Dünya

"Türkiyə ya Qərbdən imtina edib Rusiya ilə yaxınlaşmalı, ya da..."

28 İyul 2016 13:51
3 Şərh     Baxış: 1 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və Rusiya prezidentlərinin görüş vaxtı müəyyən edilib.

Görüşün vaxtı təyin edildikdən sonra Avropa, xüsusən Almaniya narahat olmağa başlayıb. Qərbin bəzi ekspertləri bildirir ki, artıq Türkiyə üzünü Qərbə yox, Şərqə çevirir. Bundan əlavə bəzi ekspertlər Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qoşula biləcəyini də iddia edirlər.

Milli.Az bildirir ki, baş verən proseslərlə bağlı politoloq Qabil Hüseynli ölkə.az-a danışıb:

"Qərb bəzi məsələləri həddindən artıq şişirdir. Qərb uzun illərdir ki, Türkiyəni Avropa İttifaqının qapısı önündə saxlayır. Bir sıra parametrlərinə görə Türkiyədən aşağı səviyyədə olan xristian dövlətlərini həm NATO, həm də Avropa İttifaqına qəbul edir, ancaq 20 ildən çoxdur ki, Avropa İttifaqına namizəd olan və bu yolda xeyli məsafə qət etmiş Türkiyəni İttifaqa qəbul etməkdə müxtəlif əngəllər yaradır. Bu əngəllərin çoxu süni əngəllərdir və Türkiyənin təhlükəsizliyi üçün təhlükə törədə biləcək tələblərdir. Türkiyə ilə Avropa İttifaqı arasında razılaşma oldu, razılaşmaya görə, Avropa İttifaqı Suriyalı qaçqınlara görə 3 milyard dollar pul verəcəyini vəd etmişdi. Demək olar ki, vəd edilən puldan cəmi 20 milyon avro ödənilib. Pulun yerdə qalan hissəsinin transferi ləngidilir, hətta verilməyəcəyi barədə işarələr vurulur. Göründüyü kimi Türkiyəyə verilmiş sözlər yerinə yetirilmir. Türkiyə isə Avropaya miqrant axınının qarşısını alıb. Bunun əvəzində isə Türkiyə Avropa İttifaqından adekvat münasibət görmür.

Türkiyə ilə Rusiyanın yaxınlaşmasından Qərb narahat olmamalıdır. Türkiyə iqtisadiyyatının böyük hissəsi Rusiya iqtisadiyyatı ilə qırılmaz surətdə bağlıdır. Qərb ölkələri Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdi, ancaq Türkiyə buna qoşulmadı. Rusiya-Türkiyə münasibətləri Türkiyə tərəfindən Rusiya hərbi təyyarəsini vurduqdan sonra pisləşdi.

Türkiyə və Rusiya prezidentlərinin görüşməsi və iki dövlət arasında münasibətlərin düzəlməsindən Qərb narahatdır. NATO üzvü olduğuna görə Türkiyə tərəfi müyyən öhdəlikləri yerinə yetirməlidir. Türkiyə isə bunu etmir, bu isə Qərbi narahat etməyə bilməz. Con Kerri Türkiyəni NATO-dan çıxarılması ilə bağlı hədələdi. Bir sözlə, bu problemlər Türkiyə üçün asan olan məsələ deyil.

Türkiyə ya Qərbdən imtina edib Rusiya və Şanxay Əməkdaşlıq Təşkilatına üz tutmalıdır, ya da bu ölkələrlə münasibətlərini minimuma endirib Qərbi inandırmalıdır ki, Qərblə bağladığı müqavilələrə sadiqdir.

Türkiyə hökumətinin işi çox çətindir. Diplomatik manevrlər o qədər də uğurlu deyil. Türkiyənin beynəlxalq vəziyyəti bu gün o qədər də ürəkaçan deyil. Bu nöqteyi-nəzərdən Türkiyə mütləq optimal bir variantı seçməlidir. Rusiya ilə yaxınlaşmanı müəyyən həddə qədər aparmalı, Avropa dövlətləri ilə polemikaya girişməməli, münasibətləri tamamilə korlayacaq dərəcəyə çatdırmamalıdır. Türkiyə İsraillə barışıb, ancaq İsraillə münasibətlər inkişaf etmir. Səbəb odur ki, Türkiyə ilə Qərb arasında münasibətlər soyuqdur. Türkiyə hazırda Rusiya və Çinlə yaxşı münasibət qura bilər, ancaq Şanxay beşliyinə üz tutmaq arzu edilən nəticələri verməyəcək. Rusiya ilə ikili münasibətləri çəkinmədən inkişaf etdirmək lazımdır. Buna Qərb dözəcək. Qərb Rusiya-Türkiyə münasibətlərindən yox, Türkiyənin Şanxay beşliyinə qoşulmasından ehtiyat edir.

Türkiyə yadından çıxarmamalıdır ki, 1946-cı ildə Stalin Türkiyəyə hücum etmək haqqında plan hazırlayarkən, Türkiyəni də işğal edib 16-cı sovet respublikası yaratmaq istəyərkən Türkiyənin köməyinə ABŞ və NATO dövlətləri çatdı. NATO və ABŞ Türkiyəni çox sürətlə 1947-ci ildə NATO-ya daxil etməklə Stalinin mənfur planını poza bildilər. Əhdə vəfalı olmaq lazımdır, Qərblə, NATO ilə münasibətləri qırmaq olmaz. Türkiyənin gələcəyi də, inkişafı da Qərblə bağlıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.