Ölkə

"ASAN Radio" bütün ölkəyə yayımlanacaq - FOTO - VİDEO

22 Dekabr 2016 18:02
Baxış: 4 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gündən sonra 1 yaşını qeyd edəcək "ASAN Radio" gələn ildən artıq regionlarda da yayımlanacaq.

Bu barədə "ASAN Radio"nun direktoru Emin Musəvi deyib.

Direktorun sözlərinə görə, radionu respublikanın digər bölgələrini əhatə etməsi yaxın zamanlarda gerçəkləşəcək: ""ASAN Radio" hələlik yalnız Bakıda və Abşeron yarımadasında 100 FM tezliyində yayımlanır. Bundan başqa, radionu asanradio.az saytı vasitəsilə, eləcə də xüsusi olaraq "ASAN Radio" üçün hazırlanan mobil tətbiqlərdən istifadə etməklə mobil telefonlarda da dinləmək mümkündür. Amma yeni ildən etibarən planlaşdırırıq ki, "ASAN Radio" bölgələrdə də yayımlansın".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan "ASAN Radio" 24 dekabr, 2015-ci il tarixdə yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olaraq "ASAN Radio" sosial, elm, idman, mədəniyyət və digər sahələrində maraqlı, faydalı verilişlər hazırlayaraq dinləyicilərə təqdim edir.

Videonu izləmək üçün şəklə klikləyin:

ASAN Radio tanıtım çarxı

"ASAN Radio" həm "ASAN xidmət" mərkəzlərində təmsil olunan, həm də digər  dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır, vətəndaşlarla dövlət qurumları arasında əlaqəni möhkəmləndirir. Eyni zamanda xəbər istehsalçısı olan radio məlumatları dinləyicilərə operativ şəkildə çatdırır. Bundan başqa, asanradio.az saytı radionun istehsalı olan audio və videomaterialları, ölkədə, xaricdə baş verən hadisələrlə bağlı xəbərləri oxuculara təqdim edir.

Radio həmçinin dinləyicilərə gün ərzində Azərbaycan və dünya musiqisindən seçmələr də təqdim edir.

Videonu izləmək üçün şəklə klikləyin:

ASAN Radio - Radiomuz belə tikildi

"ASAN Radio" həm də gələcəyin media işçilərini yetişdirir. Belə ki, ASAN könüllüləri, BDU-nun jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçərək radio yayımçılığının müasir üsullarını öyrənirlər.

Cəmi 1 yaşı olmasına baxmayaraq, "ASAN Radio" sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, videoreportajlar yayımlayır. Radio beynəlxalq əlaqələr və radiokörpülər qurur, ölkəmizdə və beynəlxalq miqyasda keçirilən mötəbər tədbirləri canlı yayımlayır, sosial aksiyalarda iştirak edir. Bundan başqa, müxtəlif dövlət qurumları, həmçinin bizneslərini inkişaf etdirən özəl strukturlar bu radionu etibarlı tərəfdaş olaraq seçir və onun təbliğat platformasından yararlanmağa çalışırlar.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.