Dünya

Erməni general: "Apreldə "İsgəndər"ləri döyüşə hazırlamışdıq, Bakı bunu bilirdi…"

21 Oktyabr 2016 18:07
6 Şərh     Baxış: 6 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan növbəti dəfə "İsgəndər" raketlərindən "kozır" kimi istifadə edərək Azərbaycanın ünvanına hərbi təhdidlə çıxış edib.

Milli.Az virtualaz.org -a istinadən bildirir ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının qərargah rəisinin müavini, polkovnik Artavazd Yağmuryan bu gün jurnalistlərə bildirib ki, onlar "İsgəndər" operativ-taktiki raketlərini heç kimdən icazə almadan tətbiq edə bilərlər.

Polkovnik Yağmuryanın sözlərinə görə, "İsgəndər" raketləri ilk dəfə sentyabrın 21-də hərbi paradda nümayiş olunsa da, Ermənistan ordusunun silahlanmasına daha əvvəl daxil olmuşdu və aprel döyüşləri zamanı döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.

"İsgəndər"lərin tətbiq olunması ilə bağlı heç bir problemimiz yoxdur. Bu raketləri tətbiq etmək üçün Moskvadan icazə almaq məsələsinə gəldikdə isə xatırladıram ki, aprel döyüşləri zamanı bizim bölmələrimiz artıq döyüş hazırlığı vəziyyətinə gətirilmişdi və erməni rəhbərliyi qərar qəbul etsəydi istənilən an zərbə endirə bilərdik", - Yağmuryan deyib.

Erməni polkovnikin sözlərinə görə, hələ bu raketləri almazdan əvvəl onları idarə etmək üçün ekipajlar formalaşdırıldı və təlim keçmək üçün Rusiyaya göndərildi. "Onlar poliqonda sınaqlardan dərhal sonra kompleksləri qəbul etdilər", - Yağmuryan bildirib.

Erməni polkovnikin sözlərinə görə, aprel döyüşlərində "İsgəndər" komplekslərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsindən Bakı da xəbərdar idi.

Xatırladaq ki, "İsgəndər" raketlərinin Ermənistana hələ 2013-cü ilin yayında ötürüldüyü məlum idi və bu haqda xəbərlər yayılmışdı. Və Azərbaycan tərəfi də bu fakt barədə məlumatlı idi və müdafiə naziri Zakir Həsənovun bu günlərdə bəyan etdiyi kimi Ermənistana verilən "İsgəndər"lərin parametrləri Bakıya məlum idi. Bunlar böyük ehtimalla 280 kilometr mənzilli "İsgəndər-S" kompleksləridir. Lakin "İsgəndər" raketləri aprel döyüşlərində Azərbaycan ordusunun ermənilərin müdafiə xəttini iki istiqamətdə darmadağın etməsində düşmənin hesab etdiyi kimi çəkindirici rol oynaya bilmədi. Çünki Ermənistan da bunu yaxşı bilirdi ki, "İsgəndər"lərin işə düşməsi Naxçıvan istiqamətindən hansı əks-zərbələrin endirilməsi ilə nəticələnəcək...

Ümumiyyətlə, Ermənistan tərəfinin son günlər istifadə etdiyi taktika-"İsgəndər" raketləri haqda tez-tez danışması və Rusiyadan yeni "uzaqvuran, dəqiq silahlar alınacağı" haqda xəbərləri sızdırması bu ölkənin təmas xəttində gərginliyi yenidən artırmaq niyyətlərindən xəbər verir. Və Bakıda bunu hələlik təmkinlə izləyirlər...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.