Dünya

Əş-Şəbabın cinsi istismarına məruz qalan kölələr

27 May 2017 19:02
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lakin o, radikal fikirli keniyalı kişilərin qonşu Somalinin əş-Şəbab döyüşçülərinə qoşulması ilə yanaşı, qadınların tutulub qrup tərəfindən cinsi istismara məruz qaldığını da aşkarlayır.

Salamanın, qardaşları haqqında məlumat əldə etmək uğrunda apardığı araşdırma, son dərəcə gizli və məxfi qalmalı idi.

Çünki, əl-Qaidə ilə əlaqəli əş-Şəbab haqqında hər hansı bir eyham, təhlükəsizlik qüvvələrində şübhə yarada bilərdi.

Buna görə də o, Mombasa və ətraf ərazilərdəki qadınlarla gizli şəkildə görüşür, onların dərdinə ortaq olur və yoxa çıxan kişi qohumları haqqında məlumat tapmağa çalışırdı.

"Sən demə, mənim taleyimi yaşayan bir çox qadın var imiş," - Salama deyir.

Lakin, Salama başqa bir şeylə də rastlaşır - zorakı şəkildə Somaliyə aparılan qadınların hekayələri.

Milli.Az BBC-yə istinadən bildirir ki, qadınlar arasında həm cavan, həm yaşlı, həm xristian, həm müsəlman, həm Mombasa, həm də Keniyanın sahil bölgələrindən olan qadınlar var.

Onlar bir qayda olaraq, başqa şəhər və ya ölkədə yüksək maaşlı iş adı ilə aldadılır və oğurlanırmışlar.

Keçən sentyabrda Salama məsləhətçi kimi təlimləri alır və geri qayıda bilən qadınlar üçün gizli dəstək qrupu yaradır.

Qrupun sədası yayıldıqca qadınlar onu axtarmağa və qrupa qoşulmağa başlayırlar.

 
 

"Biz ilk görüşdə inam yaradırıq," Salama deyir

O deyir ki, bəzi qadınlar qrupa körpələri ilə qoşulur, bəziləri immun çatışmazlığı virusundan əziyyət çəkir və bəziləri başlarına gələn müsibətlərdən psixi sarsıntı yaşamış şəkildə onlara müraciət edirlər.

Bu qadınların hər biri açıq danışmaqdan çəkinir.

Mən bu qeyri-adi qadınlarla pərdəli qaranlıq otaqda görüşdüm. Onları qeyri-adi edən isə yaşadıqları və danışılmayan hadisələrdir.

"Kişilər cinsi əlaqədə olmaq üçün yanıma gəlirdilər - sayını sizə deyə bilmərəm," onlardan biri başına gələnləri xatırlayaraq deyir.

"Oradakı üç il ərzində hər yoldan ötən kişi mənə təcavüz edib."

"Onlar, hər gecə bir qadın üçün iki və ya üç kişi gətirirdilər," başqası söyləyir.

"Biz, təkrar-təkrar zorlanırdıq."

Bəzi qadınlar əş-Şəbab döyüşçülərinin "arvadları" olmağa məcbur edilir, bəziləri isə fahişəxanada qul kimi saxlanılırmış.

Former sex slaves seen from above

Əş-Şəbab Somalidə İslam dövləti qurmaq üçün mübarizə aparır.

Hərəkat, qonşu ölkələrə qarşı da hücumlar edir və bu ölkələr Afrika Birliyi qüvvəsi qismində əş-Şəbaba qarşı ordu göndərir.

Əş-Şəbabın hücumlarına daha çox məruz qalan ölkə kimi Keniya ordusu, Somali ilə sərhəddə yerləşən sıx Boni Meşəsində döyüşçülərə qarşı mübarizə aparır.

Üzərindən uçarkən döyüşçülərin nəqliyyat vasitələri üçün meşədə açdıqları cığırları görmək mümkündür.

BBC 20-dən artıq qadın ilə söhbət edib və hər biri sıx meşədə saxlanıldığı və ya meşədən keçərək başqa yerə aparıldığını deyir.

Bu, çox güman ki, Boni meşəsidir.

Salamanın qrupunun bir yeni üzvü Faith, əsirlikdən təzəlikcə qurtula bilib.

16 yaşında ikən bir yaşlı cütlük ona yaxınlaşıb sahilə daha yaxın yerləşən Malindi şəhərində iş təklifi edib.

Gecə-gündüz iş axtaran Faith üçün bu göydəndüşmə olur və səhəri gün daha 14 sərnişini olan avtobusa minir. Onların hər birinə içməyə dərmanlı su verilir.

"Huşumuz qayıdanda otaqda iki kişi gördük," Faith deyir.

"Onlar bizim gözlərimizi qara şərf ilə bağladılar və elə o otaqdaca zorladılar."

Yenə də dərmanla yatızdırılan Faith növbəti dəfə qaranlıq meşədə bir talada ayılır və ona deyirlər ki, əgər qaçmağa cəhd etsə öldürüləcək.

O, növbəti üç ilini qorxu içində "uzun saqqalı" somalili kişilər üçün yemək bişirərək keçirir.

Faith hamilə qalır və körpəsini meşədə təkbaşına dünyaya gətirməli olur.

"Nənəm ənənəvi mamaça idi, ona görə də azacıq məlumatım var idi," o deyir.

"O meşədə hər şeyi təkbaşına edirdim, uşağı da tək doğmalı idim."

Faith qızı ilə meşədən qaçmağı bacarır. Belə ki, meşədə bitki yığan təbib ilə rastlaşır və həmin təbib ona çıxış yolunu başa salır.

Meşədə çılpaq gəzməyə alışan qızı indi şəhər həyatına çətinliklə alışır.

Faith və qızı

O, "meşədəki heyvanlar" kimi yaşamağa öyrəşib, Faith deyir.

BBC-n söhbət etdiyi bir neçə qadın əsirlikdə dünyaya uşaq gətirib.

Keçmiş əş-Şəbab döyüşçüsünün arvadı Sara deyir ki, bu heç də təsadüfi deyil.

Onların yeni nəsil döyüşçülər yetişdirmək layihəsi var, o izah edir və deyir ki, Somalidən hərəkata kişi cəlb etmək çətindir, uşaqlara isə diktə etmək asandır.

"Mənim qaldığım düşərgədə bəzi qadınlar var idi ki, digər qadınları işə cəlb etmək üçün gəlmişdilər," Sara deyir.

"Onlar sıralarını artırmaq üçün qadınları dünyaya uşaq gətirməyə vadar edirdilər."

O deyir ki, qaldığı düşərgədəki 300 qadının əksəriyyəti keniyalı idi.

Salama həm də ailə üzvlərini itirənlərə dəstək olur.

Elizabeth də belələrindədir. O, bacısını son dəfə iki il qabaq görüb. Bacısı Səudiyyə Ərəbistanına işləməyə getdiyini zənn edirmiş.

Bir ay sonra o, evlərinə zəng vurub.

"Bacım bizə dedi ki, Somalidə yerləşən əl-Şəbabın təhlükəli və pis düşərgələrindən birindədir," Elizabeth deyir.

"Sonra isə xətt kəsildi və bir daha ondan xəbərimiz olmadı."

Keniya dövləti problemi inkar etməsə də, Mombasa qraflığının komissarı Evans Achoki bildirir ki, onun miqyasını ölçmək çətindir. Çünki, heç bir qadın irəli çıxıb bunu dilə gətirmir.

Somalidən qayıdan döyüşçülər üçün amnistiya proqramı tərtib olunub və bəziləri reabilitasiyadan keçib.

Amma, arada qəfildən yoxa çıxan və ya güllələnən kişilər haqqında məlumatlar da gəzir.

"İnsanlar hökumətdən qorxur," Keniyanın sahil bölgələrində radikal ekstremizm ilə mübarizə aparan təşkilat şəbəkəsi Sərhədsiz Bacılardan, Sürəyya Hersi deyir.

"Oraya könüllü və ya məcburi gedən hər kəsə günahkar kimi baxılır."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.