Ölkə

KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri - MÜSAHİBƏ

21 Aprel 2026 11:28
Baxış: 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Keyfiyyətli məhsul uğurun əsas şərtlərindən biri olsa da, mikro və kiçik bizneslər satış kanallarına çıxış, müştəri tapmaq və bazarı düzgün analiz etmək kimi məsələlərdə bir çox hallarda çətinlik yaşayırlar. Məhz bu məqamda dövlət tərəfindən təqdim olunan dəstək mexanizmləri sahibkarlar üçün real imkana çevrilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirmək, məhsullarını daha geniş auditoriyaya təqdim etmək və bazar haqqında düzgün qərarlar qəbul etmələrinə kömək etmək məqsədilə bir sıra dəstək alətləri təqdim edir. Bu dəstəklər sahibkarlara həm ticarət şəbəkələrinə çıxış əldə etməyə, həm sərgi və yarmarkalarda iştiraka, həm də daxili bazarın peşəkar şəkildə araşdırılmasına imkan verir. Bu alətlər sahibkarların satış imkanlarını genişləndirir, bazar haqqında məlumatlılığını artırır və onların daha rəqabətqabiliyyətli fəaliyyət göstərməsinə şərait yaradır.

Satışa dəstək alətləri barədə sualları KOBİA-nın Biznesə xidmətlər departamentinin Bazarlara çıxış üzrə xidmət şöbəsinin müdiri Rəşad Bayramov cavablandırıb.

KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək üçün hansı mexanizmlər var?

Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışında qarşılaşdıqları çətinlikləri nəzərə alaraq KOBİA bu istiqamətdə xüsusi dəstək mexanizmi təqdim edir. Müvafiq qaydalara əsasən Agentlik iri ticarət şəbəkələrinin mağazalarında icarəyə yer götürərək vahid stendlər yaradır və sahibkarların məhsullarını bu satış nöqtələrində yerləşdirir. Məqsəd yerli istehsal məhsullarının tanıdılması və satış imkanlarının artırılmasıdır.

Bu mexanizm çərçivəsində sahibkara təqdim olunan satış sahəsinin ölçüsü 50 sm təşkil edir və məhsulların yerləşdirilməsi müddəti 3 ay nəzərdə tutulur. Zərurət olduqda bu müddət əlavə olaraq daha 3 ay uzadıla bilər, həmçinin satış sahəsi genişləndirilə bilər. Hazırda Bakı şəhəri üzrə 6 satış nöqtəsində belə stendlər yaradılıb. Sahibkarlar bu stendlərdə məhsullarını təqdim etmək üçün KOBİA-ya elektron qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, bu dəstək mexanizmi çərçivəsində indiyədək 140-dək KOB-un məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub.

Sərgi və yarmarkalarda iştirak sahibkarlara hansı imkanları yaradır?

KOBİA mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışını genişləndirmək məqsədilə onların ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək göstərir. Bu dəstək ödənişsiz əsaslarla təqdim olunur və sahibkarlara məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaradır. Sərgilərdə iştirak edən KOB-lar yalnız məhsul və xidmətlərini nümayiş etdirmir, həmçinin yeni biznes əlaqələri qurur, potensial tərəfdaşlarla tanış olur və satış imkanlarını artırırlar. Bu mexanizmdən faydalanmaq üçün sahibkarın satışa hazır məhsulu və ya xidmətinin olması vacib şərtdir.

KOB-ların satış imkanlarının genişləndirilməsində "KOB FEST" sərgi-satış yarmarkalarının rolu barədə məlumat verməyinizi xahiş edirik.

KOB-ların satış imkanlarının genişləndirilməsində KOBİA tərəfindən təşkil olunan "KOB FEST" sərgi-satış yarmarkaları xüsusilə vurğulanmalıdır. 2022-ci ildən keçirilən "KOB FEST" KOB-ların məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına təqdim etməsinə, satışlarını artırmasına və yeni əməkdaşlıqlar qurmasına şərait yaradır. Yarmarkalarda mikro və kiçik sahibkarlar, sənətkarlar və yaradıcı şəxslər iştirak edə bilər. İştirak ödənişsizdir, stend, təşkilati və digər xərclər dövlət dəstəyi hesabına qarşılanır. "KOB FEST"lər əsasən regionlarda təşkil olunaraq yerli sahibkarların bazarlara çıxışını genişləndirir, istehsalçıları və istehlakçıları vahid platformada bir araya gətirir. Eyni zamanda, tədbirlər çərçivəsində mədəni-əyləncəli proqramlar, master-klasslar və "B2B" görüşlər təşkil olunaraq sahibkarlar üçün əlavə imkanlar yaradılır. 2026-cı ildə də "KOB FEST"lərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlar sərgi və yarmarkalara, o cümlədən "KOB FEST" sərgi-satış yarmarkalarına çıxışa dəstək barədə KOBİA-nın saytından ətraflı məlumat əldə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, indiyədək ölkəmizdə və xaricdə keçirilmiş 82 sərgi və yarmarkada 2000-dək KOB-un iştirakı dəstəklənib.

Daxili bazar araşdırmasına dəstək necə həyata keçirilir?

Biznesin uğurlu inkişafı üçün bazarın mövcud vəziyyətinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə KOBİA sahibkarlara daxili bazar araşdırmasının aparılmasında maliyyə və informasiya dəstəyi göstərir. Daxili bazar araşdırması istehsal, logistika, marketinq, sertifikatlaşdırma və digər sahələr üzrə məlumatların toplanmasını təmin edərək sahibkara düzgün biznes qərarları qəbul etmək imkanı yaradır. Eyni zamanda bu araşdırmalar sahibkarlara bazara çıxış imkanlarını qiymətləndirməyə və satış strategiyalarını daha effektiv formalaşdırmağa kömək edir.

Bu mexanizm çərçivəsində mikro sahibkarların müraciəti əsasında aparılan araşdırma xərclərinin 80 faizi, kiçik sahibkarların müraciəti ilə həyata keçirilən araşdırma xərclərinin isə 50 faizi dövlət tərəfindən qarşılanır. Dəstəyin maksimal məbləği 20 min manata qədərdir. Araşdırmalar həm sahibkarların fərdi müraciətləri, həm də Agentliyin təşəbbüsü əsasında həyata keçirilir.

İndiyədək sahibkarların müraciəti əsasında 28, KOBİA-nın təşəbbüsü ilə isə 42 olmaqla ümumilikdə 70 daxili bazar araşdırması aparılıb. Sahibkarlar bu mexanizm, eləcə də indiyədək Agentliyin təşəbbüsü ilə aparılmış bazar araşdırmaları ilə Agentliyin www.smb.gov.az saytından tanış ola bilərlər.

Sahibkarları satış imkanlarını genişləndirmək, yeni bazarlara çıxış əldə etmək və bizneslərini daha rəqabətqabiliyyətli inkişaf etdirmək üçün KOBİA tərəfindən təqdim olunan satışa dəstək mexanizmlərindən aktiv yararlanmağa dəvət edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.