Ölkə

Emin Musəvi: "Hansısa veriliş xoşuma gəlmirsə..."

24 Dekabr 2016 16:34
1 Şərh     Baxış: 3 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Stəkanı yarı dolu görürəm, yaxşı şeyləri görməyə çalışıram".

Dekabrın 24-də 1 yaşı tamam olan "ASAN Radio"nun direktoru Emin Musəvinin Milli.Az-a müsahibəsi:

- "ASAN Radio"nun əsas prioritet və hədəfləri nədən ibarətdir?

- Formatımıza görə, ən əsas prioritetimiz dövlət xidmətləridir. Əsas məqsəd də əhalini maarifləndirməkdir. Çalışırıq ki, dinləyicilərimiz üçün maarifləndirici verilişlərlə faydalı olaq. Bizim funksiyamız da elə budur - dövlət qurumları ilə vətəndaşlar arasında bir körpü rolunu oynamaq, onları bir-birinə daha yaxın etmək və çətin suallara asan cavab tapmaq. Rəsmi şəxslər, dövlət qurumlarının rəhbərləri, nazirlər və s. burada çıxış edir və suallara da cavab verirlər. Onlar hətta interaktiv olaraq bir neçə vətəndaşın problemini dinləyib, sonra onları qəbul edərək problemlərini həll ediblər.

Yayım arealına gəlincə, 100 FM tezliyində yayımlanır, həmçinin, asanradio.az saytı vasitəsilə, eləcə də mobil telefonlarla "ASAN Radio" üçün hazırlanmış xüsusi mobil tətbiqlər vasitləsilə dinlənilir. Dinləyici auditoriyamız da genişlənir.


- "ASAN Radio"da işə qəbul olmaq üçün jurnalistika fakültəsini bitirmək nə dərəcədə vacib hesab edilir? 

- Bizdə işə qəbul olmaq üçün jurnalistika fakültəsini bitirmək vacib olmasa da, prioritet sayılır. Amma bizim üçün daha vacibi odur ki, insan özü bu sahənin vurğunu olsun, radionu çox sevsin, eyni zamanda bilikli, məlumatlı, dünyagörüşü olsun, jurnalistikada tələb olunan meyarlara uyğun olsun. Biz radio hələ təzə açılanda müsabiqə elan etdik. Qısa müddət ərzində bizə iki minə yaxın insan müraciət elədi. Biz onların da arasından kifayət qədər əməkdaş seçdik. Amma kadr arxasında çalışan xüsusən səs rejissoru, texniki işçilər isə çalışdıq ki, peşəkar olsunlar. Amma radioda gənclər, bu sahədə ilk addımlarını atan və işə bizimlə bərabər başlayan insanlar da az deyil.

Bir məqamı da vurğulamaq istəyirəm ki, "ASAN Radio" həm də gələcəyin media işçilərini yetişdirir. Belə ki, "ASAN xidmət" və ASAN adı həm könüllülərlə bağlıdır. "ASAN könüllüləri" burada "Master-2" proqramı çərçivəsində təcrübə keçirlər, mediaya aid olan müxtəlif peşələrə yiyələnirlər. Son 2 ayda onlar üçün kifayət qədər təlim keçirilib və onlar iş prosesində iştirak ediblər. Artıq onlardan bəziləri işə götürülüb və burada çalışırlar. Hazırda əməkdaşlarımızın sayı könüllülərlə bir yerdə 30 nəfərə yaxındır. radio müstəqil olanda, yəni hansısa televiziyanın tərkibində olanda, o zaman əməkdaşlarının sayı daha çox olmalıdır. Bizdə yalnız musiqili-əyləncəli radio deyil, informasiya prioritet hesab olunur. Amma işlər və layihələrin sayı artdıqca işçilərin sayı da artacaq.

- Hazırda proqramların müxtəlifliyi ilə bağlı vəziyyət necədir?

- Proqram və buraxılışlarımızın sayı çoxdur. Bir neçə əsas verilişlərimiz var. Yeni üsullarla işləməyə çalışırıq. Yəni əsas mesajı 1 saat ərzində deyil, 2-3 dəqiqə ərzində çatdırmaq bizim ən əsas məqamlardandır. Ona görə də biz həm proqram və verilişlərə, həm xüsusi reportajlara və radioçarxlara üstünlük veririk. Onlar rotasiya qaydasında gün ərzində bir-birini dəyişir və yenilənir. Ən əsas məqam ondan ibarətdir ki, biz çalışırıq özümüz də istər radio, istər sosial media, istərsə də saytımız üçün xəbər istehsal edək. Əgər baxsanız, görərsiz ki, asanradio.az kifayət qədər fəal saytdır, yəni xəbər saytı kimi də fəaliyyət göstərir.

- Bəs musiqi seçimində əsasən hansılara üstünlük verilir?
 

- Biz milli musiqilərimizə daha çox üstünlük veririk. Hesab edirik ki, milli musiqi mütləq prioritet olmalıdır. Çünki müsiqi özü də bir təbliğatdır. Xarici mahnılar da olur, amma 70-80 faiz məhz milli musiqi səslənir.

- "ASAN radio"nun digərlərindən əsas fərqi nədədir?

- Ümumiyyətlə, biz formatımıza görə fərqlənirik. Bu radio dövlət başçısının tapşırığı ilə yaradılıb və sırf dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk radio kimi fəaliyyətə başladı, bu fəaliyyəti davam etdiririk. Biz çalışırıq ki, dinləyicilərə təvazökarcasına öz mesajlarımızı çatdıraq. Bizim əsas şüarımız və məqsədimiz insanları maarifləndirməkdir. Çalışırıq ki, "biz seçilirik", "daha üstünük" kimi ifadələrdən istifadə etməyək və bütün digər media qurumları ilə normal, sağlam münasibətdə olaq. Bizim efirimiz də onlar üçün hər zaman açıqdır. Yəni onlardan kiminsə hansısa mesajı varsa və ya birgə layihə həyata keçirmək istəyirsə, qapımız hər zaman açıqdır, bu məsələrdə əməkdaşlığımız üçün heç bir problem yoxdur.
 

- Siz artıq uzun illərdir media sahəsində çalışırsız. Peşəkar mütəxəssis kimi, həm radio, həm də televiziyalarımızın fəaliyyətini necə qiymətləndirərdiz?

- Təbii ki, mən başqa radiolara da qulaq asıram, televiziyalara baxıram. Hesab edirəm ki, radiolarımızın inkişafı çox normal gedir. Ümumiyyətlə, əgər televiziyada və ya radioda hansısa veriliş xoşuma gəlmirsə, özümə işgəncə vermirəm və tez həmin kanalı dəyişirəm. Fikrimi bir dinləyici kimi deyirəm ki, hazırda istənilən sahədə olduğu kimi, bu sahədə də peşəkarlar da var, qeyri-peşəkarlar da var. Amma deyim ki, yalnız gileylənirəm, şikayətlənirəm, yox, çalışıram ümumiyyətlə məsələlərə pozitiv baxışla yanaşım. Yəni stəkanı yarı dolu görürəm, yaxşı şeyləri görməyə çalışıram.


- Bəs kanalları nə qədər tez-tez dəyişirsiz?

- Telekanalları bəzən olur ki, tez-tez dəyişirəm. Radiolara gəlincə, hazırda ölkədə 13 radio fəaliyyət göstərir. Təbii ki, onlardan bir neçəsi çox yaxşı işləyir. Yəni müqayisə etmək lazımdır. Avropada, başqa ölkələrdə radioya qulaq asanda, televiziyaya baxanda nə xoş gəlirsə və bizdə də ümumi ab-hava inkişaf etmiş ölkələrdə kimi həmin tərzdədirsə, deməli, bu yaxşıdır, normaldır. Amma nəsə fərqlənirsə, geridə qalırsa, deməli, bu sahədə işləmək lazımdır.

- Əgər özümüzlə, 10-15 il əvvəlllə müqayisə etsək, necə?

- Bu başqa söhbətin mövzusudur. İnşallah, gələn dəfə bu barədə də danışarıq. (gülür-red.)

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.