Dünya

Türk qazi xüsusi təyinatlı: "Türk adı çəkilən hər yer Vətəndir, Qarabağda döyüşərəm" - FOTO

24 May 2017 13:50
3 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin İstanbul şəhərində olduğum müddətdə Türkiyə Silahlı Qüvvələrinin zabiti, xüsusi təyinatlı polis, döyüş qazisi və əlili Faruk Sərdar baku.ws-yə müsahibə verib.
 
Faruk Sərdar 1986-cı il iyulun 11-də Türkiyənin Elazığ vilayətində dünyaya gəlib. Uşaqlıq və gənclik illəri bu şəhərdə keçib. 2003-cü ildə orta məktəbi bitirdikdən sonra müxtəlif işlərdə fəaliyyət göstərib, 2005-ci ildə mərkəzi Mersinin Tarsus rayonunda olan "Şəhid müəllimlər" dərnəyinin Elazığ təmsilçisi olub. Bu müddət ərzində imtahanlara hazırlaşaraq 2008-ci ildə polis məktəbinə daxil olub.
 
İki illik təhsil həyatından sonra Ankara xüsusi təyinatlıların mərkəzi qvardiyasında 3 ay desant təlimi görüb. Buraya; yaşayış massivi əməliyyatı, təyyarə əməliyyatı, səhra əməliyyatı, snayper, yaxın müdafiə, şəhərdə atışma təlimləri daxildir.    
 
Faruk Sərdar ilk əvvəl Osmaniyə vilayətinə təyin edilsə də daha sonra separatçılarla qızğın mübarizənin davam etdiyi Hakkari bölgəsinə təyin edilmək istəyib. Həmin ərəfədə intensiv hərbi əməliyyatlarda iştirak edib və bir çox dostu gözünün qarşısında şəhid olub. 
  

Bir müddət sonra İstanbula təyin edilmək istəyən Sərdar, burada keçirdiyi çətin təlimlərdən sonra Türkiyənin bəzi bölgələrində başlayan "Xəndək" əməliyyatlarında iştirak edib. 2015-ci ildə daha bir qaynar bölgə olan Şırnak vilayətinə təyin edilib. Təxminən 6 aylıq xidməti vəzifədən sonra 2016-cı il mayın 26-da Şırnakda "Zagros" markalı snayper silahı ilə vurularaq yaralanıb. İki ay reanimasiyada qalıb və sol ayağı amputasiya edilib. 
 
Bir ildir müalicə edilən və özünü yaxşı hiss etdiyini deyən qazi, yaşadıqca ölkəsinə xidmət etməyə hazır olduğunu vurğulayır: "Bu can bu bədəndən çıxmadıqca ölkəmə hər vəziyyətdə xidmət etməyə həmişə hazıram! Allah Türkü qorusun və ucaltsın!"  
 

Milli.Az Faruk Serdarın sözügedən sayta mmüsahibəsini təqdim edir: 
 
Əvvəla Faruk Serdar bütün dünyanı heyran edən vətən sevgisindən danışaq. Sizin üçün vətən nədir? 
 
Babalarımızın qanlarını axıdaraq bizə əmanət etdiyi və bizim üçün də ən müqəddəs bir yerdir vətən. Vətən sevgisi imandandır. "Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa vətəndir!". 
 
- Son illərdə Mehmetcik böyük uğurlara imza qoyur. Bu uğurun qazanılması üçün əsas amil nədir? 
 
Mehmetcik hər zaman və hər şəraitdə, ölkə daxilində və xaricində terrorçulara qarşı mübarizə apararaq əvvəla Allahın köməyi, sonra da xalqın xeyir-duası ilə qələbə çalmaqdadır. Son dövrlərdə isə müdafiə sənayesindəki inkişafdan istifadə edən Türkiyə Silahlı Qüvvələri və polis təşkilatları maksimum uğurlar qazanmaqdadır.  
 
- Türkiyənin müdafiə sənayesində böyük inkişaf müşahidə olunur. Sözsüz ki, Mehmetcik ürəyinin və biləyinin gücü ilə qələbə qazanır. Müdafiə sənayesindəki bu inkişaf Türkiyə əsgərlərinə nə qazandırdı? 
 
Uzun illərdən sonra Türkiyənin hərb sənayesində böyük uğurlar əldə edilməkdədir. Xarici ölkələrdən asılılıq getdikcə azalır və öz texnologiyamızı istehsal edirik. Türk adları qoyularaq istehsal edilən raketdən müdafiə sistemi, pilotsuz uçan aparatlar, helikopter, zirehli əsgər maşınları və radar sistemləri Mehmetciyin özünə güvənini çoxaltmaqdadır. Bütün bunlarla birlikdə qələbə də əldə ediləcəkdir. 
 

- Vətən uğrunda qazi (əlil) olmaq sizin üçün necə bir hissdir? 
 
Əsgərlik bizim üçün ən müqəddəs vəzifələrdən biridir. Bu, uşaqlığımızdan başlayan və ölənə qədər davam edən prosesdir. Vətənimiz üçün hər şeyi gözə alırıq. Qazi olmaq şəhidlikdən sonra ən üstün mərtəbədir. Allah mənə qazilik nəsib etdiyi üçün çox xoşbəxtəm və bununla fəxr edirəm. Bu vətən üçün bütün bədən üzvlərimi, hətta canımı verməyə həmişə hazıram... 
 
- Türk dünyasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağda döyüşərsiniz? 
 
Mənim üçün Türk adı çəkilən hər yer vətəndir və axırıncı damcı qanıma qədər döyüşməyə hazıram. Qarabağ, Türkmən dağı; fərqi yoxdur. Türk adı çəkilən hər yerdə döyüşərəm.  
 
- Türkiyə və Azərbaycanın hərbi sahədəki əməkdaşlığını necə dəyərləndirirsiniz? Hərbi xidmətdə iki ölkənin hərbi təlimlərinə təsadüf etmisiniz?
 
Türkiyə və Azərbaycanın hərbi sahədəki əməkdaşlığını müsbət qarşılayıram və bunun daha da inkişaf etməsini arzulayıram. Hətta mən arzu edərdim ki, hərbi texnologiyadan birlikdə istifadə edilərək hərbi maşınlar, silahlar, aviavasitələr bərabər istehsal edilsin. Çünki Türkün Türkdən başqa dostu yoxdur. 
Daha əvvəl ortaq təlimlərdə iştirak etməmişəm. Amma iştirak edən dostlarım olub və çox müsbət fikirlər eşitmişəm. Hesab edirəm ki, bu cür təlimlərin mütəmadi keçirilməsi və bərabər əzələ nümayişi iki ölkənin gücünə güc qatacaq.
  

 
- Nəhayət Türkiyədə, Azərbaycanda və bütövlükdə Türk dünyasında yaşayan xüsusilə vətənpərvər gənclərə məsləhətiniz nədir? 
 
Türklərin ən böyük xüsusiyyətləri inanclı və döyüşçü olmalarıdır. Biz torpaqlarımızı vətən etmək üçün canımızı veririk. Əsrlərdir ata-babalarımızın qanları bahasına əldə edərək bizə verdikləri torpaqlarımızın dəyərini bilməliyik və unutmamalıyıq ki, torpaqlarımızın hər qarışında şəhid qanı var. Bunu düşünərək vətənimizi ölənə qədər sevməliyik və xainlərə məzar etməliyik. Türkün Türkdən başqa dostu yoxdur və gedəcək başqa vətənimiz də yoxdur! 
 
Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.