi ki, qaramalın sayında azalma baş verir. Xüsusən, iribuynuzlu mal-qaranın və davarın sürətlə kəsimə verildiyi haqda məlumatlar alınırdı. Azalmanın səbəblərinə gəlincə, bir tərəfdən yetərincə yem istehsal olunmur, digər tərəfdən isə təbii otlaq və biçənək sahələri heyvandarlardan alınır", - ekspert deyir.

Milli.Az virtualaz.org-a istinadən qeyd edir ki, indiyə qədər örüş sahələri kimi icarəyə verilən torpaqların təyinatının dəyişdirilməsi ölkədə kənd təsərrüfatının ixracyönümlü sahələrinin inkişafına dair dövlət strategiyasının tərkib hissəsidir. Belə ki, ölkədə postneft dövrü iqtisadiyyatının inkişafı üçün kənd təsərrüfatının valyuta gətirmək qabiliyyəti olan seqmentlərinin inkişafı vəzifəsi qoyulub. Bunlar pambıqçılıq, tütünçülük və digər sahələrdir.

Azərbaycanda isə örüş üçün yararlı torpaq sahələri onsuz da məhdud idi. Ölkənin heyvandarlıq üçün münbit ərazilərinin böyük bir qismi işğal altındadır. Nəticədə kənd təsərrüfatının valyutayönümlü sahələrini inkişaf etdirmək üçün örüş sahələrinin təyinatının dəyişdirilməsi qaçılmaz olub. Bu isə heyvandarlıqla məşğul olan  kiçik və orta fermer təsərrüfatlarının faktiki sıradan çıxması deməkdir.

Lakin bu, heç də heyvandarlıqda tənəzzül hesabına baş verə bilməz. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yığıncağındakı çıxışlarında dəfələrlə bildirib ki, heyvandarlıq bundan sonra əsasən qapalı fermalarda inkişaf etdirilməlidir. Bu isə cins mal-qaranın yetişdirildiyi iri, müasir ferma komplekslərinin yaradılması deməkdir ki, artıq bir çox bölgələrdə iri holdinqlər belə layihələr həyata keçirirlər.

Bununla belə, heyvandarlığın qapalı fermalarda müasir üsullarla inkişaf etdirilməsi iri kapital tələb etməklə yanaşı müəyyən vaxt tələb edən işdir. Bu baxımdan açıq sahələrdə mal-qara yetişdirilməsinin məhdudlaşması baş versə də heyvandarlıqda azalmanın yerinin yeni yaradılacaq heyvandarlıq komplekslərində istehsal hesabına doldurulması yaxın 2-3 ildən tez baş verməyəcək. Bir şərtlə ki, müasir heyvandarlıq komplekslərinin yaradılmasına yönəldilən subsidiyalar və kreditlər effektiv istifadə olunsun, eyni zamanda bu sahəyə xarici kapital cəlb edilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    N · 18 Aprel 16:4800

    Eşşâynân atda bura daxil edilib.

    Cavab yaz
  • Anonim
    Musa · 18 Aprel 16:5700

    Bu hələ harasıdı. Otlaq sahələri günü gündən azalır. Kimin pulu varsa adamı varsa orüş sahələrini zəbt edir.

    Cavab yaz
  • Anonim
    Coban · 18 Aprel 17:2000

    Bas deyirlar inkisaf edirik.Har gun masallah demaydan dilim qabar olub.

    Cavab yaz
  • Anonim
    eliw · 18 Aprel 17:2720

    duze duz daniwimda ..yayda istirahete gedende rayonlara inaninki rayonda kiminse ekib becermekle mal qarayla mewqul olan cox az faiz gorurem..saheler bow bowuna qalub..rayonlarin 80 faizinde olmuwam hamisinda da eyni weyi gormuwem..bilmirem bu kend camati ne iwle mwquldu..valla menim papam biraz baq sahesi var weherde her yaz gelende ekib becerir her sbota bazar..kend camati kankret wehere qacir ele bil bal tokulub burda..gedib o ekin sahelrinde niye ekib becermirler..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.