Dünya

"4 ərəb ölkəsi Türkiyə qarşı hörmətsizlik etdi" - Ərdoğan

25 İyun 2017 10:53
3 Şərh     Baxış: 3 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirin Qətərlə münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü 13 şərtə münasibət bildirib.

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu şərtləri qəbul etməyi rədd edən Qətərin mövqeyini dəstəkləyən R. T. Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, ərəb ölkələrinin tələbləri beynəlxalq hüquqa ziddir, dövlətin suveren hüquqlarına müdaxilə cəhdidir.

Türkiyə prezidenti Qətərdən bu ölkə ərazisindəki Türkiyə hərbi bazasının bağlanması barədə şərtinin Türkiyəyə qarşı hörmətsizlik kimi dəyərləndirib. R. T. Ərdoğan şəxsən Səudiyyə Ərəbistanı kralı ilə görüşdə bu ölkənin ərazisində də Türkiyə hərbi bazasının qurulmasını təklif etdiklərini, bu təklifə hələ cavab verilmədiyini də xatırladıb: "Hələ də Səudiyyə Ərəbistanı bu təklifimizə cavab verməyib. Belə olan halda Qətərdən Türkiyə hərbi bazasının bağlanmasını tələb etmək Türkiyəyə qarşı da hörmətsizlikdir. Biz hər hansı ölkə ilə hərbi sahədə əməkdaşlıq edərkən kimdənsə icazəmi almalıyıq?! Türkiyə sıradan bir dövlət deyil".

Qeyd edək ki, Qətərlə diplomatik əlaqələri kəsən, sərhədlərini bağlayan Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir münasibətlərin bərpası üçün rəsmi Doha qarşısında 13 şərt irəli sürüblər. Bu şərtlər sırasında İranla münasibətlərin aşağı səviyyəyə endirilməsi, Əl-Cəzirə telekanalının bağlanması, Türkiyə ilə hərbi əməkdaşlığın dayandırılması və Türkiyənin bu ölkə ərazisindəki hərbi bazasının bağlanması da var. Eyni zamanda Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərdən pul kompensasiyası da tələb edir. Bu tələblər Küveyt vasitəsi ilə Qətərə çatdırılıb. Qətər isə bu şərtlərin qəbuledilməz sayıb. Rəsmi Doha bəyan edib ki, bu şərtlərin heç biri terrorizmlə mübarizə ilə əlaqədar deyil, ölkənin suverenliyini məhdudlaşdırmaq məqsədi daşıyır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək bu ölkə ilə münasibətlərə son qoyduqlarını bəyan etmişdilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.