Ölkə

"Azerspace-1"lə yayımlanan gürcü kanallarının sayı artır

6 Aprel 2017 18:05
0 Şərh     Baxış: 1 617

Gürcüstanın daha dörd kanalının "Azerspace-1" üzərindən yayımına başlanıldı.

Nəqliyyat, rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərkosmos" ASC Korporativ kommunikasiya departamentindən Milli.Az-a verilən məlumata görə, Gürcüstanın dörd populyar kanalı - "İmedi" TV, "GDS" TV, "Pirveli" TV və "Marneuli" TV Azərbaycanın  "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.

Həmin telekanalların "Azərkosmos" ASC ilə imzalanan kommersiya müqaviləsinə əsasən, onlar 2017-ci ilin aprel ayından etibarən 11095/H/30000 tezliyi ilə yayımlanır.

Gürcüstanda, xüsusilə azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdə kifayət qədər izləyicisi olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən (C diapazonda 24, Ku diapazonda 12 transponder) ibarətdir.

2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə "Azərkosmos" 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.