Ermənistan

"Ermənistan onu inkişafdan məhrum edən müharibə canisi Serj Sarkisyandan xilas oldu"

23 Aprel 2018 20:33
Baxış: 1 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni xalqı müharibə canisi, minlərlə günahsız insanın ölümünə bais olmuş Serj Sarkisyanın Ermənistanın baş naziri vəzifəsindən istefa verməsindən sonra ağıl və zəkanın səsini dinləməli, regionda sülhün və təhlükəsizliyin bərpası istiqamətində real addımlar atmalı, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir.

Milli.Az bildirir ki, bu fikri Serj Sarkisyanın istefa verməsinə dair bəyanatına münasibət bildirən "Xalq qəzeti"nin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov Trend-ə açıqlamasında bildirib. O qeyd edib ki, erməni xalqı 20 ildən artıq bir müddətdə onu girov saxlayan, beynəlxalq layihələrdə iştirakdan, tərəqqi və inkişafdan məhrum edən, ölkəni uçuruma sürükləyən, Ermənistan dövlətini işğalçı rejim kimi dünyada gözdən salan müharibə canisi Serj Sarkisyandan xilas oldu: "Sarkisyan Xocalı soyqırımının təşkilatçılarından, Dağlıq Qarabağ münaqişəsinin əsas günahkarlarından biri kimi çoxsaylı qanlı cinayətlər törətmiş müharibə canisidir. O, Dağlıq Qarabağ kartından sui-istifadə yolu ilə erməni xalqını olmazın müsibətlərə düçar etmiş, öz hakimiyyətini qan və zülm üzərində bərqərar etmişdir.

Qatil prezidentin baş nazir vəzifəsini tutmaq, hakimiyyətini uzatmaq arzusu gözündə qaldı. Ölkənin sərvətlərini talamış, erməni xalqını səfil gününə salmış Sarkisyan klanı sərt etiraz aksiyasına başlamış xalqdan ağır zərbə aldı. İşğalçı rejim cinayətkar əməllərinə, tökdüyü qanlara görə cavab verməlidir. Azərbaycan torpaqları işğaldan azad olunmalı, ölkəmizin ərazi bütövlüyü təmin edilməli, Ermənistan silahlı qüvvələri Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərini tərk etməlidir, region sülhə və əmin-amanlığa qovuşmalıdır".

H.Həsənov bildirib ki, illərdən bəri Azərbaycan dövlətinin yeritdiyi siyasət öz bəhrəsini verməkdədir, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunmasına dair BMT qətnamələri yerinə yetirilməli, regionda sülh və təhlükəsizlik bərpa olunmalıdır:

"Heç kimə sirr deyildir ki, Azərbaycan ordusu hazırda dünyanın güclü orduları sırasındadır, ən müasir silahlarla təchiz olunub və qısa müddətdə öz torpaqlarını azad etmək iqtidarındadır. Lakin Azərbaycan rəhbərliyi hələlik sülh danışıqlarına üstünlük verir, regionda müharibənin yenidən alovlanmasını istəmir. İşğalçı rejimdən, qanlı xunta rejimindən xilas olmuş Ermənistan, nəhayət ki, azad nəfəs almaq imkanı qazandı. Erməni xalqı Azərbaycanın humanist mövqeyini dəyərləndirməyi bacarmalı, torpaqlarımızı qan tökülmədən azad etməlidir. Əks təqdirdə Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir".

Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları başlayıb. Aprelin 23-də S.Sarkisyan istefa verdiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.