Dünya

İsveçli qadın rəsmilərin də İranda başlarını bağlaması...

16 Fevral 2017 21:11
4 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonda yerləşən beynəlxalq "İnsan Təhlükəsizliyi Mərkəzi"nin icraçı direktoru Julie Lenarz İsveçin qadın deputatlarının İranda mövcud qaydalara əməl edərək başlarını bağlamasına reaksiya verib.

Onun "International Business Times"da dərc edilmiş yazısında deyilir:

"Ötən həftəsonu İsveçin baş naziri Stefan Löfven parlament üzvlərindən ibarət nümayəndə heyəti ilə birlikdə İranda rəsmi səfərdə olub. Nümayəndə heyətinin 15 üzvündən 11-i qadın olub. Bu, qadın hüquqlarının sərt şəkildə məhdudlaşdırıldığı ölkədə qadının cəmiyyətdə oynaya biləcəyi müsbət rolu nümayiş etdirmək üçün gözəl imkan ola bilərdi.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, ancaq sıxışdırılan bacıları ilə həmrəylik nümayiş etdirmək əvəzinə (feministlərdənsə məhz bunu gözləyirdilər) özünü İsveçin "dünyada ilk feminist hökuməti"nin üzvləri adlandıranlar onillərlə İran qadınlarının əzilmə rəmzinə çevrilmiş məcburi hicab qaydasına əməl edib".

"Tiranı devirin!" deyənlərin duyğusu...

Ayətullah Khomeini hakimiyyətə gələndən sonra minlərlə İran qadını küçələrə axışaraq istədiklərini geymək kimi təməl hüquqlarının əllərindən alınmasına etirazını bildirib və "Tiranı devirin!" şüarını səsləndiriblər.

Ardınca cəsarətli İran qadınları öz ləyaqətlərini geri qaytarmaq naminə, onları itaətə məcbur edən faşist elitaya dirəniş göstərərək, həyatlarını riskə atıblar.

İndi, İsveçin hər bir hüquqa sahib, azad və uğurlu qadın deputatları zalımların tələbinə əməl etməyi seçəndə, bu qadınların hansı hissləri keçirdiyini təsəvvür etmək çətin deyil.

"Avropanın qadın siyasətçiləri riyakardırlar"

Cavabı iranlı fəal Masiah Alinejad-ın İran qadınlarını hicabsız şəkillərini çəkməyə dəvət edən kampaniyasında da axtara bilərsiniz.

"Avropanın qadın siyasətçiləri riyakardırlar. Onlar Fransanın müsəlman qadınlarını dəstəkləyir, burkini qadağasını qınayırlar. Çünki məcburiyyətin pis şey olduğuna inanırlar. Ancaq bunlar İranda baş verəndə, onları ancaq pul düşündürür", - Alinejad deyir.

"İranlı fəal haqlıdır. İsveçin qadın deputatlarının İran prezidenti Hassan Rouhani-nin qarşısından keçməsini görmək xoş mənzərə deyil. Bu, feminizmin ruhuna xəyanətin təcəssümüdür. Bu, Stokholmun "gender bərabərliyi yanaşmasının, həm milli, həm də beynəlxalq səviyyədə geniş siyasətə gətirmək" vədini ələ salmaqdır.

Sayğı bəhanəsinin arxasında gizlənənlər

İranda dini polis küçələrdə qadınları düzgün hicab taxmadıqlarına görə təhqir edir. Qadınlar ataları və ərlərinin icazəsi olmadan ölkəni tərk edə bilmirlər. Onların idman stadionlarına daxil olması qadağandır. Haqqında zorlama və ya zina şikayəti daxil olan qadını ya həbs, ya da ölüm gözləyir. Bu siyahı çox uzundur.

Ancaq İsveçin qadın deputatları onların çəkdiyi bu zilləti vurğulamaq əvəzinə, İslam Respublikası ilə bir neçə müqaviləni imzalayıb gülümsəyirlər. Özləri də, sadəcə, ölkənin qaydalarına sayğı bəhanəsinin arxasında gizlənirlər.

Onlar bununla, əslində, əsarət mədəniyyətinə tabe olurlar. Sanki qara adamlar qadına ayrıseçkilik edəndə, standartlar aşağı salınmalıdır və sanki dərisinin rəngi fərqli insanlara, ümumiyyətlə, başqa meyarlarla yanaşılmalıdır. Sanki nə qədər olmasa, bu, onların mədəniyyətidir və onu sorğulamasaq yaxşıdır. Bir də... bu, biznesə ziyandır.

Dolaşıq düşüncə tərzi?

İranda və başqa yerlərdə qadınların ürəyi istədiyini geymək kimi təməl hüququnun əllərindən alınmasının görməzdən gəlindiyi, Qərb feministlərinin hicabı ictimaiyyətə qadın gücünün rəmzi kimi satmağa çalışdığı mühitə yol açan da məhz bu dolaşıq düşüncə tərzidir.

Əlbəttə, hicab taxmaq milyonlarla müsəlman qadının öz könüllü seçimidir və bu seçimə hörmətlə yanaşılmalıdır. Ancaq qadını totalitar teokratik qrup və rejimlər dini geyimdə gəzməyə məcbur edirsə, onda necə? O halda hicab qadınlara "öz yerini" göstərmək, onların ikinci dərəcəli vətəndaş olduqlarını nümayiş etdirmək, onları cəmiyyətdən təcrid etmək, ləyaqətsizləşdirmək üçün istifadə olunan əsarət vasitəsidir".

Özünü feminist adlandıranlar...

Özünü feminist və sosial ədalət uğrunda mübariz adlandıran insanlar zalımların tərəfini saxladığı, qadınlara qarşı cinayətlərin kökünü kəsməkdən boyun qaçırdığı an mürtəceləşir. Onlar müsəlman aləminin ən önəmli insanlarına - cəmiyyətlərini daha inklüziv, daha bərabər və hər şeydən öncə, daha humanist etmək adına həyatlarını riskə atan siyasi fəallara, jurnalistlərə, insan hüquqları mübarizlərinə xəyanət etmiş olurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.