Avto

BYD-nin bu ölkədəki zavodunda tikinti dayandırıldı - İşçiləri qul kimi işlədirmiş

27 Dekabr 2024 14:22
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin elektrik avtomobilləri istehsalçısı BYD-nin Braziliyada yeni zavodunun tikinti işləri dayandırılıb.

Milli.Az xəbər verir ki, bu, tikinti sahəsində Çinli işçilərin "köləliyə bənzər" şəraitdə işlədilməsi ilə əlaqəlidir. Braziliya İctimai Əmək Nazirliyinin (MPT) məlumatına görə Salvador şəhərindəki zavodda 163 nəfər "qul kimi" işlədilib.

Bu işçilərin Çində Jinjiang Group adlı podratçı firma tərəfindən işə götürülüb BYD-yə yönləndirildiyi bildirilib. Məsələ ilə bağlı araşdırmadan sonra BYD Jinjiang Group ilə əlaqələrini dərhal kəsib və zərərçəkən işçilərə yardım etmək üçün hərəkətə keçib. İşçilərin otellərə yerləşdiriləcəyi, onların iş icazələrinin ləğv ediləcəyi və iş müqavilələrinin dayandırılacağı açıqlanıb. BYD Braziliyanın baş vitse-prezidenti Aleksandr Baldy Braziliya qanunvericiliyinə tam uyğunluq göstərəcəklərinə dair öhdəliklərini ifadə edib.

MPT-nin hesabatında qeyd olunur ki, işçilər bir hamamdan istifadə üçün uzun növbələr gözləməyə məcbur qalıb, səhər saat 4-də işə hazırlaşmalı olub, döşəksiz çarpayılarda yatıb və gigiyenik olmayan mətbəxdə yemək hazırlayıblar. Bundan əlavə, altı aylıq işdən sonra ayrılan işçilərin təyyarə biletlərinin xərcləri çıxdıqdan sonra heç bir ödəniş almadan geri göndərildiyi bildirilib. BYD, Jinjiang Group-a iş şəraitini yaxşılaşdırmaq üçün dəfələrlə müraciət etdiyini, lakin tədbirlər görülmədiyini açıqlayıb.

Məsələ ilə bağlı Braziliya İctimai İşçi Hüquqları Nazirliyi və Əmək Nazirliyi tərəfindən 26 dekabr tarixində virtual məhkəmə iclası keçiriləcək. Məsələ ilə bağlı əlavə sahə araşdırmalarının aparılması ehtimalı da nəzərdən keçirilir.

BYD-nin yeni zavodunun gələn il fəaliyyətə başlaması planlaşdırılır. Lakin bu skandalın istehsal planlarına təsir edib-etməyəcəyi hələ ki, məlum deyil. BYD Braziliyada elektrik avtomobilləri bazarında lider markalardan biridir və xüsusən də oktyabr ayında təqdim etdiyi Shark PHEV modeli böyük maraqla qarşılanıb. Şirkətin digər məşhur modelləri arasında Dolphin Mini, Yuan Plus və Dolphin var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.