Dünya

Kral Abdulla tarixdə necə qalacaq?

24 Yanvar 2015 20:20
0 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kral Abdulla bin Əbdüləziz taxt-taca sahib olmuş beşinci qardaş idi.

Yer kürəsindəki ən mühafizəkar cəmiyyətlərdən birinin mütləq hakimi Səudiyyə kralı Abdulla ölkəsinin Qərblə münasibətlərinin saxlanması ilə ölkə daxilindəkiləri razı salmaq balansını qoruyan bir monarx kimi tanınırdı.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, ənənəvi İslam baxışları mühitində böyüyüb-başa çatsa da, kral bir növ islahatçı və Yaxın Şərqdə sülhün carçısı kimi ad çıxarmışdı.
 

Abdulla bin Əbdül Əziz əs-Səudun 1924-cü ildə Riyadda doğullduğu təxmin edilir, hərçənd onun doğum tarixinə dair ziddiyyətli rəqəmlər mövcuddur.

O 1932-ci ildə müasir Səudiyyə Ərəbistanının əsasını qoymuş və ölkəyə öz adını vermiş kral Əbdül Əziz əs-Səudun azı 45 oğlundan 13-cüsüdür.
 

Qərblə qarşı-qarşıya
 

Onun anası bədəvi əsilli Fəhda atasının 22 arvadından 8-cisi idi və balaca Abdulla uşaqlığının çox hissəsini səhrada, ənənəvi ailə şəraitində keçirmişdi.

Ciddi intizama malik evdə gənc şahzadə atasının ənənəvi baxışları ruhunda tərbiyə olunmuş, din, ədəbiyyat və elm sahəsindəki təhsilini sarayın İslam üləmalarından almışdı.


 

Onun atabir qardaşı Feysəl onun başqa bir atabir qardaşı, 1953-cü ildə taxt-taca sahiblənmiş Səud hökumətə rəhbərliyi paylaşmağa sövq edildikdən sonra, 1958-ci ildə baş nazir olmuşdu.
 

Mərakeş kralı 6-cı Məhəmmədlə bağları gücləndirən kral Abdulla Ərəb birliyi ideyasını bayraq etmişdi.

Abdullanın hökumət karyerası o, 1961-ci ildə müqəddəs Məkkə şəhərinin meri təyin olunandan başlamışdı.

İki il sonra o, müdafiə nazirinin müavini və Səudiyyə Milli Qvardiyasının komandanı vəzifəsinə təyin edilib. O, bu vəzifəni 2010-cu ilədək icra edib. Bu hərbi birləşmənin əsas vəzifələrindən biri də Səud ailəsinin müdafiəsidir.
 

Abdullanın rəhbərliyi illərində qvardiya say etibarilə genişləndirilib və ən müasir və təkmil hərbi avadanlıq və silahlarla təchiz edilib.

Kral Feysəl 1975-ci ilin martında sui-qəsd nəticəsində öldürülüb və onun qardaşı kral Xalid Abdullanın Milli Qvardiyadakı postunu saxlamaqla, onu baş nazirin ikinci müavini vəzifəsinə təyin edib.
 

Kral Abdullanın xaricdəki populyarlığı o, 1970-ci illərdə ABŞ-ın Yaxın Şərqdəki siyasətini tənqid edəndən və ərəb birliyinə çağırandan sonra artıb.

Abdulla inanırdı ki, Ərəb neftini və pulunu yalnız Ərəb birliyi Qərbin qüdrətinə qarşı dayana biləcək qüvvəyə çevirə bilər.

1980-ci ildə Abdulla İordaniya və Suriya arasındakı mümkün müharibənin qarşısını almaq işində rəhbərlik edib və istər ölkə daxilində, istərsə də xaricdə bacarıqlı diplomat kimi tanınmağa başlayıb.
 

Körfəz müharibəsi
 

1982-ci ildə kral Xalid vəfat edəndə, yeni monarx- kral Fəhd Abdullanı vəliəhd və baş nazirin müavini elan edib.
 

Deyilənlərə görə, bu təyinata kral Fəhdin 7 doğma qardaşı etiraz edirmişlər, lakin Abdulla ailə şəbəkəsinin minalanmış dolanbaclarından salamat çıxa bilib.

1991-ci il Körfəz müharibəsindən sonra Abdulla ABŞ qoşunlarının Səudiyyədə mənzilləməsinə soyuq yanaşırdı.
 

O hesab edirdi ki, müharibə etməkdənsə, Səddam Hüseynlə danışıqlar aparıb razılığa gəlmək olar, lakin kral Fəhd onun bu mövqeyini qəbul etməmişdi.
 

Xəstəlik
 

Vəliəhd şahzadə olduğu vaxtlarda, Fələstin lideri Yasir Ərəfatla münasibətlərinin gərgin olmasına baxmayaraq, Abdulla fələstinlilərin ardıcıl dəstəkçisi idi.

O həmçinin Fələstin liderlərini Qəzza zolağında İsraillə toqquşmalardan çəkindirməyə çalışırdı.
 

Bütün bunlara baxmayaraq, Abdulla Səudiyyənin Qərb yönlü xarici siyasətini davam etdirirdi.

1995-ci ildə kral Fəhd iflic olanda səlahiyyətlərinin icrasını müvəqqəti olaraq Abdullaya tapşırmışdı. O, sonralar bu səlahiyyətləri geri götürsə də, Abdulla artıq de facto hakimi-mütləq sayılırdı.
 

Yeni kral ABŞ-la ənənəvi münasibətləri saxlayacağına təminat versə də, düşünürdü ki, gələcəkdə hər hansı müttəfiqlik barədə konkret addımlar atıla bilər.

1997-ci ildə bir Livan qəzetinə müsahibəsində o bildirmişdi ki, "ABŞ bizim dostumuz olaraq qalsa da, biz öz maraqlarımızı, onun maraqlarına qurban verə biulmərik".
 

11 sentyabr terror aktlarından sonra Abdulla ölkədəki təntənəli tədbirləri azaltsa da, Səudiyyənin xarici mediada yaradılan mənfi imici ilə əlaqədar etirazını bildirirdi.

İraqa ABŞ-ın rəhbərliyi altında müdaxilənin ərəfəsində isə kral Abdulla bəyan etmişdi ki, BMT-nin qətnaməsi olmadan Müttəfiqlərin Səudiyyədəki şahzadə Sultan hərbi bazasından istifadəsinə icazə verilməyəcək.
 

Asta islahatlar
 

2002-ci ildə Ərəb liqası Ərəb-İsrail münaqişəsinə son qoyulmasına dair kral Abdullanın təkliflərini qəbul etmişdi.

Bu sülh planına İsrail qoşunlarının 1967-ci ilin atəşkəs xəttinədək çəkilməsi və Fələstin dövlətinin yaradılması da nəzərdə tutulmuşdu, lakin ABŞ prezidenti George Bush bu təklifi qəbul etmədi.
 

Kral Abdulla deyirdi ki, onun planının təfərrüatlarını prezidentə düzgün şərh etməyiblər.

Saudiyyədə ilk silsilə yaraqlı hücumları baş verəndən sonra, 2003-cü ildə kral Abdulla təhlükəsizlik rejimini daha da sərtləşdirmişdi.

Buna baxmayaraq, o islahatların tədtricən həyata keçirilməsi siyasətini yürüdürdü.
 

Abdulla taxt-taca rəsmən 2005-ci ildə, kral Fəhd vəfat edəndə sahib olmuşdu.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.