Dünya

Soçi müzakirələri: Putinin iki ciddi addımı və üç mümkün ssenari

23 May 2017 13:26
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Prezidentinin müxtəlif sərt bəyanatlar verdiyi bir zamanda Rusiya dövlət başçısı geosiyasi əhəmiyyətli iki ciddi addım atıb. Vladimir Putin Soçidə əvvəlcə Angela Merkel, bir neçə gün sonra isə Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, hər iki liderlə Yaxın Şərq və Avrasiya üçün əhəmiyyəti olan məsələlər müzakirə edilib. Almaniya ilə əməkdaşlıq hələlik ciddi maneələrlə üzləşirsə, ekspertlər Rusiya-Türkiyə əlaqələrinin inkişaf imkanlarına ciddi qiymət verirlər. Soçidə Putin-Ərdoğan görüşünün geniş məsələləri əhatə etdiyi və tərəflərin nikbin olduğu bildirilir. İki liderin danışıqları bütövlükdə regionda yeni geosiyasi proseslərə təkan verə bilər. Bu baxımdan məsələnin bu tərəfi üzərində bir qədər geniş dayanmaq istərdik.

Geosiyasi zərurət: Ankara-Moskva xəttində hərarət artır

Ekspertlər Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın Soçi görüşünün böyük geosiyasi əhəmiyyətinin olduğunu vurğulayırlar. Onlar iki ölkənin geniş sahədə əməkdaşlığı yeni səviyyəyə yüksəldəcəyinə, iqtisadi-ticari, energetik sferalarla yanaşı, müdafiə sənayesi üzrə də əlaqələrini dərinləşdirəcəyinə inanırlar. Məsələnin bu tərəfi Türkiyənin NATO-nun üzvü olması səbəbindən xeyli düşündürücüdür. Ancaq müasir geosiyasətdə artıq təəccübləndirici bir şeyin qalmadığı da faktdır. Bu günə qədər əməkdaşlığı olmayan ölkələr arasında belə dost münasibət yarana bilir və əksinə, köhnə dostlar ayrılırlar.

Buna misal olaraq Türkiyə-Avropa İttifaqı münasibətlərini göstərmək olar. Ankara bəyan edib ki, yeni müzakirə fəsilləri açılmasa, Aİ ilə vidalaşacaq. Brüssel də öz növbəsində yeni fəsillərin açılmasından söhbət getmədiyini vurğulayıb. Belə çıxır ki, Türkiyə həqiqətən də Aİ-dən uzaqlaşa bilər. Bunun fonunda ekspertlər Rusiya-Türkiyə müttəfiqliyi ehtimalının yüksəldiyindən danışırlar.

Burada Amerika faktorunu ayrıca vurğulamaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Donald Trampın ABŞ-ı müttəfiqləri ilə daha yaxın edə biləcək gücdə olmadığı getdikcə daha aydın olur. Onun siyasəti o dərəcədə dağınıqdır ki, əsas məqsədin nədən ibarət olduğunu ekspertlər müəyyənləşdirə bilmirlər. Bir az əvvəl Şimali Koreyanı hədələyən D.Tramp indi Kim Çen Inı görüşə dəvət edir. Başqa tərəfdən, yeni silahların hazırlanması üçün 1 trilyon ABŞ dolları miqdarında vəsait ayırır. Belə görünür ki, Amerika silahlanma yarışını yeni səviyyəyə qaldırır.

Təbii ki, bu kimi hadisələrə dünyanın digər böyük dövlətləri reaksiya verəcəklər. O cümlədən Rusiya və Türkiyə müəyyən addımlar atmalıdırlar. Onu da vurğulayaq ki, V.Putin R.T.Ərdoğandan öncə A.Merkel ilə görüşüb. Almaniya ilə Rusiya arasında münasibətlər heç də ürəkaçan deyil. Soçidə tərəflər Suriya, Liviya, Əfqanıstan məsələlərini müzakirə ediblər. Ayrıca, Ukraynadakı duruma münasibət bildirilib. Bu məsələlərin heç biri üzrə ortaq nəticəyə gəlinməyib. Hətta A.Merkel insan haqları ilə bağlı V.Putinə iradlarını da bildirib.

Bunların fonunda Ərdoğan-Putin müzakirələrinin bütövlükdə qlobal səviyyədə müəyyən təsiri ola biləcəyi nəticəsini çıxarmaq mümkündür. Əslində, V.Putin buna işarə edib. O deyib ki, hazırda Rusiya-Türkiyə münasibətləri xüsusi status alıb. Türkiyə Prezidenti də görüşdən sonra mətbuata verdiyi açıqlamada iki ölkənin atdığı addımların Yaxın Şərqin taleyini dəyişə biləcəyini ayrıca vurğulayıb. Bu, kifayət qədər ciddi hadisədir. İndiyə qədər Türkiyə ilə Rusiya arasında əməkdaşlığın bu səviyyədə qənaətlər əldə etməyə imkan vermədiyi məlumdur. Deməli, ölkə başçıları dünya siyasətində qüvvələr nisbətini dəyişə biləcək addımlar atmağa hazırlaşırlar. Rusiya Prezidentinin dedikləri də bu tezisin əsaslı olduğunu təsdiqləyir.

V.Putin R.T.Ərdoğanla beynəlxalq vəziyyətin aktual və kəskin problemlərini müzakirə etdiklərini, o cümlədən Suriya məsələsi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib. Bir çox istiqamətlərdə Ərdoğanla birlikdə addımlar atdıqlarını ifadə edən V.Putin, bunların əhəmiyyətinin yüksək olmasına da işarə edib, eyni zamanda, prezidentlərin atacağı addımların parlamentdə müzakirəsi zərurətini də vurğulayıb.

Ekspertlər bu fikirlərdən belə qənaətə gəlirlər ki, söhbət strateji təsirli tədbirlərin həyata keçirilməsindən gedir. O cümlədən hərbi sahədə tərəflər arasında aparılan danışıqların geniş sahələri əhatə etdiyi vurğulanır. Bu kontekstdə ekspertlər Türkiyənin S-400-ləri alması məsələsini xüsusi qeyd edilir. Ankara bu məsələ ilə bağlı danışıqların finişə yaxınlaşdığını artıq bəyan edib. Rusiyalı mütəxəssislər hesab edirlər ki, bu, blef deyil və hər iki dövlət hərbi əməkdaşlıqda maraqlıdır. Ayrıca, Türkiyə NATO-nun əsas üzvlərindən biri olduğundan, Moskva üçün onunla hərbi əməkdaşlıq olduqca vacibdir.

Üç ssenari: yeni qüvvələr nisbətinə doğru

Maraqlıdır ki, indi rusiyalı mütəxəssislər Türkiyənin hərbi sahədə ciddi fəaliyyət göstərdiyini və yeni silahlar istehsal etdiyini vurğulayırlar. Xüsusilə zirehlər, radiolokasiya sistemləri və qırıcı təyyarələr sahəsində Ankaranın uğurlar əldə etdiyinə diqqət çəkirlər. Bu o deməkdir ki, Türkiyənin hərbi sənayesi Rusiya ilə birgə yeni silah istehsalı üçün tamamilə yararlıdır. Lakin bunun üçün əlverişli siyasi mühit olmalıdır.

Problemin çox vacib tərəfi də məhz bundan ibarətdir. Xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz üzrə Ankara ilə Moskvanın ortaq mövqeyə gəlməsi zəruridir. Hazırda Rusiya Suriyada Bəşər Əsədə ciddi dəstək verir, eyni zamanda, PYD ilə əlaqələrini də gücləndirir. Türkiyə isə PYD-ni terror təşkilatı kimi tanıyaraq, onunla hər hansı əməkdaşlığı qəbul etmir. Faktiki olaraq, Suriyanın Türkiyə ilə sərhədində Dəməşqin deyil, PYD-nin bayrağını sancıblar. Ankara bəyan edir ki, indiki hədəfi Münbicdir. Bunun üçün Afrin də azad olunmalıdır. Ancaq Rusiyanın Afrində, Amerikanın isə Münbicdə hərbi qüvvələri var.

Paralel olaraq, Amerika Rakka əməliyyatında kürd silahlı qrupları ilə əməkdaşlığını genişləndirir. Onlar bəzən nümayişkaranə şəkildə Türkiyəyə qarşı hərbi güc göstərirlər. Bunlara baxmayaraq, Türkiyə ordusu Sincardakı PKK mövqelərini və Suriyadakı kürd qruplarını bombalayıb. Buna Vaşinqton və Moskva etiraz etsə də, Prezident R.T.Ərdoğan son çıxışlarının birində bəyan etdi ki, indi əsas məqsəd Münbici azad etməkdir.

Bunlar onu göstərir ki, Suriya ilə İraqda ABŞ, Rusiya və Türkiyə arasında gərgin mübarizə gedir. Ankaranın güzəştə getmək fikri yoxdur. Amerikalılar isə kürd radikal qruplarından əl çəkmirlər. Moskva həm Ankara, həm də PYD ilə işləməyə çalışır. Etiraf etmək lazımdır ki, kifayət qədər mürəkkəb və dolaşıq vəziyyətdir. Bunun fonunda Putinlə Ərdoğanın Soçi görüşündə hansı konkret pozitiv nəticələr ola bilər?

Şübhə yoxdur ki, hazırkı qlobal geosiyasi vəziyyətdə Rusiya ilə Türkiyə əməkdaşlığı yeni səviyyəyə qaldırmalıdırlar. Onlar Avrasiya coğrafiyasında böyük dövlətlərdirlər. Həm də onların Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarında ortaq maraqları az deyil. Hər ikisinə qarşı Qərbin mövqeyi səmimi deyil. Deməli, Moskva və Ankara anlaşmağa məhkumdurlar. Əsas məsələ onların nə dərəcədə ortaq mövqeyə gələ bilməsindədir. Burada üç ssenari ola bilər.

Birincisi, Türkiyə ilə Rusiya strateji müttəfiqlik səviyyəsinə keçə bilərlər. Bu, yuxarıda vurğuladığımız üç regionda geosiyasi dinamikaya yeni tarazlıq verə bilər. Əsrlərdir geniş geosiyasi ərazidə özünü göstərən bir çox ixtilafların kökü kəsilə bilər.

İkincisi, Avrasiyanın iki böyük dövləti əməkdaşlığı inkişaf etdirər, ancaq müttəfiqlik səviyyəsinə yüksəldə bilməz. Bu ssenaridə Yaxın Şərq və Qafqazda müəyyən fikir ayrılığı qala bilər ki, bu da münaqişələrin həllində ciddi əngələ çevrilər. O halda hər iki dövlət daha çox öz maraqları çərçivəsində hərəkət edəcək, strateji məsələlərdə isə aralarında ziddiyyət daha da kəskinləşə bilər.

Üçüncüsü, Moskva və Ankara keçmişin təsirlərindən və hazırda güddükləri maraqlardan yaxa qurtara bilməzlər, onların danışıqları söz səviyyəsində qalar. Bu halda Yaxın Şərq və Cənubi Qafqazda gərgin geosiyasi vəziyyət davam edə bilər, münaqişələrin həlli imkanları minimuma enər. Sonuncu ssenari hər iki ölkəyə xeyir verməz.

Əvvəlki iki ssenaridən biri daha real görünür. Hətta strateji müttəfiqlik belə yarana bilər. Bu ssenaridə Azərbaycan üçün də əlverişli geosiyasi dividendlər meydana gələ bilər. Gözləmək olar ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bütövlükdə regionun maraqlarını daha üstün tutacaqlar və Soçidə verilən bəyanatlardakı fikirlər reallaşacaq. Buna geosiyasi şərtlər tam imkan verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.