Avto

Toy kortejində avtoxuliqanlıq edən sürücülər həbs olunub - VİDEO

9 İyun 2022 13:15
0 Şərh     Baxış: 2 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda toy karvanında avtoxuliqanlığının görüntülərini yayıb.

BDYPİ-dən bildirilib ki, toy karvanında hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları üçün İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən vaxtında aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Belə ki, iyunun 7-də Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, üzü paytaxt istiqamətində hərəkətdə olan toy karvanında iştirak edən 22 yaşlı Mircəlal Miradiyev və 27 yaşlı Elşad Eyvazov idarə etdikləri avtomobillərlə ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdikləri üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən barələrində inzibati xəta haqqında protokollar tərtib edilərək, toplanmış materiallarla birgə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə Mircəlal Miradiyev və Elşad Eyvazovu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilib və hər biri barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs qərarı çıxarıb.

"Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan şəxslər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər.

Toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərt olmaqla yanaşı, həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xöşbəxt anlarla yadda qalmasına töhfə verən davranış olduğunu da unutmamalıyıq", - məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.