Dünya

Tiflisdə narkotiklərə görə ciblərini tikdilər

23 Mart 2017 20:49
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə Daxili İşlər Nazirliyinin binası qarşısında Gürcüstan polisinin qanunsuz hərəkətlərinə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları iddia edirlər ki, bəzi polislər vətəndaşların cibinə narkotik atırlar. Onların sözlərinə görə, buna görə artıq bir neçə nəfər həbs edilib.

"Bu gün biz etiraz əlaməti olaraq ciblərimizi tikəcəyik və hökumət qanunsuz əməllərinə son qoymayınca, belə gəzəcəyik. Cibə narkotik atmayın! Siyasiləşmiş polisə yox!" - bu sözlərdən sonra polis patrulunun keçmiş əməkdaşı, "Hüquq-mühafizə strukturlarında islahatlar mərkəzi" QHT-sinin rəhbəri Zviad Kuprava iynə və sap çıxararaq öz şalvarının ciblərini tikməyə başlayıb.

"BİR ÇOX AİLƏ BU DURUMDADIR"

Milli.Az azadliq.org-a istinadən bildirir ki, aksiyanın bir neçə başqa iştirakçısı da onun kimi edib. Onların biri - Lado Tatarishvili-nin oğlu Mikheil də polis özbaşınalığının qurbanı olub. Bir neçə gün öncə polis Mikheil-i saxlayaraq üzərində axtarış aparıb və bir neçə "Subuteks" həbi tapıb. L.Tatarishvili-nin sözlərinə görə, bu həbləri Mikheil-in cibinə polislərin özü qoyub: "Bu onunla bağlıdır ki, oğlum Mindia Gogochuri (prezident Giorgi Margvelashvili-nin qızının ögey bacısının əri) və Ani (Margvelashvili-nin doğma qızı) ilə dostluq edir. Bunu başqa bir şeylə əlaqələndirə bilmirəm. Oğlumu qanunsuz saxlayıblar. Bu gün qorxaraq bura gəlməyən bir çox ailə də bu durumdadır".

M.Tatarishvili və M.Gogochuri hələ polisin onları saxlamasından əvvəl telefona çəkdikləri videoda polisin onları narkotiklə şərləmək niyyətində olduğunu iddia ediblər. Bu kadrlarda onlar heç bir narkotikin olmadığını göstərmək üçün ciblərini içini nümayiş etdirirlər.

Gürcüstan polisi

"İSTİNTAQ BUGÜNƏ QƏDƏR DAVAM EDİR"

M.Gogochuri onların hazırlanan təxribatdan necə xəbər tutmasından danışmır. Onun sözlərinə görə, bu, polisin ötən il baş vermiş insidentə cavabıdır.

"Məni, Tornike Kacharava və Mikheil Tatarishvili-ni polislər saxladı. Güc tətbiq edərək bizi maşından çıxardılar. Avtomobildə, sonra da mənim evimdə axtarış apardılar, təbii ki, heç nə yox idi. Bundan sonra biz öz qərarımızla prokurorluğa gəldik. Burada bizdən ifadə aldılar və biz polislərə qarşı ifadə verdik. Ancaq bu "sözdə istintaq" bugünə qədər davam edir, ortada da heç bir nəticə yoxdur. Hətta prezident bizim təqib olunmağımız haqda bəyanat verib. Görünür, bundan sonra onlar qəzəblənib bizi tutmaq və cibimizə narkotik atmaqdan ötrü əllərindən gələni ediblər", - deyə M.Gogochuri ötənilki hadisələri xatırlayır.

Aksiya iştirakçıları bildirirlər ki, son zamanlar belə hallar çoxalıb. Son bir neçə həftə ərzində Ukraynanın milli polisinin keçmiş rəhbəri Khatia Dekanoidze-nin oğlu və "Xronika plyus" qəzetinin baş redaktoru, hakimiyyəti tənqid edən Eliso Kiladze-nin oğlu narkotik əldə etmə və saxlama ittihamları ilə həbs olunublar. Onların yaxınları həbslərin qeyri-qanuni olduğunu deyirlər.

Daxili işlər naziri Giorgi Mghebrishvili

FƏRQLİ DÜŞÜNƏNLƏRİN REPRESSİYASI

"Repressiya maşını fərqli düşünən insanlara qarşı işləməyə başlayıb. Görünür, uşaqlarımız ciblərini tikib gəzməlidirlər ki, polislər onları narkotiklə şərləyə bilməsin. Oğluma gəlincə, polis deyir ki, onun gödəkcəsinin cibində narkotik olub. Həmin gödəkcə itirilib. Oğlumu Qldan həbsxanasına köçürəndən sonra polislər vacib dəlil olan o gödəkcəni oğurlayıblar. Mən o gödəkcəni xaricdə ekspertizaya verməyi planlaşdırırdım. Biz bu repressiya maşınını dayandırmaqdan ötrü əlimizdən gələni edəcəyik", - E.Kiladze deyib.

Aksiyadan iki gün öncə isə daxili işlər naziri Giorgi Mghebrishvili bu ittihamları "cəfəngiyat" adlandırıb: "Heç kim heç kimin cibinə heç nə atmır. Bütün bu bəyanatlar məsuliyyətdən qaçmaq cəhdləridir", - o deyib.

Aksiya iştirakçıları isə Mghebrishvili-nin sözlərini "yalan" adlandırır, aksiyaların daimi hal alacağını deyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.