Dünya

Tbilisidə Novruz bayramı Heydər Əliyev parkında qeyd olunub - FOTO

21 Mart 2017 23:26
Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə martın 21-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbir iştirakçıları, eləcə də parka toplaşan qonaqlar bayram konsertinə tamaşa edib, müxtəlif bayram sovqatlarının, şəkərbura və paxlavanın dadına baxıblar.

Şuranın sədri İsaq Novruzov tədbiri açaraq şəhər sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib, bu bayramın bolluq, ruzi-bərəkət, bərabərlik bayramı olduğunu diqqətə çatdırıb.

Tbilisi şəhərinin meri David Narmaniya, paytaxt bələdiyyəsinin sədri Georgi Alibeqaşvili, Gürcüstan parlamentində "Gürcü arzusu-demokratik Gürcüstan" fraksiyasının rəhbəri Mamuka Mdinazaradze söz alaraq azərbaycanlıları və bütün şəhər əhalisini təbrik ediblər. Bildirilib ki, Azərbaycan və gürcü xalqları arasındakı dostluq, qardaşlıq bütün sahələrdə əlaqələrimizin inkişafına xidmət edir.

Sonra aşıqlar, pəhləvanlar, mədəniyyət kollektivləri, eləcə də Tbilisidə səfərdə olan Xırdalan şəhər onbirillik musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov AZƏRTAC-a müsahibəsində deyib: "Novruz bayramını Gürcüstanın paytaxtı Tbilisidə qeyd etməkdə məqsədimiz xalqımızın adət-ənənələrini nümayiş etdirməklə yanaşı, şəhər ictimaiyyətini və qonaqları Novruzun mahiyyəti barədə məlumatlandırmaqdır. Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti, Novruz bayramının əsl mahiyyəti barədə hamının xəbərdar olması çox vacibdir".

Bayram şənliyinə gəlmiş uşaqlara və qonaqlara Novruz hədiyyələri təqdim olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.