Ölkə

"Teknofest"in birincisi - BANM-in “Atəşgah”ı

7 İyun 2022 10:35
Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı - "Teknofest" Festivalında 1-ci yerin qalibi olan komandalardan biri də Bakı Ali Neft Məktəbinin (BANM) "Atəşgah" komandasıdır. Komanda üzvləri ilə söhbətləşmişik. 

- "Teknofest"də birinci yerə layiq görülən layihənizin fərqliliyi nədir?

Murad Rəhimov - "Atəşgah" komandasının mentoru. BANM-in Kimya mühəndisliyi ixtisasının məzunudur. Hazırda Türkiyənin Yıldız Teknik Universitetində magistratura təhsili alır. Startapçıdır. 

- Hazırda günəş panellərindən çox istifadə olunur. Layihəmizin əsas məqsədi günəş panellərinin soyudulmasıdır. Günəş panelləri günəşin altında çox qaldığı zaman isinir və yüksək temperaturda faydalı iş əmsalı, yəni səmərəliyi aşağı düşür. Biz bunu artırmağın yollarını araşdırdıq. Qərara gəldik ki, bunun üçün fazadəyişən maddələr istifadə edə bilərik. Belə bir maddə hazırladıq. Fazadəyişən maddə əsasən bərk olur, əridiyi zaman özündə çox miqdarda istilik uda bilir. Günəş panelləri isindiyi zaman istiliyi fazadəyişən maddə özünə çəkir və  günəş panellərinin temperaturunu 35-40 dərəcə aralığında saxlayır. Bununla da biz günəş panellərinin faydalı iş əmsalını artıra bilirik. "Teknofest"də qalib gələn layihəmizdə bunu nümayiş etdirdik. Bizim hazrıladığımız maddənin olduğu günəş paneli 35-40 dərəcədə olduğu halda, digəri 50 dərəcəyə qədər qalxa bilirdi. 

Fərid Əliyevdir - "Atəşgah" komandasının kapitanı. 2019-cu ildə Parisdə keçirilən Beynəlxalq Kimya Olimpiadasında bürünc medala layiq görülüb. Beynəlxalq  olimpiada qaliblərinin Azərbaycan universitetlərinə müsabiqədənkənar qəbul qərarından sonra BANM-in Kimya mühəndisliyi ixtisasına qəbul olunub. 

- Bizim layihənin üstünlüyü ondan ibarətdir ki, elmi işə əsaslanr, yeni, innovativ, dayanıqlı, işlək, tətbiq edilə bilən və başa gəlməsi baxımından qiyməti münasibdir. Elə layihlər var ki, ideya yaxşıdır, amma onun tətbiqi mümkünsüzdür, qiymət, iqtisadi baxımdan səmərli deyil, ya da istifadə etmək asan deyil. Bizim layihədə isə bu problemlər aşılmışdı. Hazırda layihəmizi günəş panellərində istifadə edə bilərik və tətbiq edilməsində heç bir problem yoxdur. 

- "Teknofest"ə necə qatıldınız?

Fatimə Məmmədova - "Atəşgah" komandasının üzvü

- Biz dərslə yanaşı daim yeni ideyalar axtarışında oluruq. Dövr dəyişir, dünyada alternativ  enerjiyə keçid başlayıb. Lakin bu zaman bir sıra problemlər ortaya çıxır. Düşündük ki, bu sahə ilə bağlı layihə edək. Müəllimlərimiz Farab Kamyabi və  Elmar Əsgərzadənin məsləhətləri ilə bu layihənin üzərində işləməyə başladıq. 6 ay laboratoriyada işlədik, elmi araşdırmalar apardıq. "Teknofest"in Azərbaycanda keçirilməsi xəbərini eşitdikdən sonar hörmətli rektorumuz Elmar müəllimin tövsiyəsi ilə festival qatılmaq qərarına gəldik. Əvvəlcə bizim məqsədimiz sadəcə öz ideyalarımızı insanlarla bölüşmək, gələcəyə yönəlik layihəmizin olması idi. "Teknofest" isə bizim üçün bir fürsət oldu. Layihəmizi inkişaf etdirmək və təkminləşdirmək fikrimiz var. 

- Teknofest sizə nə qazandırdı?

Faiq Əliyev- "Atəşgah" komandasının üzvü

- Bizə yaratdığı şəraitə görə hörmətli rektorumuz Elmar Qasımova təşəkkür edirik. Nobel mükafatçısı Aziz Sancar dediyi kimi, bizim məqsədimiz "Teknofest"də iştirak edib yer tutmaq deyildi. Biz vətənimizə və insanlara xeyri dəyə biləcək bir layihə  ərsəyə gətirmək istəyirdik. Layihəmizin güclü olduğunu bilirdik. Festivalda bizim stendə dövlət qurumlardan, müxtəlif yerlərdən insanlar və sıravi vətəndaşlar  yaxınlaşırdı və bizim layihəyə çox böyük maraq göstərirdilər. Bu bizi daha çox sevindirirdi ki, layihəmizin dövlətimizə xeyri dəyə bilər. İki prezident və bir Nobel mükafatçısının yanında durmaq, onlardan mükafat almaq çox qürurverici idi. Bu bizi motivasiya etdi ki, dayanmayaq və irəli gedək. 

Murad Rəhimov

- Azərbaycanda bu cür böyük beynəlxalq yarışların, festivalların keçirilməsi  gənclərdə, uşaqlarda elmə maraq yaratması baxımından önəmlidir. Bu yarışlar sayəsində insanların savadlılıq dərəcəsi artır. Festivala 7-dən 77-ə hər kəs maraq göstərirdi. Onlar üçün də yeni ideyalar görmək, öyrənmək maraqlıdır. Bizim məqsədimiz insanlara elm öyrətmək, elm aşılamaq və bu yöndə vətəmizə, dövlərimiz, xalqımıza xeyirli insan olmaqdır. 

Fatimə Məmmədova

- Biz ilk növbədə Azərbaycanda gənclərin elmə olan marağını, ölkəmizdə elmin, təhsilin inkişaf etdiyini, gənclərin elmi potensialını, bacarıqlarını nümayiş etdirmək istəyirik. Qalib olmaq, iki prezident və bir Nobel mükafatçısı ilə yan-yana dayanmaq, onların əlindən mükafat almaq bizi daha böyük işlərə imza atmaq üçün motivasiya etdi. Məqsədimiz layihəmizi biznes olaraq inkişaf etdirmək və Azərbaycan məhsulu kimi yerli və xarici bazara çıxarmaqdır. 

Faiq Əliyev 

- Dörd gün boyu möhətşəm, əyləncəli bir festivalda iştirak etdik, digər layhələrlə də tanış olduq, insanların fikirlərini öyrəndik, məlumatlandıq, Azərbaycanın gələcəyinin əmin əllərdə olduğunu gördük. İstərdik ki, hər il Azərbaycanda bu cür festivallar keçirilsin. Həm məktəblilərin, həm tələbələrin belə layihələrdə iştirak etməsi, öz fikirlərini, ideyalarını ortaya qoyması gözəl haldır. Bəlkə də Aziz Sancar, Səlcuk Bayraktar kimi şəxsiyyətlər öz aramızdadır. Gələcəkdə onlar kimi böyük insanlar bu cür layihələr, festivallar sayəsində ortaya çıxacaq. 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.