Ölkə

Yaralı tələbələrdən biri DİN-in hospitalına köçürüldü - YENİLƏNİB

16 Mart 2017 16:26
19 Şərh     Baxış: 5 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:26

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan və Sumqayıt Təcili yardım Xəstəxanasında mülaicəsini davam etdirən yaralı tələbələrdən biri - Aytən Quluzadə Daxili İşlər Nazirliyinin Hospitalına köçürülüb.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a Sumqayıt Şəhər Təcili Tibbi yardım Xəstəxananın baş həkimi Rauf Sadıqov məlumat verib. Onun sözlərinə görə, xəstənin səhhətində ciddi problem yox idi: "Burnunda sınıq var idi, onu da əməliyyat edib, düzəltmişdik. Sadəcə onların hansı vəziyyətdə qəzaya düşdükləri məlumdur və böyük stress keçiriblər. Onlara sakitlik lazım idi, bura daim xəstələr gəlir, gecə vaxtı təcili xəstə köçürülməsi olur. Bu baxımdan bizim xəstəxana onda narahatçılıq yaradırdı. Qohumlarının istəyi ilə həmin xəstəni DİN-in Hospitalına köçürdülər. Hazırda bizdə bir yaralı tələbə müalicəsini davam etdirir".

Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.

---------

14:34

"Sosial şəbəkədə yazdığım statusdan sonra Daxili İşlər Nazirliyi məsələni aydınlaşdırdı və bacım DİN-in hospitalına aparıldı".

Milli.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında bir həftə öncə Bakı - Sumqayıt yolunda dəhşətli qəza nəticəsində yaralanan Aytən Quluzadə adlı xanımın bacısı Ayşən deyib.
 
Qeyd edək ki, xanım sosial şəbəkədə Sumqayıt Dövlət Xəstəxanasını və icra hakimiyyətini kəskin tənqid etmişdi "Qəzada xəsarət alan tələbələri vecinə alan yoxdur. İcra başçısı, digərləri gəlib qəza günü yalandan tələbələrin başlarını sığallayıb mediaya "poza verib" çıxıb getdilər, gedər-gəlməzə. Qara yol getsinlər...

Sözüm ondadır ki, bacım yatan xəstəxananın elə bir şəraiti var ki, orada sağlam adam xəstəlik tapar. O boyda yerdə cəmi iki tibb bacısı var. Əvvəl tapşırıq var idi deyə maraqlanırdılar. İndi tələbələrlə maraqlanan yoxdur. Srağagün bacımın halı pisləşəndə günorta saat 3 deyildi heç, amma həkim tapılmırdı uşağı yoxlamağa, yardım etməyə. Axırda gördülər anam hay-küy salıb, əməliyyatdan həkimin birini yarımçıq çıxarıb gətirdilər. O gəlib yardım etdi. 2-3 gün idi oradakı həkimə dedik aparaq Bakıya. Dedi ki, dilinizdən kağız verəsiniz gərək, sonra aparasınız. Çarəsiz tərpətmək olmaz deyə qalmağına razılaşdıq. Bu gün də yenə pis olub vəziyyəti. Yenə həkimi yox idi. Başqa həkim gəlib baxıb yenə. Zəng vurduq İcra Hakimiyyətinə. Dedilər ki, maraqlanacaqlar. Saatlar keçib, amma nə səs var, nə soraq. Bu qədər də olmaz də. Bir abrınız-həyanız olsun. Məqsədiniz sağ qalanları da öldürməkdir? Xəstənin vəziyyəti ilə bağlı nəsə deyəndə elə cavab verirlər ki, sözlərindən belə çıxır ki, pulun varsa, apar özəldə müalicə elətdir, bizim gücümüz buna çatır".
 
Şikayətçi daha sonra qeyd edib: "Gündə bir sistem, iki iynə ilə o cür xəstələr sağalmır. Xəstəxana özü nə gündədir ki, xəstəyə də baxmağa imkanı olsun?! Bu dəqiqə o tələbələrə normal şəraiti, hər növ yardım imkanları olan bir klinikada müalicə lazımdır. Bu gecə iki dəfə qızların palatasına xəstə gətirilib. Hər dəfə işığı yandıranda, səs-küy olanda yuxudan yarımçıq ayılırlar. Travmalı uşaqlar olduğunu nəzərə almalıdırlar. Düzgün yardım etsinlər xəstələrə. Səhiyyəmizin necə bərbad olduğunu görmək çox çarəsizdir. Gərək bizim ölkədə xəstəxanaya gedəndə dərmanı da, həkimi də özünlə aparasan, başqa yolu yoxdur. Səlahiyyəti olan hər kəs bu məsələ ilə maraqlanmalıdır. Bu, onların öhdəliyidir və lazımi səviyyədə də yerinə yetirməlidirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.