Dünya

Deputat: "Avropa Parlamentinin Azərbaycana çağırışı qərəzli xarakter daşıyır"

16 İyun 2017 20:07
Baxış: 622

Azərbaycanda siyasi partiyalara dövlət tərəfindən hər hansı bir təzyiq göstərilmir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyev bildirib: "Mən müxalifət partiyasının lideriyəm və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda ən aktiv fəaliyyət göstərən təşkilatlardan biridir. Partiya kimi fəaliyyətimiz dönəmində biz hakimiyyət tərəfindən hər hansı bir siyasi təzyiqə məruz qalmamışıq və dövlətin güc strukturları tərəfindən bizə qarşı sifarişli davranışlar müşahidə etməmişik".

F.Quliyev vurğulayıb ki, aktiv bir müxalifət partiyasına qarşı göstərilən siyasi dözümlülük onun göstəricisidir ki, hakimiyyət siyasi fəaliyyətinə görə insanlara güc strukturları vasitəsiylə təziq etmək niyyətində deyil: "Əgər belə bir davranış olsaydı, ilk olaraq bu münasibət bizim kimi təşkilatlara qarşı hiss olunmalı idi. Bu baxımdan bəzi hallarda beynəlxalq təşkilatların ölkəmizdəki bir qrup şəxsin subyektiv maraqlarına dayanaraq mövqe sərgiləməsi ədalətli deyil və çox təəssüf ki, biz tez-tez bu cür halların şahidi oluruq.

O cümlədən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Əfqan Muxtarlının azad edilməsi və ona qarşı irəli sürülmüş ittihamların ləğvi ilə bağlı Avropa Parlamentinin Azərbaycana etdiyi çağırışı ədalətli qərar hesab etmək olmaz. Bu, Azərbaycanın hüquq müstəvisinə müdaxilədir və qərəzli xarakter daşıyır. Əfqan Muxtarlı ilə bağlı iş Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən araşdırılır və ortada sübutlar vardır ki, bunlarla bağlı da məhkəmə öz sözünü deyəcək".

F.Quliyev hesab edir ki, fərdin siyasi, mediya və ya hər hansı ictimai fəaliyyəti onu qanun qarşısında imtiyazlı etməməlidir: "Avropa Parlamentinin məsələyə yanaşması sanki bu prinsipin pozulmasının tələbi kimi bir şeydir. Bu isə öz növbəsində heç bir beynəlxalq hüquq normalarına sığmır".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.