Ölkə

Azərbaycanın təhlükəli ərazilərində SON VƏZİYYƏT açıqlandı

1 Dekabr 2016 16:43
0 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sürüşmə sahələrində müşahidə olunan vəziyyət açıqlanıb. 

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, noyabrda ekzogen-geoloji proseslərin baş verdiyi sahələrdə müşahidələr davam etdirilib. 
 
O bildirib ki, Astara rayonunda Kijəbə sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım qeydə alınıb, ölçülərdəki dəyişiklik hələ də davam edir: "Astarada Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də sürüşmə sahəsində ay ərzində yağıntıların təsirindən uçqunlar olub və sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub, eynilə yolboyu yeni sürüşmə sahələri əmələ gəlib. Astaranın Motlayataq və  Miki sürüşmə sahələrində aktivləşmə müşahidə olunub, atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım qeydə alınıb. Lerik rayonunda Veri-Əliabad yolunun sürüşmə sahəsində mövcud çatların ölçüsü artıb. Lənkəran-Lerik yolunun 27-29-cu km-də atmosfer yağıntılarının təsirindən uçqun-sürüşmə baş verib, hazırda ərazidə aktivlik davam edir. Lənkəran-Lerik yolunun 45-47-ci km-də Günəşli kəndi ərazisində mövcud olan qədim sürüşmə sahəsində uzun illərdir stabillik davam edirdi, lakin sahədə aparılan yol bərpa-tikinti işlərinin nəticəsində və atmosfer yağıntılarının intensiv olması səbəbindən sürüşmə aktivləşib. Lənkəran-Lerik yolunun 17-19-cu km-də sürüşmə sahəsində aktivlik müşahidə olunub. Lənkəranda Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik qeydə alınıb, bir neçə yerdə uçqun tipli sürüşmə baş verib. Masallı rayonundakı Güllütəpə sürüşmə sahəsində eni 75-80 m, uzunluğu 350-400 m, qırılma qaşının hündürlüyü 4-5 m olan yeni sürüşmə sahəsi yaranıb. Sürüşmə sahəsi üzərində bir-birindən 1,2-1,8 m hündürlük fərqində bloklar və uzunluğu 20-60 m, eni 40 sm-ə çatan, görünən dərinliyi təxminən 1,7 m olan müxtəlif istiqamətli çox saylı çatlar əmələ gəlib. Masallının Zuvand sürüşmə sahəsinin dinamikasında aktivlik baş verib, kəndə giriş yolu bağlanıb, atmosfer yağıntılarının təsirindən kənd ərazisinin bir neçə yerində yeni sürüşmə sahələri əmələ gəlib. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də atmosfer yağıntılarının təsirindən sürüşmə baş verib, yolun 30-35 metrlik hissəsi tam sıradan çıxıb".
 
Ekspedisiya rəisinin sözlərinə görə, Gədəbəy rayonunda Şahdağ, Arıqıran və Əyridərə sürüşmə sahələrinin dinamikasında nisbi aktivlik qeydə alınıb: "Daşkəsəndə Alunitdağ sürüşmə sahəsi aktivləşib. Xızı-Altıağac yolunda təxminən 19 km məsafədə, müxtəlif yerlərdə asfalt örtüyün üzərində çox saylı çatlar yaranıb, sürüşmə-çökmə baş verib. Yolun çox hissəsində su ötürücülər sıradan çıxıb, yolun sağ və sol tərəfində xırda gölməçələr yaranıb. Siyəzən rayonunda Sədan sürüşmə sahəsinin dinamikasında hazırda nisbi aktivlik var. Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km-də sürüşmə sahəsində aktivlik qeydə alınıb. Qobustanda Poladlı sürüşmə sahəsi aktivləşib, Poladlı kəndində yolun 60-65 m hissəsi sıradan çıxıb. Qobustanda Cəyirli sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım müşahidə olunub".
 
Ə.Qaralov qeyd edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də bir neçə yerdə uçqun-töküntü baş verib, sürüşmə sahəsində olan çatların parametrlərində artım qeydə alınıb: "Şamaxıda Cabanı və Dədəgünəş sürüşmə sahələrinin dinamikasında aktivləşmə var. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də bir neçə yerdə uçqun-töküntü hadisəsi baş verib. Ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri yaranıb. Şamaxıda Çuxuryurd-Qızmeydan avtomobil yolunun 2, 3 və 7-ci km-də bir neçə yerdə sürüşmə prosesi baş verib. Bundan əlavə, Şamaxının Mədrəsə kəndində əhaliyə məxsus pay torpaqlarında sürüşmə olub, kənddə 20 ev təhlükəli vəziyyətlə üzləşib. Ağsuda Kalva, Dilman və Qırlar sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə olunur". 
 
Onun sözlərinə görə, İsmayıllı rayonunda Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-dəki sürüşmə sahələrində yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının intensiv təsiri nəticəsində ərazidəki mövcud çatlarda genişlənmələr müşahidə olunub: "İsmayıllıda Zərnava sürüşmə sahəsində qrunt sularının təsirindən sürüşmə aktivləşib. Basqal-Sulut avtomobil yolunun 10-cu km-də uzunluğu 750-800 m, eni 350-400 m, qırılma qaşının hündürlüyü 2-5 m olan sürüşmə sahəsi qeydə alınıb. İstisu sürüşmə sahəsində aramsız leysan yağışlarının təsirindən süxurlar su ilə tam doyaraq, ilişmə qüvvəsinin zəifləməsi nəticəsində yamacboyu hərəkət edib. Sürüşmə kütləsi üzərində 2-4 m hündürlüyündə bir neçə sahədə qabarmalar əmələ gəlib. Sürüşmənin dil hissəsində yeraltı axınlar nəticəsində kiçik göllər əmələ gəlib. Rayonun Sədiyan kəndinin şimal hissəsində atmosfer yağıntılarının normadan artıq düşməsinin təsirindən də sürüşmə baş verib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.