Dünya

İsrail Suriyanın S-200 raketini Azərbaycana satdığı raketlə vurdu - FOTO

17 Mart 2017 15:43
1 Şərh     Baxış: 1 681

Xəbər verildiyi kimi ötən gecə İsrail aviasiyası Suriyanın hava məkanına daxil olub və "Hizbullah"a silah təchizatına qarşı növbəti əməliyyat keçirib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, əməliyyatda İsrail Hərbi Hava Qüvvələrinin 4 qırıcısı (F-16) iştirak edib. İsrail Müdafiə Ordusunun yaydığı məlumata görə təyyarələr Suriyanın hava-hücumundan müdafiə sistemlər tərəfindən raket atəşinə tutulub. Lakin təyyarələr zərər çəkmədən öz bazalarına geri dönüb. Üstəlik İsrailin raket hücumundan müdafiə sistemi  F-16 təyyarələrinə doğru buraxılan S-200 raketlərindən birini vurub. Raketin qalıqlarının fotoları da artıq yayılıb.

"The Jerusalem Post" yazır ki, İsrail raket hücumundan müdafiə sistemi "Arrow-3" tərəfindən F-16 təyyarəsinə doğru buraxılmış S-200 raketinin vurulması ilk belə hadisədir və hava hücumundan müdafiədə növbəti inqilabi mərhələni başladır. Çünki ilk dəfədir ki, bu sistemlər Hərbi Hava Qüvvələrinin təyyarələrini zenit raketindən müdafiə edib onu neytrallaşdırır.

"Arrow-3" sistemlərinin ilkin təyinatı "yer-yer" tipli ballistik raketlərin vurulması idi, indi belə görünür ki, bu sistem yaxın radiuslu zenit-raket sistemlərinə, yəni "yer-hava" raketlərinə qarşı də uğurla istifadə edilə bilər. "Ötən gün dünya İsrailin bu raket hücumundan müdafiə sisteminin həm Suriya, həm Rusiya raketlərinin olduğu Suriya kimi mürəkkəb döyüş teatrında necə fəaliyyət göstərdiyinin şahidi oldu", - qəzet yazır.

Bəs bu hadisənin Azərbaycan üçün niyə ayrıca önəmi var? Virtualaz.org xatırladır ki, Azərbaycan hələ 2012-ci ildə İsraildən "Arrow" raketdən müdafiə sistemini və bu sistemin tərkib hissəsi olan "Green Pine" radar kompleksini alıb.

O zaman hərbi qaynaqlar xəbər vermişdi ki, bu silahlar iki il davam edən gərgin danışıqlardan sonra alınıb və Azərbaycan ərazisini "Yer-Yer" tipli istənilən raketlərin hücumlarından qorumağa yüz faiz qadirdir. Bu silah sövdələşməsi regionda narahatlıq böyük narahatlıq yaratmışdı və hətta İranın Bakıya nota verməsinə səbəb olmuşdu. Azərbaycan müdafiə naziri İrana səfər edərək Tehranı inandırmağa çalışmışdı ki, həmin silahlar bu ölkəyə qarşı istifadə edilməyəcək. Bununla belə, silah sistemlərinin strateji təyinatı bir sıra ekspertlərdə onların həm də İranın mümkün hücumlarına qarşı yönələcəyinə dair fikirlərə səbəb olub. İsraildən göndərilmiş hərbi mütəxəssislərin böyük qrupu azərbaycanlı hərbçilərə bu silah sistemindən istifadə təlimi keçib.

"Arrow" raketdən müdafiə sistemi dünyada "yer-yer" tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Sistemin tərkibinə daxil olan radar kompleksi "Yer-Yer" tipli raketləri hələ çox uzaqda ikən, onların start nöqtəsindən qeydə alır və eyni vaxtda izləməklə yanaşı  "Arrow" raketlərini hədəfə buraxır. Raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir. "Green Pine" radarı ballistik raketləri keçdiyi bütün yolboyu izləyir. Radar həmçinin eyni vaxtda çox sayda raketi izləyərək onların uçuş trayektoriyası barədə idarəetmə mərkəzinə xəbərdarlıq göndərmək qabiliyyətinə və məlumatları "Arrow" sisteminə ötürmək imkanına malikdir. Ballistik raketlər ölkəyə doğru yönələrsə radar avtomatik olaraq hər bir raketin təhlükəlilik dərəcəsinin çoxfunksiyalı qiymətləndirməsini aparır və özü hansı ardıcıllıqla raketləri vuracağını hesablayır. Hazırda İsraili müxtəlif növ raketlərdən etibarlı şəkildə bu sistem qoruyur.

Hərbi qaynaqlardan bildirildiyinə görə, "Arrow" sistemi Ermənistanın malik olduğu istənilən tip "Yer-Yer" raketlərini neytrallaşdırmaq qabiliyyətindədir. Qeyd olunmalıdır ki, Rusiyanın özündə belə bu cür etibarlı raketdən müdafiə sistemləri mövcud deyil. Bu baxımdan Azərbaycanın İsraildən həmin strateji silah sistemlərini alması regionda qüvvələr balansını tamamilə dəyişdi.

Bu Azərbaycan Ordusunun arsenalına daxil olan ən mükəmməl müdafiə texnikasıdır. Və ötən gün Suriya səmasında baş verənlər "Arrow" raketdən müdafiə sisteminin Rusiyanın təchiz etdiyi zenit raketini neytrallaşdırması bu sistemin döyüş qabiliyyətini bir daha nümayiş etdirir. Deməli bu sistem Rusiyanın Ermənistana verdiyi "İsgəndər" taktiki raketini də neytrallaşdıra bilər və İrəvanda həmin raketlərlə lovğalanmaqla özlərini yormasalar yaxşıdır.

2 milyard dollara başa gələn "Arrow" layihəsi 1998-ci ildə ABŞ-ın maliyyə yardımı ilə İsrail tərəfindən başladılıb və 2010-cu ildə hazırlanmış sistem bütün sınaqları keçərək İsrail ordusuna daxil edilib. Azərbaycan İsraildən sonra bu raketdən müdafiə sisteminə malik olan ikinci ölkədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.