Dünya

Rusiya "Cəhənnəm silahı"nı göstərdi - QƏRB ŞOKA DÜŞÜB - VİDEO - FOTO

26 Oktyabr 2016 11:58
20 Şərh     Baxış: 19 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyadakı Makeyev adına Dövlət Raket Mərkəzi RS-28 "Sarmat" adlı perspektiv ballistik raketinin ilk fotosunu yayıb.

Mərkəzin baş konstruktoru V.Deqtyarın imzaladığı bəyanata görə, "Sarmat" strateji təyinatlı raket kompleksinin yaradılması ilə bağlı Müdafiə Nazirliyi ilə anlaşma 2011-ci ildə imzalanıb.

İkipilləli, ağır, maye yanacaqlı, 5-ci nəsil strateji ballistik raket olan "Sarmat" Rusiyanın Raket Qoşunlarında "Voevoda"nı əvəzləməlidir. Sələfindən fərqli olaraq RS-28 raket əleyhinə müdafiəni yarmaq üçün daha güclü kompleksə, suborbital trayektoriyaya və səs sürətindən də 6 dəfə böyük sürət əldə edən döyüş başlıqlarına malikdir.

6 M, yəni səs sürətindən 6 dəfə böyük sürətlə manevr edən döyüş başlıqlarını potensial rəqibin Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) Qüvvələri zərərsizləşdirə bilməyəcəklər.

ABŞ-ın Janes Weekly jurnalı yazır ki, Rusiya bu raketlərdən istifadə edərək tarixdə ilk dəfə lokal savaşlar və ya hərbi əməliyyatlar çərçivəsində "ifrat dəqiq" zərbələr endirə biləcək.

Kosmosdan gələcək döyüş başlığının sadəcə, kinetik enerjisi komanda məntəqəsini, qərargahı və ya müdafiə sənayesi müəssisəsini məhv etməyə yetər.

Klassik, yəni adi variantda RS-28 strateji ballistik raketi hər biri 750 kiloton gücündə 10-15 döyüş başlığı daşıya bilər. 16 min kilometr uçuş məsafəsinə malik "Sarmat"ın çəkisi 120 tondur.

Müqayisə üçün deyək ki, hazırda Rusiyanın malik olduğu 4-cü nəsil strateji ballistik raket "Voevoda"nın uçuş məsafəsi 12 min kilometr, çəkisi 211 ton, daşıdığı döyüş başlıqlarının sayı 10, hər döyüş başlığının gücü isə 750 tondur.

"Voevoda" raketi NATO təsnifatında "Satana" adlanır.

Avqustda ilk sınaqları uğurla keçirilmiş "Sarmat"ın uçuş sınaqlarının 2017-ci ilin əvvəllərində keçirilməsi nəzərdə tutulub.

Rusiya müdafiə nazirinin müavini Yuri Borisovun dediyinə görə, "Sarmat"ın gücü ona iki qütbü keçərək hədəfi gözlənilməz istiqamətdən vurmağa imkan verir. RS-28 "Sarmat"ın buraxılış şaxtası qanadlı raketləri ələ keçirmək üçün aktiv müdafiə kompleksinə malikdir. Düşmən "Sarmat"ı nüvə başlıqlı raketlərlə vurmaq fikrinə düşərsə, "Sarmat"ı dempfer konteynerləri qoruyacaq".

"Sarmat"ı hazırlanmasını şərtləndirən əsas məqamlardan biri hazırda Rusiyanın Raket Qoşunlarında olan RS-24 "Yars" qitələrarası ballistik raketlərin ehtiyat hissələri təminatı baxımından Ukraynanın hərbi-sənaye kompleksindən, xüsusilə də Dnepropetrovsk şəhərindəki "Yujnoe" Konstruktor Bürosundan asılı olmasıdır.

Rusiya "Sarmat"ın istehsalına başlamaqla bu asılılıqdan tam qurtulmaq niyyətindədir.

"Sarmat" raketi şaxta buraxılış komplekslidir. Kompleks minaatan buraxılışı vasitəsilə raketi səmaya "atır", sonra barıt akkumulyatoru ballistik raketi 20-30 metr yüksəklikyə qaldırır, sonra raketin mühərrikləri avtomatik şəkildə işə düşür.

Yeni raket ikipilləlidir. Maye raket mühərrikləri hər iki tərəfdən yanacaq baklarının yanındadır. İlk pillədə R-36 M "Voevoda" raketinin modernləşdirilmiş RS-99 mühərrikindən istifadə olunur. Bunun sayəsində saniyədə 7 kilometr məsafəni qət edən raket 40 meqatonluq gücə malikdir. Yəni "Sarmat"dakı döyüş başlıqlarının ümumi nüvə partlayışı gücü Hirosima və ya Naqasakidəki partlayışlardan 2 min dəfə artıqdır.

Daha sadə desək, RS-28 "Sarmat"dakı döyüş başlıqları toplusu Fransa və ya ABŞ-ın Texas ştatı boyda ərazini məhv etmək gücündədir.

İkinci pillədəki mühərrik barədə heç bir açıqlama verilmir: bu məlumatlar hələ də "tam məxfi" qriflidir.

ABŞ Müdafiə Nazirliyinin bu gün yaydığı açıqlamada bildirilir ki, Rusiya ABŞ və Qərbi Avropadakı hədəfləri vurmaq üçün RS-28 "Sarmat" raketinin iki variantını hazırlayıb.

ABŞ-dakı hədəflər üçün nəzərdə tutulmuş "Sarmat"ın ilkin çəkisi 150-200 ton, uçuş məsafəsi 16 min kilometr, daşıya biləcəyi döyüş başlıqlarının ümumi çəkisi 10 tondur.

Qərbi Avropadakı hədəflər üçün nəzərdə tutulmuş "Sarmat"ın uçuş məsafəsi 9 min kilometr, start çəkisi - 100 və ya 120 ton, maksimal yükdaşıma imkanı 5 tondur.

"Sarmat" qitələrarası ballistik raket kompleksinin üstünlüyü onun daşıya biləcəyi döyüş başlıqlarının çəkisi deyil. ABŞ və NATO-nün HHM və ya RƏM qüvvələri belə döyüş başlıqlarını asanlıqla səmada məhv edə bilir. Əsas məsələ "Sarmat"ın daşıdığı döyüş başlıqlarının uçuş trayektoriyası və hədəfə çatdırılma üsuludur. Suborbital uçuş trayektoriyalı döyüş başlıqlarını məhv edə biləcək vasitəyə, yaxud texnologiyaya hazırda heç bir ölkə malik deyil.

Potensial rəqibin HHM və RƏM qüvvələrinin müdafiə sədlərini "orbital hücum" vasitəsilə yaran "Sarmat"ın mühərrikləri döyüş başlığını dairəvi orbitə çıxarmaq üçün yetəcək qüvvədən minimal çox sürətlə işləyir.

"Bunun sayəsində yeni raket ABŞ ərazisindəki hədəfləri ən qısa yolla yox, istənilən istimaqətdə, yəni Cənub və Şimal qütblərindən keçməklə, HHM və RƏM sədlərini aşmaqla vura bilər. Çünki bu sədlər Avrasiyadan buraxıla biləcək "adi", "ənənəvi", qitələrarası raketlərə hesablanıb. Ona görə də "Sarmat"dan qorunmaq üçün fraqmentar yox, dairəvi HHM sisteminə malik olmalıyıq", - Pentaqonun açıqlamasında deyilir.

Londondakı "Royal United Services Institute" isə bəyan edib ki, əgər RS-28 "Sarmat" Londona düşərsə, Britaniyanın böyük hissəsi ilə yanaşı, Fransanın şimalı, habelə Belçika və Hollandiya tam məhv ola bilər.

Amerikalı və britaniyalı ekspertlər "Sarmat"ı "Rusiyanın cəhənnəm silahı" adlandırırlar.

Bütün bunlardan savayı, "Sarmat"ın buraxılış şaxtalarını S-500 zenit-raket kompleksləri qoruyacaq. Yəni ABŞ və NATO bu şaxtaları vurmaq niyyətinə düşsələr, çox ciddi problemlərlə qarşılaşacaqlar.

Orxan Hun

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiya

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.