Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov barəsində axtarış elan olunub. Bu barədə cinayət işinin qaldırılmasını İnternet Təhlükəsizliyi Liqasının rəhbəri Yekaterina Mizulina tələb edib.
Milli.Az xəbər verir ki, iki tərəf arasında sosial şəbəkələr üzərindən yaranan qarşıdurma böyüyərək qalmaqala çevrilib. Mübahisə zamanı Hüseyn kömək üçün "Telegram" platformasının yaradıcısı Pavel Durova müraciət edib, Yekaterina isə blogerin tərəfdarlarından fiziki təhdid mesajları aldığını bildirib.
Mizulina bildirib ki, Həsənov onun çoxsaylı şikayətlərindən sonra federal axtarışa verilib. Hazırda BƏƏ-də olan bloger əvvəlcə vəziyyətin bu qədər ciddi olmadığını desə də, daha sonra Yekaterinanı ittiham edib.
Həsənov qeyd edib ki, 2024-cü ildə dövlətə 320 milyon rubl vergi və rüsum ödəyib. Buna baxmayaraq, ona qarşı cinayət işi açılıb. O, Yekaterinanın büdcədən 200 milyon rubl xərcləməsi ilə bağlı sual da qaldırıb və Pavel Durovdan onun "Telegram" kanalını bloklamağı xahiş edib.
Sonda Hüseyn izləyicilərinə çağırış edərək Yekaterinanın kanalını şikayət etməyə səsləyib və bildirib:
"Əgər bu bir oyundursa, oynayaq. Büdcə pulları ilə dəbdəbəli həyat sürən sən niyə hesabat vermirsən?"-deyə o bildirib.
Asya
Milli.Az