Dünya

II İlya: "Azərbaycan multikultural, etnosları və dinləri əhatə edən ölkədir"

1 Dekabr 2016 11:22
Baxış: 608

Azərbaycan və Gürcüstan multikultural, çoxmillətli, etnosları və dinləri əhatə edən ölkələrdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bütün Gürcüstanın katolikos-patriarxı II İlya Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

O, Azərbaycanla Gürcüstan arasında dərin tarixi əlaqələrin olduğunu diqqətə çatdırıb: "Biz sizi qədim kilsələrdən biri olan Gürcüstan kilsəsinin adından salamlayırıq. Biz Azərbaycan prezidenti İlham Əliyevə xeyirxah dəstəyinə görə təşəkkür edirik. Həmçinin bütün Qafqazın şeyxi Allahşükür Paşazadəyə bizə göstərdiyi hörmətə və sevgiyə görə minnətdarlığımızı bildiririk. Gürcüstan və Azərbaycan multikultural, çoxmillətli, etnosları və dinləri əhatə edən ölkələrdir".

Katolikos-patriarx əlavə edib ki, bu gün dünyanın müxtəlif yerlərində dini və etnik münaqişələr gedir: "Dünyada baş verən iğtişaşları nəzərə alaraq, hər kəsi sülh və qarşılıqlı anlaşma ab-havasında səylərimizi davam etdirməyə səsləyirik".

Qeyd edək ki, bu gün Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən tədbirdə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Sonra Azərbaycanda multikulturalizmə həsr olunmuş videoçarx nümayiş olunub.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.