Ermənistan

Ermənilər rus yağışından çıxıb fars yağmuruna düşdülər

22 Oktyabr 2021 10:09
1 Şərh     Baxış: 1 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

44 günlük İkinci Qarabağ müharibəsi tək Cənubi Qafqazda deyil, bütövlükdə region və bölgənin geosiyasi vəziyyətinə köklü dəyişiklərə, qüvvələr balansının dəyişməsinə gətirib çıxardı. Azərbaycan bu müharibə ilə tək torpaqlarını 30 illik işğaldan azad etmədi, işğalçı dövlətin özü barəsində uydurduğu "məğlubedilməz" mifi də alt-üst etmiş oldu. Ermənilər bir zaman ayılıb gördülər ki, onlara rəhbərlik edən şəxslərin uydurduqları "böyük dövlət" və "böyük xalq" anlayışı sabun köpüyündən başqa bir şey deyil. Bu mif cəmisi iki ay içində darmadağın oldu. Müharibə Ermənistanın bir dövlət kimi mövcud olmadığını sübut etdi. Etiraf etməsələr də, anladılar ki, başqasının bədbəxtliyi, göz yaşı üzərində xoşbəxtlik qurmaq olmaz. Müharibənin ən əhəmiyyətli nəticələrindən biri həm də, bölgədə nüfuzlu, dünyada söz sahibi olan dövlətlərin marağının artması oldu. Artıq bu gün bu sırada Pakistan, Rusiya, Türkiyə, İsraillə yanaşı, Çin də var. 30 il münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ABŞ və Fransanı indi Rusiya və Türkiyə əvəzləyir.

Ermənistan da bu müharibədən "qalib" çıxa bilərdi

Yeri gəlmişkən, əslində bu müharibənin nəticələrini müəyyən mənada Ermənistan üçün də qəribə çıxsa da, uğurlu hesab etmək olar. İllər uzunu işğalçılıq siyasəti üzündən blokada vəziyyətinə salınan dövlət qarşısında geniş imkanlar açılıb. Baxaq görək, otuz il işğal altında saxladığı torpaqlardan necə yararlana bildi? Heç cür. O torpaqlarda gücü yalnız ev-eşikləri qarət etməyə, narkotik əkib-becərməyə çatdı. Özünü quldur, oğru kimi apardı. Yaratdığı qondarma qurumu heç bir dövlət tanımamaqla yanaşı, onunla əməkdaşlıq belə etmədi. Ermənistan rəhbərliyi də buna əmin olduqdan sonra bölgəni özünün korrupsiya əməllərini ört-basdır etmək yuvasına çevirdi - narkotikdən tutmuş hər cür çirkin planlarını məhz bu torpaqlarda həyata keçirməyə başladı.

Bu mənada Azərbaycan 44 günlük müharibə ilə Ermənistanı bir növ bataqlıqdan xilas etmiş olub, desək yanılmarıq.

Ermənistanın çıxış yolu - İrandan mümkün qədər kənar durmaqdan keçir

Başqa bir fakt - məhz bu müharibədən sonra Avropa İttifaqı Ermənistana çoxmilyardlıq maliyyə ayırmaq barədə qərar qəbul etdi. İndi də görünən odur ki, Ermənistana veriləcək bu maliyyəni ələ keçirmək uğrunda mübariz başlayıb. Və bu sırada da ilk yerdə İran gəlir. Bəlli olduğu kimi, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli razılaşmanın şərtlərindən biri də məhz Ermənistanın kommunikasiya məhdudiyyətlərinin arada qaldırılması idi. Və proses də uğurla gedə bilərdi. Lakin işğalçı dövlət üçün illər uzunu "pəncərə" rolunu oynayan İran mane olmasaydı. Ermənistan üçün geniş imkanlar aça biləcək Zəngəzur Dəhlizinin açılmasına qarşı çıxaraq, gah İsraili bəhanə gətirir, gah da Azərbaycanla sərhəddə təlimlər keçir. Eləcə də, ermənilərə canı yanırmış kimi Azərbaycan ərazisindən Qarabağa yüklərin daşınmasını həyata keçirir. Azərbaycanın irad və etirazlarına isə hədələyici bəyanatlar verməklə cavab verir. Ermənistanı təzyiq altında saxlayaraq, vaxtilə ona etdiyi yaxşılıqları unutmamağa çağırdı. Ermənistanın ağıllı kəsimi anlayır ki, İran ondan bir vasitə kimi istifadə etməyə çalışır, lakin bunun qarşısını almaqda gücsüzdür. Ölkədə revanşist qüvvələr hələ də güc və qüvvədir, İranın hər sözü isə onlar üçün müqəddəs hesab edilir.

Söz Ermənistanındır

Belliklə, indi söz Ermənistanındır. Əgər bu dövlətdə hələ də gələcəyi düşünüb rasional qərarlar qəbul edə biləcək kəsim qalıbsa, onda onlar düzgün qərar qəbul edəcək. Yox əgər forpost kimi qalmaq istəyəcəklərsə, o zaman onları növbəti fəlakətlər gözləyir. İşğal altında saxladıqları torpaqları itirməklərinin ardınca dövlətdən də məhrum olacaqlar. Miqrasiyanın qarşısını almaqda aciz qalan hakimiyyət bir gün ayılıb görcək ki, bir qrup fitnəkardan başqa ölkədə heç kim qalmayıb. Anlamalıdır ki, ölkənin çıxış yolu, regional inteqrasiya, mehriban qonşuluq və əməkdaşlqıdan keçir. Heç olmasa, İkinci Dünya Mühaibəsindən sonra faşist Almaniyasının düşdüyü vəziyyəti yada salsınlar. Alman xalqı faşist ideologiyasını tez bir zamanda rədd etməklə, hazırda tək Avropanın deyil, bütövlükdə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Erməni xalqını da çoxda uzaq tarixdə baş verməyən bu təcrübəyə nəzər salmağa çağırırq.

Azər Nuriyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.