"Mart ayında keçirilən imtahanlarla bağlı "şagirdlər proqramı tam keçməyib" iddiaları düzgün yanaşma deyil. Biz imtahanları konkret proqram mövzularına görə təşkil etmirik. Yoxladığımız bacarıqlar 11 il ərzində formalaşmalıdır. Əgər şagird bu müddətdə oxuyub-anlama bacarığını mənimsəməyibsə, son 1-2 ayda bunu formalaşdırmaq mümkün deyil".
Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə bildirib.
M.Abbaszadə vurğulayıb ki, imtahanlara son aylarda keçilən mövzular daxil edilmir:
"Qalan mövzuları biz imtahana salmırıq. Bu narazılıqların əsas səbəblərindən biri isə repetitor fəaliyyətinin imtahan tarixləri ilə bağlı olmasıdır. Martda imtahan olduqda, əlavə dərslər daha tez başa çatır".
DİM sədri əlavə edib ki, gələcəkdə esse yazımı ilə bağlı da oxşar müzakirələr gözləniləndir:
"Artıq indidən deyilir ki, "şagirdlər esse necə yazacaq?" Amma bu da mərhələli şəkildə formalaşan bacarıqdır".
O, bəzi müəllimlərin çıxışlarına da münasibət bildirib:
"Mən hərdən müəllimlərin, xüsusilə bu YouTube-da olan çıxışlarını dinləyəndə mat qalıram. Niyə? Çünki müəllim özü etiraf edir ki, "mən bu məsələni həll edə bilmirəm, bu məsələni şagird necə həll eləsin?". Siz təsəvvür edirsiniz? Müəllim deyir ki, "mən bu məsələni həll edə bilmirəm".
Bəs sən müəllimsən axı. Bu proqram çərçivəsində olan bir məsələdir. Bir dənə də məsələ proqramdan kənarda deyil. 30 il ərzində mənə bir məsələ göstərməyiblər ki, bu proqramda yoxdur. Proqramda var, düşünmək lazımdır".
M.Abbaszadə bildirib ki, imtahan materialları daim yoxlanılır və təkmilləşdirilir:
"Bəzən deyilir ki, DİM əməkdaşları bu imtahanları versin. İnanın, imtahanlardan sonra biz həmin materialları götürüb özümüz də işləyirik, vaxtı ölçürük və nəticələri təhlil edirik".
Mina Mikayılova
Milli.Az





