Ölkə

Bakı metrosunda iş rejimi dəyişdirilir

6 Noyabr 2024 15:23
Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP29 dövründə "Bakı metropoliteni"ndə gücləndirilmiş iş rejiminin xüsusiyyəti dəyişdiriləcək.

Milli.Az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyalar 3 gün sərnişinlərin girişinə səhər saat 5-də açılacaq:

"Dünyanın ən mötəbər tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar "Bakı metropoliteni"ndə gücləndirilmiş iş rejiminin xüsusiyyətlərinə dəyişiklik ediləcək.

Tədbir dövründə "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi və əməkdaşlarının ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd ehtiyac yaranacağı təqdirdə, sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir.

Sərnişinlərin COP29 məkanlarına, eləcə də, stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, Bakı metropolitenindən istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 metropoliten stansiyasında COP29 Əməliyyat Şirkətinin təşkil etdiyi könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər.

COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən, noyabrın 11-13-də Bakı metropoliteninin stansiyaları səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq. Bununla yanaşı, həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, Bakı metropolitenində qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin "Həzi Aslanov-28 May" sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək.

Yaşıl və Qırmızı xətlərin birləşdiyi "28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Qeyd edək ki, bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir.

"Həzi Aslanov-28 May" sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar "Avtovağzal-8 Noyabr" sahəsində 8 dəqiqə, "Xocəsən-Avtovağzal" yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib.

"Bakmil" stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək.

COP29-un keçiriləcəyi digər günlər ərzində Bakı metropolitenində qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək",-deyə sədr müavini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.