Dünya

Aİ-nin gələcəyi: Darendorf Forumunun fərqli ssenariləri

7 Dekabr 2016 16:15
3 Şərh     Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair referendumdan sonra mütəxəssislər "köhnə qitə"nin siyasi, geosiyasi və hərbi-iqtisadi taleyi ilə bağlı analizlərini intensivləşdiriblər. Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, hazırda Avropanın özündə ekspertlər geniş fikir mübadiləsi aparır, təşkilatın mümkün transformasiya formalarını müzakirə edirlər. Onların sırasında ciddi analizləri və proqnozları ilə tanınan Darendorf Forumunun builki məruzəsi böyük maraq doğurur. Mütəxəssislər hesab edirlər ki, bu Forum öz analitik işlərinə daim ciddi və yüksək hazırlıqlı ekspertləri dəvət edir. Buna görə də onların hazırladıqları məruzələr populist deyil, elmi əsası olan analizdir. Son olaraq Darendorf Forumu Aİ-nin 2025-ci ilə qədər müddətdə uğraya biləcəyi transformasiyalar barədə geniş proqnostik məruzə hazırlayıb. Sənədin bir çox məqamları geosiyasi aspektdə maraq doğurduğundan onlar üzərində dayanmağa ehtiyac görürük.

Avropanın problemləri: mənbəyi və həlli yolları

Avropa İttifaqının qarşılaşdığı böhran mütəxəssisləri bu təşkilatın gələcəyi ilə bağlı tədqiqatları gücləndirməyə sövq edib. Son zamanlar müxtəlif ssenarilərdən bəhs edilir, Aİ-nin böyük geosiyasi güclərlə münasibətlərinin təhlili aparılır. Bu ilin may ayının 25-27-də Berlində Darendorf Forumunda həmin istiqamətdə maraqlı müzakirələr keçirilib. Dünyanın müxtəlif ölkələrindən 400-dən çox ekspert, siyasətçi, jurnalist, iş adamları, ictimai hərəkat liderləri tədbirdə iştirak ediblər. Onun ümumi mövzusu "Avropa və dünya: təhlükəsizliyə olan qlobal təhdidlər və qüvvələr balansında dəyişmələr" olub. Tədbirdə Darendorf Forumunun hazırladığı məruzə maraqla qarşılanıb (bax: European Union in the World 2025: Scenarios for EU relations with its neighbours and strategic partners. Edited by Monika Sus & Franziska Pfeifer / "Dahrendorf-forum.eu").

Əvvəlcə onu qeyd edək ki, Darendorf Forumunun əsası 2010-cu ildə Hertie İdarəetmə Məktəbi, London İqtisadiyyat Məktəbi və Merkator Fondu tərəfindən qoyulub. O, məşhur alman sosioloqu Ralf Darendorfun (1929-2009) şərəfinə yaradılıb. Bir qayda olaraq, burada Avropa və dünya siyasətinin aktual problemləri müzakirə edilir. Başlanğıcda qurucular yüksək səviyyəli simpoziumlar seriyası təşkil ediblər. İndi isə bu təşəbbüs Avropanın gələcəyinin tənqidi dərkini stimullaşdıran alimlərin və siyasətçilərin birliyinə çevrilib.

Maraqlıdır ki, Forumun təşkilatçıları həmişə ciddi tədqiqatçıları analitik proqnozlar hazırlamağa cəlb edirlər. Bu səbəbdən Darendorf Forumunun hesabatlarına böyük önəm verilir, onlar obyektiv təhlil kimi qəbul edilir. Bu il hazırlanan və 2025-ci ilə qədər olan müddəti əhatə edən analitik-proqnostik hesabat da istisnalıq təşkil etməyib.

Son hesabatın hazırlanmasında 60-dan çox ekspert iştirak edib. Onlar Aİ-nin 2025-ci ilədək 18 mümkün dəyişmə ssenarilərini proqnozlaşdırıblar. Maraqlıdır ki, 10 variantda Avropanın siyasi birliyinin çat verəcəyinin gözlənildiyi vurğulanır. 6 ssenaridə pozitiv dəyişikliyə - siyasi birliyin yüksələcəyinə yer verilir, 2-də isə indiki vəziyyətin saxlanacağı nəzərdə tutulur (bax: əvvəlki mənbəyə). Kəmiyyət baxımından bədbin ssenarilər üstünlük təşkil edir. Aİ-də inteqrasiyanın dərinləşməsi istisna edilmir, lakin o, bir çox əlavə şərtlərə bağlanır. Bütövlükdə vəziyyətin dəyişməyəcəyini proqnozlaşdıranlar isə azlıq təşkil edirlər.

Buradan bir mühüm qənaət əldə etmək olar: Avropa İttifaqının siyasi taleyi barədə mütəxəssislərin yekdil fikri yoxdur. Bunun əsas səbəbi Avropada maliyyə, siyasi, ideoloji və iqtisadi böhranın davam etməsidir. Deyilənlərə son dövrlərdə təhlükəsizlik faktoru da əlavə olunub. Sonuncunu aktuallaşdıran isə terror və miqrasiya amillərinin getdikcə güclənməsidir. Təsadüfi deyil ki, Aİ rəsmiləri böhrandan xilas olmaq üçün irəli sürdükləri təkliflərdə müdafiə məsələlərinə və hərbi inteqrasiyanın genişlənməsinə xüsusi önəm verirlər (məsələn, Federika Moqerininin Aİ-nin transformasiyası ilə bağlı konsepsiyası haqqında apardığımız analizdə həmin məqama geniş yer verilib).

Vurğulanan kontekstdə "Brexit"in Avropa siyasi şüurunda və ictimai rəyində yaratdığı dəyişiklikləri mütəxəssislər ciddi surətdə nəzərə alırlar. Düşündürücüdür ki, onlar bunun mümkün nəticələrini nəzəridən çox, praktiki müstəvidə qiymətləndirirlər. Bu isə elmi olaraq o deməkdir ki, "Brexit" avropalıların şüurunda kök salmış sosial, psixoloji və siyasi-ideoloji faktorlarla sıx bağlıdır. Onda həmin hadisəni Avropa siyasətinin praktiki problemlərindən biri kimi qəbul etmək olar. Bu tezisi qəbul etsək, onda "Brexit"i Avropa siyasi birliyində ilk çat hesab etmək olar. Görünür, Darendorf Forumunun ekspertləri məhz bu özəlliyi diqqətə alaraq Aİ-də siyasi çatların dərinləşə biləcəyini proqnozlaşdırıblar. Problemin başqa aspekti Avropa İttifaqının daxilində gedən sosial-psixoloji, siyasi və ideoloji faktorlara bağlıdır. Belə ki, analitiklər üzv-dövlətlər arasında fikir ayrılığının dərinləşməsini önə çəkirlər.

Daxildən və xaricdən baxış: ideoloji "iflic" və böyük güclərlə əlaqə

Bir sıra hallarda ekspertlər "Aİ-nin iflici" kimi daha sərt ifadə işlədir, bunun milliyyətçiliyin güclənməsindən qaynaqlandığı vurğulanır. Eyni zamanda, iqtisadi tənəzzül, hüquqi radikallığın artması, populizmin yüksəlişi, milli elitaların daxili problemlərin həllinə konsentrasiya olması, miqrasiya və terrora qarşı səmərəli mübarizə konsepsiyasının olmaması, insan haqları sahəsində geriləmələrin mümkünlüyü ayrıca qeyd edilir (bax: əvvəlki mənbəyə, s.20-21).

Digər vacib amil kimi Avropa elitasının "ictimai rəyi idarəetmə" imkanlarını məhdudlaşdıran informasiya texnologiyalarının inkişafı göstərilir (bax: əvvəlki mənbəyə, s.7).

Burada əhəmiyyətlisi odur ki, ekspertlər Avropa ölkələrinin əhalisi arasında Qərb dəyərlərinin möhkəm kök saldığına şübhələrin olmasını arqument kimi göstərirlər (bax: məs., Николай Кавешников. Небезопасная Европа в нестабильном мире / "Российский совет по международным делам", 19 iyul 2016). Məsələnin çətinliyi ondan ibarətdir ki, müasir informasiya texnologiyaları konkret bir ideyanı milyonların əxz etməsində ciddi çətinliklər yaradır. Avropa dəyərlərini kütləvi olaraq əhaliyə yeritmək bu baxımdan problemlidir. Əgər insanlar fərqli düşünürlərsə, onları vahid mövqeyə gətirməyin sosial-psixoloji risklərini də unutmaq olmaz. Tarixdə bunun nümunəsi kimi ekspertlər SSRİ-nin "ictimai rəyi idarəetmə" sahəsindəki acı təcrübəsini göstərirlər. Deməli, ekspert rəyinə görə, Aİ ciddi ideoloji böhran mərhələsindədir. Bunun isə böyük fəsadlarının ola biləcəyi şübhə doğurmur.

Deyilənlərdən mütəxəssislər belə nəticə çıxarırlar ki, Aİ-nin geniş mənada iki seçim yolu var: birincisi, idarəetməni daha da mərkəzləşdirmək, ikincisi, təşkilatın deqradasiya riskini azaltmaq, çünki bu təhlükə realdır. Bu vəziyyətlərdən xilas yolu isə ya Aİ-də təhlükəsizliyi möhkəmlətməklə inteqrasiyanı dərinləşdirmək, ya da ən azından onun indiki səviyyədə birliyini saxlamaqdır. Mütəxəssislər bunlardan hansısa birinin şansının yüksək olduğu fikrində deyillər. Əksinə, Aİ-ni beynəlxalq geosiyasi kontekstdə nəzərdən keçirdikdə, daha çox mümkün təhlükələrdən bəhs edirlər.

Həmin çərçivədə Aİ-ABŞ (bax: European Union in the World 2025: Scenarios for EU relations with its neighbours and strategic partners. Edited by Monika Sus & Franziska Pfeifer / "Dahrendorf-forum.eu", s. 5-15), Aİ-Çin (bax: əvvəlki mənbə, s.16-23), Aİ-Rusiya (bax: əvvəlki mənbə, s.24-36) və Aİ-Türkiyə (bax: əvvəlki mənbə, s.37-44) münasibətlərinin təhlili olduqca maraqlıdır. Ekspertlər bu böyük güclərin hər biri ilə Aİ-nin fərqli münasibətlər qurmalı olduğu tezisini irəli sürürlər. Məsələn, ənənəvi olaraq əsas strateji tərəfdaş kimi təqdim olunan ABŞ ilə əməkdaşlığa ciddi yer ayrılır. Eyni zamanda, Vaşinqtonun Avropanı "təcrid siyasəti"ndən narahatlıq da ifadə olunur (bax: əvvəlki mənbə, s.9-12). Amerikanın Çinə üz tutması nəticəsində transatlantik məkanda geosiyasi qüvvələr nisbətinin dəyişəcəyindən ehtiyat edilir.

Buna baxmayaraq, qlobal dünya gücü kimi qəbul edilən Çinlə əməkdaşlığa xüsusi önəm verilir (bax: əvvəlki mənbə, s.16-23).

Maraqlıdır ki, Rusiyanı ekspertlər yalnız regional lider keyfiyyətində qəbul edir və onu Ukrayna faktoru ilə sıx əlaqədə nəzərdən keçirirlər (bax: əvvəlki mənbə, s.24-36).

Nəhayət, Qərb ekspertləri Aİ-Türkiyə münasibətlərinə xüsusi diqqət yetiriblər. Onlar Türkiyəni özünü təsdiqləmiş "regional hegemon" (bax: əvvəlki mənbə, s.37) kimi qiymətləndirir və Ankara ilə əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edirlər (bax: əvvəlki mənbə, s.37-44).

Beləliklə, Darendorf Forumu üçün hazırlanmış hesabat göstərir ki, indiki mərhələdə ekspertlər Aİ-nin gələcəyi ilə bağlı fərqli ssenarilərdən bəhs edirlər. Onlar həm təşkilat daxilində, həm də xarici siyasət sahəsində mövcud olan ziddiyyətləri təhlil edərək Avropa İttifaqının müxtəlif formalarda transformasiyasının mümkünlüyünü proqnozlaşdırırlar. Belə çıxır ki, Aİ vacib dəyişikliklər ərəfəsindədir, lakin bunun konkret ifadəsi ilə bağlı mütəxəssislər arasında vahid mövqe yoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.